23 İyul 2022 01:11
1253
İQTİSADİYYAT
A- A+
"İstisu" kurortlar qrupunun işğaldan sonrakı bərpa perspektivləri

"İstisu" kurortlar qrupunun işğaldan sonrakı bərpa perspektivləri

 

İnsanların məişətində yeraltı suların mühüm rolu vardır. Yeraltı suların növləri içərisində mineral sular xüsusi əhəmiyyətə malikdir. Bu suların vasitəsilə müxtəlif xəstəliklər müalicə olunur.

Ona görə də mühüm mineral su yataqları olan yerlərdə kurortlar və müalicəxanalar yaradılır. Hazırda isti sulardan müalicə məqsədilə yanaşı, digər sahələrdə də geniş istifadə olunur.

"İstisu" kurortlar qrupu Kəlbəcər şəhərinin yaxınlığında yerləşir. Kəlbəcərin suyu əsasən duzlu-qlauber-qələvili tipə aiddir. "İstisu" kurort rayonu isə fiziki-coğrafi şəraitinə görə xeyli mürəkkəbdir. Ərazi hər tərəfdən Kiçik Qafqazın çox parçalanmış dağ sistemi ilə əhatə olunmuşdur.

Bulaqları çox olan ərazi Tərtər çayının yuxarı axınlarında - cənub-şərqdən Mıxtökən, qərbdən Göycə, şimaldan isə Murov dağları əhatəsində yerləşir. Kurort rayonunu əhatə edən dağ silsilələrinin ayrı-ayrı zirvələrinin yüksəklikləri (Dəlidağ, Gəlinqaya, Sarımsaqlı, Keti və s.) 3000 metrdən çoxdur. Bu səbəbdən rayon təmiz dağ havası ilə fərqlənir.

"İstisu" kurortunun bulaqları meşəsiz yüksək dağlıq ərazilərdə subalp və alp çəmənliklərinin əhatəsindədir. Ərazilər təbii yem bitkiləri və otlaqları ilə fərqlənir ki, bu da heyvandarlığın inkişafına şərait yaratmaqla  kurortların ət və süd məhsulları ilə təminatı deməkdir. 

"İstisu" kurortu İsveçrənin dağ-iqlim stansiyaları Davos və Sen-Qotardla müqayisədə  daha yüksəklikdə yerləşir. Burada yay Davos və Sen-Qotara nisbətən daha isti olur.  Maksimal və minimal temperatur cəhətcə də İstisu daha əlverişlidir. İsveçrənin kurortlarında şaxtalı havanın temperaturu 28-300C soyuq olduğu halda, İstisuda belə şaxtaya rast gəlinmir. Bunlar göstərilən kurortlara nisbətən İstisuyun daha əlverişli olduğunun göstəricisidir. Təəssüf ki, erməni vandallarının törətdikləri vəhşiliklər "İstisu" sanatoriyasından da yan keçməmişdir. Bütün binalar uçulub dağıdılmış, xarabazarlığa çevrilmişdir. Bir zamanlar dünyanın hər yerindən gələn qonaqlara evsahibliyi etmiş müalicə ocağının indi xarabalıqlar içərisində  yalnız qalıqları qalıb.

 Tərtər çayının yuxarı axınlarında belə gözəl bulaqların olması çayın hövzəsinin mürəkkəb geoloji quruluşa malik olması və geoloji inkişafın tarixi ilə əlaqədardır. Qədim geoloji dövrlərdə - yüz milyon illər əvvəl bu ərazilər, o cümlədən indiki Kiçik Qafqaz ərazisi su altında olmuşdur. Burada Yer kürəsinin geniş ərazilərini əhatə edən, nəhəng Tetis okeanı yerləşmişdir. Okeanın əraziləri Qafqaz dağlarından qərbə doğru Alp, Karpat, Appenin və Piriney yarımadası boyu uzanaraq qərbdə Amerikanın mərkəzi hissəsinə, şərqdə isə Orta Asiyadan keçərək Çin və Yaponiyaya qədər uzanmışdır. Hazırda nəinki düzənliklərdə və dağətəklərində, həm də 3000-4000 metr və daha yüksəkliklərdə dəniz canlılarının qalıqlarına rast gəlinir. Kəlbəcər rayonunda da Dəlidağın zirvəsində fauna tapılmışdır.

Geoloji eralar keçdikcə sahillərin və okeanın dibinin cizgiləri dəyişmiş, okeanın dibində müxtəlif çöküntülər yaranmış, sualtı vulkan püskürmələri nəticəsində Yer qabığı müxtəlif istiqamətlərdə təzyiqə məruz qalmışdır ki, bu da vaxtaşırı pozulmaların (qırılmalar, tökülmələr, yerdəyişmələr) bu və ya digər sahələrdə əmələ gəlməsinə şərait yaratmışdır. Bütün bu geoloji proseslər indiki Kəlbəcər rayonunun ərazisini də əhatə etmişdir.

Tərtər çayının ayrı-ayrı hissələrinin torpaq örtüyü relyefdən asılıdır. Alçaq yamaclarda onların qalınlığı 5-10 metr və daha hündürdür. Məsələn, "İstisu" kurortunun yaxınlığında dərənin sağ yamacında və çayın terraslarında dördüncü dövr yaylasında torpaqlar çox məhsuldardır. Qısa desək, səthdən çatlar vasitəsilə süzülən atmosfer suları dərinliklərə hərəkət edir, aşağıdan  isə karbon qazı qalxır və onlar müəyyən dərinlikdə rastlaşırlar. Qazla su qarışaraq yüksək həlletmə qabiliyyətinə malik olur. Bu proses böyük ərazilərdə getdiyi üçün bütün Kəlbəcər rayonu və onu əhatə edən ərazilərdə uzun illər ərzində mineral sulardan ibarət hövzə əmələ gəlir.

Bizim misalımızda bu hövzə Tərtər çayının başlanğıcından təqribən Çaykənd kəndinə qədər və bir az da aşağıya doğru uzanır. Təbii ki, belə hövzədə mineral sular yüksək təzyiq altında olur və buna görə də yerin səthinə çıxır. Yerin səthinə çıxdıqda isə yüksək temperaturu saxlayır. Lakin səthə yaxınlaşdıqca travertilərdən və ya son dövr allüvial və deluvial çöküntülərdən keçərək soyuyur. Ona görə də hətta bir-birindən çox da uzaq olmayan sular temperaturca bir-birindən fərqlənir. Əsas suayıran kanaldan olan məsafəsindən asılı olaraq onlar isti, ilıq və soyuq ola bilirlər.

Yuxarı İstisuda düz xətt üzrə yayılan bulaqlar mövcuddur ki, bu da çatlarla əlaqədardır. Mineral sular ayrılan çoxlu karbon qazı ilə müşayiət olunur. Onların miqdarı 1,5 qram/litrə çatır. İstisu sularının ümumi minerallığı (yəni suda həll edilmiş duzlar) 6-7 qram/litrə yaxın olur.

Aşağı İstisu mineral suları, "İstisu" kurort mərkəzindən 12 km cənubda yerləşir. Bu ərazi Tərtər çayının sağ və sol sahillərində, dərin dərənin dibindədir. Aşağı İstisu mineral bulaqları əsasən çayın sol sahillərində çox qalın travertin olan yerdə yayılmışlar. Mineral bulaqların çıxışı tektonik çatlarla əlaqədardır. Əsas olan 21 saylı bulaq Tərtər çayının sol sahilində çayın özündən 4 metr yüksəkdə yerləşir. İşğaldan əvvəl bu hovuzda yay aylarında Azərbaycanın müxtəlif rayonlarından gələn adamlar vannalar qəbul edirdilər.

22 saylı bulaq əvvəlkindən bir az yuxarıda yerləşir. O, əvvəlki bulağa oxşardır. Onun temperaturu əvvəlkindən 20C aşağı olub 390C-dir. 1952-ci ilin qışında 4 saylı quyu 3 metr yüksəkliyə fontan vurub. Onun temperaturu 550C olub. Bununla da Aşağı İstisuyun istifadəsi çox perspektivlidir. Kəlbəcər yaylası, buradakı dağ iqlimi istirahət və müalicə üçün əlverişlidir.

Ümummilli Lider Heydər Əliyev keçmiş SSRİ vaxtı Azərbaycanın rəhbəri olduğu illərdə Kəlbəcərin coğrafi əhəmiyyətini yaxşı bilirdi. Ermənistan tərəfindən Kəlbəcərə göz dikildiyindən və rayonu Ermənistana birləşdirmək istəmələrindən də xəbəri var idi. Ona görə də Ulu Öndər ötən əsrin 70-80-ci illərində Kəlbəcərdə bir sıra sosial-iqtisadi layihələr gerçəkləşdirərək bu bədnam planın qarşısını aldı.

Lakin düşmən öz məkrli planını 1993-cü ilin aprelin 2-3-də həyata keçirməyə müvəffəq oldu və Kəlbəcər rayonunu işğal etdi. 1997-ci ildən etibarən ermənilər xarici investorların maliyyə yardımı ilə Kəlbəcərin termal sularını "Cermuk" suyu adı ilə xarici ölkələrə yüksək qiymətə satıb milyonlarla valyuta qazandılar. Bu yerdə xatırladaq ki, çox böyük potensiala malik İstisu mineral bulaqlarından hər il 3 milyard 963 min litr su çıxır. Vaxtilə sudoldurma məntəqələrində ildə bunun cəmi 22 min litrindən istifadə edilirdi. Yerdə qalan 3 milyard 941 milyon litrdən artıq su isə çaylara axıb gedirdi. Yeri gəlmişkən, İstisuyun Tərtər çayı ilə axan hissəsi çayboyu rayonların əkin sahələrini şorlaşdırır və gələcəkdə bunun qarşısını almaq üçün tədbirlər görülməlidir. Məsələn, axıdılan istisudan ayrılan duzlardan xammal mənbəyi kimi xalq təsərrüfatının müxtəlif sahələrində istifadə etmək olar.

 

Telman XƏLİLOV,

Bakı Dövlət Universitetinin professoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!