13 İyun 2026 08:47
214
SİYASƏT
A- A+
33 il öncə təməli qoyulmuş Zəfər və inkişaf

33 il öncə təməli qoyulmuş Zəfər və inkişaf


1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanın müasir tarixində xalqımızın sınağa çəkildiyi zaman kimi yaddaşlara həkk oldu. Söhbət, sadəcə, hakimiyyət dəyişikliyindən getmir, dövlətin taleyi, xalqın gələcəyi və müstəqilliyin qorunub saxlanılması məsələsindən, həmçinin  gələcək nəsillərin  taleyini müəyyənləşdirən bir tarixi hadisədən gedir. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan  məhz belə taleyüklü bir yol keçdi. 

Bir tərəfdən xarici təcavüz, digər tərəfdən daxili çəkişmələr, siyasi böhran, iqtisadi tənəzzül və dövlətçilik ənənələrinin sarsılması ölkəni uçurumun kənarına qədər gətirib çıxarmışdı. Lakin xalqımız ən çətin məqamlarda iradəsini nümayiş etdirərək dövlətini qorumaqla, milli maraqları hər şeydən üstün tutmaqla gələcəyə aparan yolda doğru seçimi etdi. Bu gün geriyə baxanda aydın görürük ki, 1993-cü ildə başlanan Milli Qurtuluş yolu təkcə ölkədə sabitliyin bərpası ilə nəticələnmədi, bu yol Azərbaycanın siyasi və iqtisadi dirçəlişinə, beynəlxalq nüfuzunun artmasına, güclü ordunun formalaşmasına, milli dövlətçilik ənənələrinin möhkəmlənməsinə, nəhayət, tarixi ədalətin bərpasına aparan böyük bir inkişaf strategiyasının başlanğıcı oldu. 30 ilə yaxın bir dövrü əhatə edən bu yolun zirvəsində isə 2020-ci ilin möhtəşəm Zəfəri, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağda və Şərqi Zəngəzurda həyatın yenidən canlanması dayanır.

Əslində, Qurtuluşdan Zəfərə gedən yol dedikdə söhbət yalnız müəyyən tarixi hadisələrin ardıcıllığından getmir, bu, dövlətçilik ideyasının, siyasi uzaqgörənliyin, xalq-lider birliyinin, milli həmrəyliyin və məqsədyönlü inkişaf strategiyasının təntənəsidir. Bu yolun başlanğıcında dövlətin xilası dayanırdısa, sonunda qalib Azərbaycanın dünyaya nümayiş etdirdiyi güc, qətiyyət və milli qürur dayanır. Məhz buna görə də Milli Qurtuluşdan başlanan və Böyük qayıdışla davam edən bu tarixi mərhələ müasir Azərbaycan tarixinin şərəfli və möhtəşəm səhifələrindən biridir.

Bu, inkarolunmaz faktdır ki, 1993-cü ilin iyununda Azərbaycan dövlətçiliyi real məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə siyasi böhran dərinləşmiş, iqtisadiyyat iflic vəziyyətinə düşmüşdü. Cəbhədə ardıcıl məğlubiyyətlər yaşanır, ayrı-ayrı adamlara tabe olan müxtəlif silahlı qruplar dövlətin nəzarətindən çıxıb, hakimiyyət uğrunda mübarizənin əsas vasitəsinə çevrilmişdi. Vətəndaş müharibəsi təhlükəsi artıq uzaq ehtimal deyil, göz önündə görünən reallıq idi.

Belə bir məqamda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə dağılmaqda olan dövlətçiliyi xilas etdi. Əslində, 15 İyun Azərbaycan dövlətinin ikinci dəfə qurulmasının başlanğıcı idi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ilk növbədə ölkədə sabitliyin təmin olunması istiqamətində qətiyyətli addımlar atıldı. Qeyri-qanuni silahlı dəstələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət idarəçiliyi sistemləşdirildi, hüquqi dövlət quruculuğu prosesi başlandı, Azərbaycan parçalanmaq təhlükəsindən xilas edildi.

Lakin Ulu Öndərin qarşısında duran vəzifə yalnız sabitliyi bərpa etmək deyildi, eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyasını da müəyyənləşdirməli idi. Məhz bu baxımdan 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" müasir Azərbaycan tarixinin dönüş nöqtələrindən birinə çevrildi. Müstəqilliyinin ilk günlərindən siyasi və iqtisadi təcrid vəziyyətində olan Azərbaycan dünyanın enerji xəritəsində mühüm yer tutmağa başladı. Xarici sərmayələrin ölkəyə cəlb olunması, neft strategiyasının uğurla həyata keçirilməsi və yeni iqtisadi münasibətlərin qurulması dövlət büdcəsinin güclənməsinə, iqtisadi inkişafın təmin edilməsinə və gələcək uğurların əsasının qoyulmasına imkan yaratdı. Ulu Öndər bilirdi ki, iqtisadi cəhətdən güclü olmayan dövlət müstəqil siyasət yürüdə bilməz. Buna görə də iqtisadi inkişaf, siyasi sabitlik və ordu quruculuğu vahid strategiyanın tərkib hissəsi kimi həyata keçirilirdi. Məhz həmin dövrdə nizami ordu quruculuğuna başlanıldı. Azərbaycan Silahlı Qüvvələrinin vahid komandanlıq altında formalaşdırılması gələcək qələbənin əsas təməllərindən biri oldu. Atəşkəs dövründə dövlət gücləndi, iqtisadi potensial artdı, beynəlxalq mövqelər möhkəmləndi və Azərbaycanın gələcək tarixi missiyasına hazırlıq başladı.

Azərbaycanın inkişaf strategiyası yalnız enerji resurslarının səmərəli idarə olunması ilə məhdudlaşmadı. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi və iqtisadi kurs Prezident İlham Əliyevin rəhbərliyi altında yeni mərhələyə qədəm qoydu və ölkə hərtərəfli modernləşmə yoluna çıxdı. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi qüdrəti dəfələrlə artdı, dövlət büdcəsi genişləndi, valyuta ehtiyatları formalaşdı, ölkənin sosial rifah göstəriciləri əhəmiyyətli dərəcədə yüksəldi. Bu dövrdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkəmizin bütün bölgələrinin inkişafında mühüm rol oynadı. Uzun illər diqqətdən kənarda qalmış rayon və kəndlərdə yeni yollar salındı, körpülər, məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları və digər sosial obyektlər tikildi. Respublikanın ucqar yaşayış məntəqələrinə qədər qaz çəkildi, enerji sahəsindəki məhdudiyyətlər aradan qaldırıldı, bütün ölkəboyu  internet infrastrukturu yaradıldı.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri sahibkarlığın inkişafı oldu. Sahibkarlara güzəştli kreditlərin verilməsi, vergi və gömrük sahəsində aparılan islahatlar, biznes mühitinin yaxşılaşdırılması özəl sektorun inkişafını sürətləndirdi. Qanunvericilik bazasının təkmilləşdirilməsi investisiyaların cəlb olunması və qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaratdı. Ölkənin sənaye potensialının gücləndirilməsi məqsədilə müxtəlif bölgələrdə sənaye zonaları və sənaye məhəllələri yaradıldı. Sumqayıt Kimya Sənaye Parkı qısa müddətdə Cənubi Qafqazın böyük sənaye mərkəzlərindən birinə çevrildi. Mingəçevirdə, Balaxanıda, Pirallahıdakı sənaye parkları, eləcə də Neftçala, Hacıqabul, Sabirabad, Masallı və digər rayonlarda yaradılan sənaye məhəllələri minlərlə yeni iş yerinin açılmasına və yerli istehsalın genişlənməsinə şərait yaratdı. Nəticədə ölkədə yüz minlərlə yeni iş yeri açıldı, işsizlik və yoxsulluq səviyyəsi minimum həddə endirildi.

Aqrar sektorun inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu. Fermerlərə subsidiyalar verildi, mineral gübrələrin, toxumların və kənd təsərrüfatı texnikalarının güzəştli şərtlərlə əldə olunması təmin edildi. "Aqrolizinq" sistemi vasitəsilə müasir texnikalar kənd təsərrüfatı istehsalçılarının istifadəsinə verildi. Bu tədbirlər ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, kənd yerlərində məşğulluğun artmasına və ixrac imkanlarının genişlənməsinə yeni imkanlar yaratdı.

İqtisadi inkişafın nəticələri birbaşa insanların sosial rifahında öz əksini tapdı. Əməkhaqları, pensiyalar, müavinətlər və sosial ödənişlər dəfələrlə artdı. Azərbaycan sosialyönümlü dövlət modelini uğurla formalaşdıraraq vətəndaş rifahını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdi. Xüsusən şəhid ailələrinin, müharibə veteranlarının, əlilliyi olan şəxslərin və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Minlərlə ailə yeni mənzil və fərdi evlərlə təmin olundu, Qarabağ müharibəsi əlillərinə avtomobil təqdim edildi.

Azərbaycanın sosial siyasətinin mühüm istiqamətlərindən biri də vətəndaşların keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi səhiyyə sahəsində yeni mərhələnin əsasını qoydu. Bu sistem sayəsində milyonlarla vətəndaş dövlət hesabına geniş tibbi xidmət paketindən yararlanmaq imkanı əldə etdi, tibbi xidmətlərin əlçatanlığı və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəldi. Təhsil sahəsində həyata keçirilən islahatlar ölkədə insan kapitalının inkişafına mühüm töhfə verdi. 

Dövlət idarəçiliyində şəffaflığın artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən biri ASAN və DOST xidmətləri modelinin yaradılması oldu. Dünyada analoqu az olan bu sistemlər qısa müddətdə Azərbaycan brendlərinə çevrildi və bir çox ölkə tərəfindən öyrənilən uğurlu idarəetmə nümunəsi kimi beynəlxalq səviyyədə yüksək qiymətləndirildilər.

Bu illər ərzində Azərbaycan beynəlxalq humanitar, siyasi və idman tədbirlərinin keçirildiyi nüfuzlu mərkəzlərdən birinə çevrildi. Bakı şəhəri I Avropa, IV İslam Həmrəyliyi oyunlarına, "Formula-1" Azərbaycan "Qran-pri"sinə, çoxsaylı beynəlxalq forumlara və mötəbər tədbirlərə evsahibliyi etdi. Bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunun artmasına və Azərbaycanın müasir, inkişaf edən dövlət kimi tanınmasına mühüm töhfə verdi.

Eyni zamanda enerji və nəqliyyat diplomatiyası Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrindən sonra TANAP və TAP layihələri uğurla reallaşdırıldı və "Cənub qaz dəhlizi" Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu strateji səviyyəyə yüksəltdi. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizləri isə Azərbaycanı Avrasiyanın əsas logistika qovşaqlarından birinə çevirdi.

Bütün bu uğurların əsasında güclü iqtisadiyyat, sosial sabitlik, milli birlik və uzaqgörən dövlət siyasəti dayanırdı. Məhz həmin iqtisadi güc, siyasi sabitlik və xalq-iqtidar birliyi sonradan Azərbaycan Ordusunun daha da güclənməsi, ölkənin müdafiə sisteminin qüdrətlənməsi, Azərbaycan Ordusunun sürətlə modernləşdirilirməsi ilə nəticələndi. Müasir silah sistemləri alındı, peşəkar kadr hazırlığı həyata keçirildi, hərbi sənaye kompleksi yaradıldı. Ordunun döyüş qabiliyyətinin artırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Nəhayət, 2020-ci ilin payızında Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsi təkcə hərbi əməliyyat deyil, 27 illik dövlət quruculuğunun, siyasi uzaqgörənliyin, iqtisadi inkişafın və ordu quruculuğunun nəticəsi idi.

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yazılan parlaq qələbə qazandı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və yüzlərlə yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan xalqının mənəvi paytaxtı olan Şuşanın azad edilməsi təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbə idi. Şuşa azad edilərkən milyonlarla azərbaycanlının qəlbində bir arzu gerçəkləşirdi. Bu həm də Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından birinin həyata keçməsi idi. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri sayəsində Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi. Bununla da Qarabağ problemi birdəfəlik tarixə qovuşdu.

Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən böyük yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilərdir. İşğal dövründə viran qoyulmuş şəhər və kəndlər yenidən qurulur, Ağalı kəndi Böyük qayıdışın simvoludur. Bu gün Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanları fəaliyyət göstərir. Şuşa, Ağdam, Kəlbəcər, Laçın və digər rayonlarda geniş quruculuq işləri aparılır. Yeni yollar, tunellər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və yaşayış məhəllələri tikilir. Bir zamanlar dağıdılmış yurd yerləri bu gün yenidən həyata qayıdır. Qarabağ və Şərqi Zəngəzur artıq təkcə qələbənin deyil, həm də dirçəlişin simvoludur.

Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Bu gün ölkəmiz regionun əsas siyasi və iqtisadi güc mərkəzlərindəndir. Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar Azərbaycanın təşəbbüsü və iradəsi ilə müəyyənləşir desək, mübaliğəyə yol vermiş olmarıq. Ermənistanda son illər həyata keçirilən seçkilər və formalaşan yeni siyasi reallıq da göstərir ki, bölgədə sülh gündəliyinin əsas müəllifi Azərbaycandır. Müharibədə məğlub olan Ermənistan artıq yeni reallıqları qəbul edir. Sülh danışıqları və sərhədlərin delimitasiyası istiqamətində əldə edilən nəticələr də məhz Azərbaycanın yaratdığı yeni geosiyasi vəziyyətin məhsuludur.

Bu gün Azərbaycan heç bir mərkəzdən idarə olunmayan, milli maraqlara söykənən müstəqil siyasət həyata keçirən qüdrətli dövlətdir. Dünyanın enerji xəritəsində, nəqliyyat marşrutlarında, beynəlxalq diplomatiyada və regional təhlükəsizlik sistemində söz sahibi olan Azərbaycan artıq tamamilə yeni mərhələyə qədəm qoyub.

Tarixə nəzər saldıqda görürük ki, 15 iyun 1993-cü ildən başlayan yol təsadüfi siyasi proses deyildi. Bu yol dövlətçiliyin xilasından başlamış, sabitlikdən keçmiş, inkişafla möhkəmlənmiş, güclü ordu ilə qüdrətlənmiş, nəhayət, 8 Noyabr Zəfəri ilə başa çatmışdır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda ucalan hər bina, doğma torpaqlarına qayıdan hər ailə, Şuşada dalğalanan hər bayraq və azad edilmiş torpaqlarda yanan hər işıq bir həqiqəti təsdiqləyir: Qurtuluşdan başlanan yol ünvana - Zəfərə çatıb. Zəfərlə tamamlanan yol isə Böyük qayıdış və daha qüdrətli Azərbaycanın gələcəyinə doğru davam edir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

Azərbaycan məktəblərində “Son zəng” sədaları  

10:59
13 İyun

Dünyanın ən təhlükəli 7 vulkanı  

10:52
13 İyun

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

10:38
13 İyun

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

10:36
13 İyun

Əməkdaşlığın möhkəmlənməsinə xidmət edən siyasi sənəd

10:20
13 İyun

Ulu Öndərin xilaskarlıq missiyası və müstəqil dövlət quruculuğu

10:18
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

10:02
13 İyun

Bilmək istəyirəm

09:17
13 İyun

2026-cı il Dünya Kuboku haqqında nəyi bilməliyik

09:15
13 İyun

Azərbaycan regionda iqtisadi inteqrasiyanın və təhlükəsizliyin əsas təminatçısıdır

09:10
13 İyun

Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü

09:05
13 İyun

Müttəfiqliyin Şuşa Zirvəsi

09:00
13 İyun

Kənd təsərrüfatının inkişafında yeni mərhələ

08:57
13 İyun

Ulu Öndərin arzuladığı Azərbaycan 

08:55
13 İyun

Dövlətçiliyimizin 15 İyundan başlayan yüksəliş yolu 

08:53
13 İyun

Müasir tariximizin qürur səhifəsi

08:50
13 İyun

33 il öncə təməli qoyulmuş Zəfər və inkişaf

08:47
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!