10 Mart 2022 00:22
613
Mədəniyyət
A- A+
İsrafçılıq günah və ailə büdcəsinə zərbədir

İsrafçılıq günah və ailə büdcəsinə zərbədir

 

Hər gün və elə bayramda da buna yol verməyək !

 

Milli-mənəvi dəyərlərimizin  aynasına çevrilən vasitələrdən biri də məhz qarşılamağa hazırlaşdığımız Novruz bayramıdır. Bu əvəzsiz bayramın atributları sırasında süfrəyə düzdüyümüz nemətlərin öz yeri var.

Bayramqabağı ailə başçılarının hər biri Novruza layiq bazarlıq etməyə çalışır. Qız-gəlinlər min arzu-kamla şəkərbura naxışlayırlar. Mətbəxi çoxdandır ailənin cavan xanımlarına “təhvil vermiş” ağbirçəklər  də işə qoşulur, qol çırmayıb aşı özləri dəmləyirlər. Uşaqlar isə hələ süfrə açılmadan bayramın ləziz təamlarını həzm-rabədən keşirməyə başlayırlar.

Lakin... Bu bayramda evimizdəki naz-nemətlərin nə qədər bol, sovqat boxçalarımızın çoxçeşidli, süfrələrimizin adi günlərdəkindən daha dolu olmasına çalışsaq da, mütləq israfçılığa  yol verməməyə  çalışmalıyıq. Təəssüf ki, bu, bir çox hallarda qaçılmaz olur.

Novruz  elə bir bayramdır ki, qohum-qonşu, dost-tanış bəzən  heç  əvvəlcədən demədən də sənin qapını aça bilər. Odur ki, bayram süfrəsinin tədarükündə, necə deyərlər, qəfil qonağın gəlişi də nəzərə alınır. Üstəlik, özümüz də əzizlərimizlə bayramlaşmağa əliboş getmirik, öz biş-düşümüzdən pay aparmaqdan məmnunluq duyuruq. Nəticədə, sadə dillə desək, bütün bunları yeyib qurtarmaq olmur. Xörəklər, bişintilər boyatlaşır, çərəzlər xonçalarda büzüşüb quruyur. Bir sıra hallarda köhnəlir, yemək üçün yararsız olur və atılır.

Yeri gəlmişkən, məişət tullantıları atılan qutu və yeşiklərə istifadə olunmamış  nə qədər çörək, xörək qalıqları atıldığını adi günlərdə də çox görürük.  Uşaqlıqda   süfrə  arxasında   şuluqluq  salanda, səliqəsizlik  edib  yeməyi ətrafa  dağıdanda  nənəmiz bizi qorxudardı ki, baxın a, bərəkət adamın gözünü tökər. Dağ vüqarlı babalarımızın  döşəmənin üstünə düşmiş çörək qırıntısını əyilib yerdən götürdüyünün, öpüb  gözünün üstünə  qoyduğunun da  az  şahidi olmamışıq.  İndi nə olub bizə? Bolluğa naşükürlük edirik. Axı  Azərbaycan xalqı şükürnemət xalqdır.

Əl boyda bir parça çörək neçə-neçə insanın zəhmətinin bəhrəsidir, əkinçinin, biçinçinin,  dəyirmançının, çörəkçinin, sürücünün, satıcının  alın  təri ilə  ərsəyə gəlir. Elə biz özümüz də onu zəhmətlə qazanıb  süfrəmizə gətiririk.

Hələ onu demirik ki, planetimizin ayrı-ayrı yerlərində indinin özündə də  aclıq çəkən insanlar, uşaqlar, qocalar var... Ataların sözüdür: “Bir loğma bir bələn aşırar.” Yəni   bircə tikə çörəyi yeməklə bir dağı aşmağa güc alarsan.  Odur ki, onun qədrini bilməliyik. İsrafçılığa yol  verməməliyik. İstər adi günlərdə, istərsə də  bayramlarda.

Koronavirus pandemiyasının  dünyanın hər tərəfində iqtisadiyyata, insanların maddi durumuna vurduğu zərbələr, yaratdığı çətinliklər fonunda bu məsələ xüsusi aktuallıq kəsb edir. Azərbaycan dövləti  belə bir şəraitdə  dünyada baş verən bahalaşmanın  ölkəmizə təsirinin minimum olması üçün geniş tədbirlər görür. Nazirlər Kabinetinin  keçən ay  imzalanan  “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz  tədbirlər haqqında” sərəncamı da məhz bu məqsədə xidmət edir. Biz də hamılıqla bu məsələdə dövlətimizə hərtərəfli dəstəkçi olaq. O cümlədən qismətimiz olan hər nemətə  hörmətlə yanaşaq,  israfçılığa yol verməyək!

...Əziz bayramımız Novruza sanılı günlər qalır. Yurdumuzun hər yerində onu layiqincə qarşılayıb qeyd etmək üçün hazırlıq görülür. Səxavətlə bol süfrələr açaq, torpağımızın yetişdirdiyi ən ləziz təamları gətirək ortaya. Amma o həddə  qədər ki, sonra artıq  qalan boyat aşı, kif atan qoğalı, xonçada qurumuş noğulu,iydəni sellofan torbalarda tullantı yeşiklərinə atmayaq.

“Atmaq” demişkən, qız-gəlinlər də ürəklərində niyyət  tutub göyərtdikləri səmənini bayramdan sonra haraya gəldi tullamasınlar. Bir sıra bölgələrimizdə  xanımların Novruzdan sonra çay  qırağına gəlib səməniləri axar suya atmaq kimi ənənəsi var. Axar su olmayan  ərazilərdə isə  onları ən azından  təmiz,  əl-ayaq  dəyməyən  bir  məkana qoymaq  mümkündür. Axı o, qədəm qoyan baharın  müjdəsi  olduğu və  buğdadan  cücərdiyi üçün müqəddəsdir... “Səməni, ay səməni, hər il göyərdərəm səni” arzularımız  qoy çin olsun!  

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!