Bəzi ölkələr “yay-qış vaxtı”nın tətbiqi ilə bağlı hələ də tam razılaşma əldə edə bilməyiblər
Gün işığından səmərəli istifadə məqsədilə saat əqrəblərinin irəli və geri çəkilməsi ideyasının ilk dəfə 1784-cü ildə amerikalı alim, siyasətçi Benjamin Franklin tərəfindən irəli sürüldüyü deyilsə də, bu, tam olaraq, öz təsdiqini tapmır.
Belə deyilir ki, Franklinin enerjiyə qənaət məqsədilə satirik formada dediyi bu fikir yalnız insanların yayda erkən ayağa qalxmasından ibarət idi. Bu ideyanın ilk təşəbbüskarı kimi London inşaatçısı Vilyam Villett (1857-1915) təqdim edilir. O, aprelin dörd bazar gününün hər birində saatları 20 dəqiqə irəli çəkməyi, sentyabrın dörd bazar günündə eyni formada geri çəkməyi təklif edirdi. eelm
“Yay vaxtı”nı ilk tətbiq edən ölkə
Bu təşəbbüsü dəstəkləyərək “yay vaxtı”nı tətbiq edən ilk ölkə Almaniya olub. Almaniyanın 30 aprel 1916-cı ildə “yay vaxtı”na keçməsindən sonra Villettin sxemi əsasında Böyük Britaniya və Amerika Birləşmiş Ştatları da eyni addımı atıb. Lakin mövsümi vaxt tətbiq edən bir çox ölkələr sonradan ondan imtina ediblər. Bu sistemi ilk tətbiq edən Almaniya 1918-ci ildə saatların əqrəblərinin dəyişdirilməsindən imtina etsə də, 1940-cı ildə yenidən qərarını dəyişdirib.
Hər il mart ayının sonuncu bazar günündə saat ərqəblərinin irəli çəkilərək “yay vaxtı”na, oktyabrın sonuncu bazar günündə isə geri çəkilərək “qış vaxtı”na keçid etmə ekvatora yaxın ölkələrdə, eləcə də şimal və cənub qütblərinə yaxın regionlarda aktual deyil. Çin, Yaponiya, Hindistan və ekvatora yaxın olan əksər ölkələr saatlarının əqrəblərini dəyişdirmə təcrübəsindən faydalanmırlar. İldə iki dəfə fərqli vaxt rejiminə keçid bir neçə saat qurşağında yerləşən, o cümlədən günün işıqlı hissəsinin minimal həddinin iş vaxtından az olduğu ölkələr üçün aktualdır. Vaxt dəyişikliyinin əleyhinə olan ölkələr il ərzində saat ərqəblərinin geriyə və irəliyə çəkilməsini dəstəkləməsələr və bunun heç bir faydasının olmadığını iddia etsələr də, bəzi ölkələrdə bu təcrübə indiyədək tətbiq edilir.
Avropa ölkələri yay-qış vaxtına keçidin ləğvini təxirə salıblar
Hazırda Avropa, Şimali və Cənubi Amerikanın təxminən 70 ölkəsi saat əqrəblərini dəyişir. Avropa İttifaqı dövlətləri 1996-cı ildən qış və yay vaxtına keçid üçün vahid qayda tətbiq edirlər. Lakin bunu tətbiq edən ölkələr arasında da “qış-yay” vaxtına keçidin zəruri olub-olmaması ilə bağlı fərqli fikirlər var. Bunun nəticəsidir ki, Avropa Parlamenti 2019-cu ildə saatların əqrəblərinin dəyişdirilməsinin 2021-ci idən dayandırılmasına səs versə də, bu, tətbiq edilmir.
Məsələ ilə bağlı yekdil razılaşma əldə edə bilməyən ölkələr bu dəyişikliyin tətbiqini hələlik təxirə salıblar. Lakin Avropa İttifaqı ölkələri, eləcə də Avropa üzvü olmayan bir çox ölkələr ildə iki dəfə saat əqrəblərinin yerini dəyişməkdə davam edirlər. Avropa İttifaqı dövlətləri ötən illərdə olduğu kimi, bu il də oktyabrın sonuncu bazar günündə, yəni 31-də saatın əqrəblərini geri çəkərək qış vaxtına keçiblər. Aİ-yə üzv dövlətlər tələb edirlər ki, “yay-qış” vaxtına keçidin tətbiqinin dayandırılması üçün ona əsas verən konkret araşdırmanın elmi nəticələri ortaya qoyulsun, dəyişikliklərin mənfi və müsbət tərəfləri sübuta yetirilsin.
“Yay-qış” vaxtının tətbiqi təcrübəsindən artıq bir necə ildir ki, qonşu Rusiya və Türkiyə də imtina edib. Hazırda hər iki ölkədə sabit saat qurşağına keçid tətbiq edilir, bu ölkələrdə “yay-qış” vaxtlarına keçilmir. Ancaq Türkiyədə sabit saat qurşağına keçidin tətbiqinin davam etdirilməsi də müəyyən qədər müzakirələrə səbəb olub. Belə ki, sabit saat qurşağına keçilərkən ölkənin olduğu meridiandakı qış saatı deyil, müvəqqəti tətbiq olunan yay saatı əsas götürülüb. Bu səbəbdən sutkanın işıqlı vaxtının müddətinin azaldığı iddia edilir. Rəsmilərsə Türkiyədə “yay-qış” vaxtları ilə bağlı dəyişiklliyin olmayacağını açıqlayıblar.
1997-ci ildən “yay-qış” vaxtlarına keçən Azərbaycan uzun illər aparılan müzakirələrdən sonra onun tətbiqini 2016-cı ildə dayandırıb. Ölkəmizdə “yay-qış” vaxtına keçidin ləğvinin zəruriliyi barədə qərar elmi cəhətdən əsaslandırılmaqla verilib.
Maraqlı nəticələr və ya iddialar
Mütəxəssislər hesab edirlər ki, regionda Günəşin saat 12:00-da kulminasiya nöqtəsində olması keçidin düzgünlüyü üçün əsas meyar kimi götürülməlidir. Enerjidən istifadəyə qənaət, keçidin ətraf mühitə, idarə, müəssisə və təşkilatlarda iş rejiminə, əmək məhsuldarlığına və insan sağlamlığına təsiri, təhsil sistemində və bir sıra digər sektorlarda ortaya çıxan problemlər və sair keçid vaxtı nəzərə alınmalıdır.
Belə halların öyrənilməsi ilə bağlı aparılan araşdırmalar zamanı maraqlı nəticələr ortaya çıxıb. ABŞ-da aparılmış sorğu nəticəsində müəyyən edilib ki, amerikalılar “yay vaxtı”nı daha çox bəyənirlər. Çünki “yay vaxtı”na keçdikdə axşamlar daha çox işıq olur və nəticədə onlar daha çox iş görə bilirlər. 1976-cı ildə Avstraliyada 2,7 milyon nəfər vətəndaş arasında aparılan sorğu iştirakçılarının 68 faizi “yay vaxt”ına üstünlük verdiyini açıqlayıb. Bəzi ekspertlər deyirlər ki, “yay vaxtı”nın daha çox sevilməsinin əsas səbəbi insanların uzun yay axşamlarından həzz almaları, enerjiyə qənaət kimi səbəblər, sadəcə, rasionallaşdırmadır.
Ancaq bəzi mənbələr “yay vaxtı”nın tətbiqinin enerjiyə qənaət etdiyini təsdiqləyirlər. 1975-ci ildə ABŞ-da aparılmış araşdırmalardan belə bir nəticəyə gəlindi ki, “yay vaxtı”na keçid bütün ölkənin elektrik enerjisindən istifadə göstəricisini kiçik, lakin əhəmiyyətli miqdarda, hər gün təxminən bir faiz azaldır. Buna səbəbsə işıqlandırma və məişət texnikasının işlədilməsi üçün daha az elektrik enerjisinin istifadə olunmasıdır. Bir evdə elektrik enerjisinin orta hesabla 25 faizi işıqlandırmaya, televizor və digər kiçik məişət texnikalarının işləməsinə sərf edilir ki, onlardan da daha çox axşam saatlarında istifadə edilir. Yeni Zelandiyada da enerji şirkətləri “yay vaxtı”nın tətbiqinə başlayanda enerji istifadəsinin 3,5 faiz azaldığını aşkar ediblər.
Türkiyə mütəxəssisləri isə öz ölkələrinin təcrübələrinə əsasən, sabit saat qurşağının tətbiqindən sonra elektrik enerjisi istehlakında cüzi artımın müşahidə olunduğunu deyiblər. Onlar sabit saat tətbiq edildikdən sonra enerji istehlakının israfı barədə iddiaları təkzib ediblər.
Rusiya mütəxəsisləri də “yay - qış” vaxtının tətbiqini lazımsız sayıblar. Onlar hələ bir necə il əvvəl verdikləri açıqlamada saat dəyişikliyi nəticəsində hər il Rusiyada 60-70 min insanın öldüyünü iddia ediblər. Mütəxəssislər 1980-1999-cu illər ərzində olan məlumatlara əsasən bildiriblər ki, saatların əqrəblərinin bir saat irəli çəkilməsindən sonra keçən ilk iki həftə ərzində təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı 12, bədbəxt hadisələrin sayı 29, miokard infarktından ölüm halları 75, intiharlar 66 faiz artıb.
2016-cı ildə aparılan başqa bir araşdırmada iddia edilib ki, “qış-yay” vaxtına keçid günündə yuxu azlığı üzündən ölümlə nəticələnən avtomobil qəzalarının sayı artır.
Həkimlər saatların ildə iki dəfə çəkilməsinin insan orqanizminə neqativ təsir göstərdiyini deyirlər. Lakin bu təsirin bir o qədər də böyük olmadığını söyləyirlər. Onlar hesab edirlər ki, insanlar saatların əqrəbanın çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat tez yatsalar, bu təsiri minimuma endirə bilərlər.
İlhamə İSABALAYEVA,
“Azərbaycan”