Bu tarixi abidə iki əsrdən çoxdur ki, milli-mənəvi dəyərləri özündə əks etdirməklə yanaşı, tarixi unikallığı ilə də göz oxşayır, əzəməti ilə əsrlərə meydan oxuyur. Söhbət şimal-qərb qapımız olan Balakəndə yerləşən, tikintisi 10 ilə tamamlanan Cümə məscidinin minarəsindən gedir. Şimal-qərb sərhədində yerləşən bu möhtəşəm tikili hətta qonşu dövlətlərin ərazisindən də aydın görünür. Qafqazın ən hündür minarəsi titulunu qoruyub saxlayan ölkə əhəmiyyətli bu tarixi abidə dövlət tərəfindən mühafizə olunur.
AZƏRTAC-ın bölgə müxbiri obyekti yaxından seyr etmək və ətraflı məlumat almaq üçün Balakən Cümə məscidində olub.
Məscidin həyətində 1867–1877-ci illərdə inşa edilən minarə Azərbaycan və türk-islam memarlığı sırasında özünəməxsusluğu ilə seçilir.
Səhərin erkən saatlarında minarəyə qalxıb ətrafı seyr edirik. Buradan Balakən şəhəri ovuc içi kimi görünür. Mərkəzdə ucalan 45 metrlik bu minarədən şimalda Rusiya, qərbdə Gürcüstan, cənub və şərqdə isə Azərbaycanın Qax və Zaqatala rayonlarının ərazilərini rahatlıqla izləmək mümkündür.
Rayon ərazisində Pəri qala, Nur məbədi, Katex gözətçi qüllələri kimi bir çox memarlıq abidələri var. Lakin Qafqazın bu ən uca minarəsi xüsusi əhəmiyyətə malikdir. Məscid və minarənin bölgədə 1863-cü il üsyanından sonra inşa olunması heç də təsadüfi deyil.
AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı Akif Məmmədli bildirib ki, abidə Çar Rusiyasının zorakı xristianlaşdırma siyasətinə qarşı baş qaldıran 1863-cü il üsyanından sonra tikilib: “O dövrdə rus canişinləri və hərbçiləri imperatora məruzə etdilər ki, bu əhalini güclə tabe etmək mümkün deyil. Xüsusilə onların dininə və ibadət məkanlarına toxunduqda çox amansız müqavimətlə qarşılaşırlar. Bu səbəbdən üsyandan sonra bölgənin dini azadlığı tanındı və məscidin inşasına icazə verildi. Tikintiyə 1867-ci ildə başlanılıb və 1877-ci ildə başa çatdırılıb. Minarənin üzərindəki dörd kitabədə də məhz bu tarixi dövr əks olunub”.
Tarixçi mənbələrə əsaslanaraq qeyd edir ki, məscidin binası çay daşından, minarəsi isə bişmiş kərpicdən inşa edilib. Tikintidə əhəng və yumurta sarısından istifadə olunması abidənin bu günədək sağlam qalmasına, zəlzələlərə və təbii fəlakətlərə tab gətirməsinə zəmin yaradıb.
“Bu, sadəcə minarə deyil. O, özündə qədim elmlərin - riyaziyyat, həndəsə və astronomiyanın incəliklərini ehtiva edən nadir memarlıq nümunəsidir. Yerli materiallardan - bişirilmiş torpaq, yumurta sarısı və digər təbii qatqılardan hazırlanan bu tikili iki əsrə yaxındır ki, təbiətin şıltaqlıqlarına sinə gərərək dimdik ayaqda durur”, – deyə A. Məmmədli vurğulayır.
Akif Məmmədli abidənin 2007-ci ildə bərpa edildiyini, hazırda Balakənə gələn yerli və xarici turistlərin ən çox baş çəkdiyi məkanlardan biri olduğunu diqqətə çatdırır. 45 metr hündürlükdəki eyvandan ətrafı seyr etməyin xüsusi zövq verdiyini bildirən müsahibimiz bu tarixi abidənin rəsmi turizm marşrutlarına salınmasının məqsədəuyğunluğunu qeyd edir.