Tarix göstərir ki, ədalət geciksə də, heç vaxt unudulmur. Müharibələrin, işğalların və qanlı terror aktlarının arxasında dayanan hərbi canilər zaman-zaman özlərini məğlubedilməz və cəzasız qalacaqlarını düşünüblər. Tarix müxtəlif mərhələlərdə sübut edib ki, insanlığa qarşı törədilən cinayətlər nə zamanın axarında itir, nə də xalqın yaddaşından silinir. Nürnberq məhkəmələrindən bu günə qədər qurulan beynəlxalq və milli məhkəmə prosesləri bir həqiqəti təsdiqləyir: hərbi cinayət törətmiş şəxslər gec-tez ədalət qarşısında cavab verməli olurlar.
Erməni terrorçularına qarşı aparılan və artıq başa çatmış məhkəmələr də məhz tarixi ədalətin bərpasına xidmət edir. Bu proseslər təkcə konkret cinayətkarların yalnız cəzalandırılması deyil, həm də insanlığa qarşı törədilmiş vəhşiliklərin hüquqi-siyasi qiymətini alması, qurbanların haqq səsini ədalət tribunasından dünyaya çatdırmaq üçün olduqca vacib mərhələdir.
Beynəlxalq hüququn fundamental sənədləri - 1949-cu il Cenevrə Konvensiyası, əlavə edilmiş protokollar, eləcə də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusu mülki əhaliyə qarşı zorakılıq, girov götürmə, işgəncə, etnik təmizləmə və terror aktlarını ağır hərbi cinayətlər və insanlığa qarşı cinayətlər kimi təsnif edir. XX və XXI əsrlərdə Yuqoslaviya, Ruanda, Syerra-Leone və digər beynəlxalq tribunal təcrübələri göstərdi ki, milli mənsubiyyətindən asılı olmayaraq bu cür cinayətlər törədən şəxslər fərdi qaydada məsuliyyət daşıyır və "əmr yerinə yetirmişəm" kimi bəhanələr hüquqi əsas sayılmır. Erməni terrorçularının məhkəməsi də məhz bu universal hüquqi yanaşmaya söykənərək aparılıb. Mülki şəxslərin qəsdən hədəfə alınması, terror üsullarından sistemli istifadə edilməsi və hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması konkret sübutlar əsasında qiymətləndirilib. Bu məhkəmələr beynəlxalq presedentlərlə müqayisədə eyni hüquqi məntiqi təsdiqləyir - insanlığa qarşı cinayətlər nə zamana, nə də coğrafiyaya bağlıdır və ədalət bu cür əməlləri mütləq şəkildə hüquqi müstəvidə cavablandırır.
Bu məhkəmələrin əsas gücü təkcə hökm oxunan zalda deyil, ortaya qoyulan həqiqətlərin miqyası ilə ölçülür. İllər boyu təhrif edilən faktlar, səsləndirilməsi mümükün olmayan şahid ifadələri və gizlədilən cinayət izləri məhkəmə prosesi zamanı hüquqi sübut statusu alır. Bu məhkəmədə cinayətkarın adı, rütbəsi və ya arxasında dayanan ideoloji çətir heç bir rol oynamadı - həlledici olan törədilmiş əməlin mahiyyəti və onun insan həyatına vurduğu sağalmaz zərbə idi. Erməni terrorçularının məhkəməsi göstərdi ki, müasir dövrdə ədalət yalnız qisas anlayışı üzərində deyil, hüquqi məsuliyyət, sübut və beynəlxalq norma əsaslı qərarlarla formalaşır. Bu proses bir tərəfdən qurbanların yaddaşına hörmətin ifadəsi, digər tərəfdən isə gələcək üçün verilən açıq mesajdır: terror və insanlığa qarşı cinayətlər nə siyasi manipulyasiya ilə ört-basdır edilə, nə də zaman keçdikcə unudula bilər.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə təkcə hərbi-siyasi qələbə əldə etmədi, eyni zamanda xalqımıza qarşı insanlığa və beynəlxalq humanitar hüquqa zidd cinayətlər törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsi qarşısına çıxarmaqla hüquqi ədalətin bərpasına nail oldu. Müasir tarixdə nadir nümunələrdən biri kimi Azərbaycan heç bir xarici hərbi müdaxilə və ya himayə olmadan öz gücünə torpaqlarını azad etdi, paralel olaraq müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etdi. Təbii ki, bu proses özü heç də asan başa gəlmədi: mühakimə olunanların cinayət ortaqları və xarici havadarları müxtəlif siyasi, informasiya və diplomatik təzyiq mexanizmlərindən istifadə edərək ölkəmizə təsir göstərməyə çalışdılar. Lakin bütün bu cəhdlər ölkəmizin hüququn aliliyinə söykənən mövqeyini sarsıda bilmədi.
Azərbaycan bu mərhələdə gücün hüquqa tabe olduğu, ədalətin isə təzyiqlərlə dəyişdirilmədiyi bir dövlət modelini nümayiş etdirərək göstərdi ki, suverenlik yalnız torpağa sahib olmaq deyil, eyni zamanda tarixi ədaləti təmin etmək iradəsidir. Aparılan məhkəmələr Azərbaycan dövlətçiliyinin mahiyyətini müəyyən edən mühüm bir xətti aydın şəkildə ortaya qoydu: güc ədalətdən üstün tutulmur, qələbə hüquqla tamamlanır. Dövlət öz tarixi məsuliyyətini yalnız silahlı mübarizə ilə deyil, hüquqi mühakimə yolu ilə də yerinə yetirdiyini nümayiş etdirdi. Bu proses gələcək nəsillər üçün aydın hüquqi presedent formalaşdırdı - müharibə şəraitində belə insanlıq əleyhinə cinayətlər cəzasız qalmır və dövlət öz vətəndaşlarının haqqını məhkəmə zalında qorumaq iradəsinə malikdir. Eyni zamanda bu məhkəmələr gənc nəsillərə dövlətin yalnız əraziyə deyil, dəyərə, hüquqa və tarixi həqiqətə sahib çıxdığını göstərən canlı dərs oldu. Azərbaycan bu yanaşma ilə dövlətçilik ənənəsini gücləndirdi, ədaləti müvəqqəti siyasi maraqlardan üstün tutan bir hüquqi yaddaş yaratdı və gələcək üçün dəyişməz mesaj verdi: cinayət törədənlər unudulmur, hüquq isə zaman aşımına məruz qalmır.
Məhkəmələr eyni zamanda beynəlxalq ictimai rəyə ünvanlanan açıq və prinsipial mesajdır: ədalət selektiv deyil və siyasi konyunkturaya tabe olmur. Dünya tarixində bunun bariz nümunələrindən biri İsrail təcrübəsidir. Vaxtilə yəhudi xalqına qarşı soyqırımı və insanlığa qarşı cinayətlərdə iştirak etmiş faşist canilər müharibə bitdikdən illər, hətta onilliklər sonra müxtəlif ölkələrdə aşkar edilərək mühakimə olundular və layiqli cəzalarını aldılar. Bu fakt sübut etdi ki, zaman cinayəti unutdurmur, məsuliyyəti aradan qaldırmır. Azərbaycan da eyni hüquqi və mənəvi xətti əsas götürərək göstərdi ki, xalqımıza qarşı amansız cinayətlər törədənlər gec-tez ədalət qarşısında dayanacaqlarını dərk etməlidirlər. Çünki müasir dünyada cinayətkar üçün ən ağır hökm yalnız cəza deyil, qaçılmazlıq hissidir - harada gizlənməsindən, kimlərin himayəsinə sığınmasından asılı olmayaraq, bir gün onun üçün də məhkəmə qurulacağı gerçəyinin olacağını düşünməsidir.
Bu proses yalnız hüquqi sənədlərdə qalan bir fakt deyil - bu, həm də ədalətin sonda öz yerini tapdığına inamın gücləndiyi bir məqamdır. Azərbaycan məhkəmələri təkcə ümumi prinsipləri təsdiqləməklə kifayətlənmədi, konkret şəxslərin ədalət mühakiməsi qarşısında dayanmalarını təmin etdi. Məhkəmənin hökmü ilə işğalçı rejimin sabiq rəhbəri Arayik Harutyunyan, keçmiş xarici işlər naziri Davit Babayan, qondarma rejimin parlament sədri Davit İşxanyan, "müdafiə ordusu"nun komandanının müavini Davit Manukyan və "müdafiə ordusu"nun komandiri Levon Mnatsakanyan kimi şəxslər ömürlük azadlıqdan məhrum edildilər. Digər separatçı "liderlər", o cümlədən Arkadi Qukasyan, Bako Sahakyan isə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası aldılar. Bu adlar tarixə siyasətçi kimi deyil, törətdikləri əməllərə görə hüquq qarşısında cavab verən şəxslər kimi düşdülər.
Aparılan məhkəmə prosesi, hüquq sistemimizin yalnız qanunları tətbiq etmək gücünü nümayiş etdirmir, eyni zamanda gələcək nəsillərə bir mesajdır: cinayətkarlar heç vaxt qanunsuzluğun kölgəsində gizlənə bilməzlər və insanlığa qarşı törədilən cinayətlər zamanla yox, ədalətlə ölçülür. Ədalət bərpa olunub və bu, yalnız bugünkü qələbənin deyil, gələcək üçün dönməz hüquqi dəyərin təminatıdır.
Məhkəmə bir daha sübut etdi ki, ədalət yalnız hökm oxunan günün deyil, tarixin qarşısında verilən qərardır. Azərbaycan bu proseslə həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə açıq mesaj verdi ki, qanunun dili emosiyadan uzaqdır. Verdiyi qərarlar xalqların yaddaşına yazılır. Bu gün oxunan hökmlər təkcə keçmişin hesabı deyil, gələcəyin xəbərdarlığıdır! Zorakılıq üzərində qurulan ideologiyalar gec-tez hüququn sərt divarına çırpılaraq ədalətin divanı qarşısında durmağa məhkumdur. Azərbaycan bu tarixi mərhələdə ədalətin yanında dayanaraq bir daha göstərdi ki, suveren dövlət olmaq yalnız torpağa sahib çıxmaq deyil, həqiqəti qorumaq və haqqı hüquqla bərpa etmək iradəsidir.
Elşən QƏNİYEV,
"Azərbaycan"