10 Fevral 2026 08:40
582
Mədəniyyət
A- A+
Həyat çox sınağa çəksə də...

Həyat çox sınağa çəksə də...


Sol əlini köksünə sıxıb, sağ əlini çənəsinə dayaq vermişdi. Nuru azalmış gözləri, üzündən heç əskik olmayan təbəssümü uzaqlara baxırdı. Doxsan üç yaşına çatmışdı Oqtay Sadıqzadə. Dünyanın hər üzünü görmüşdü...

Onunla söhbət etmək tarix kitabı oxumağa bərabər idi. Həm də tarixçilərin yarı həqiqət, yarı gümanlara əsaslanaraq yazdıqları kitablardan deyildi. Hadisələri tamamilə real, faktları dəqiq idi. Çünki bu, Oqtay Sadıqzadənin ömür kitabıydı...

O, dünyaya gələndə artıq vətəninin azadlığı, ölkəsinin müstəqilliyi kədərli xatirələrə, kövrək xəyallara çevrilmişdi. 1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycanı işğal etmiş, Cümhuriyyət hökumətini süquta uğratmışdılar.

Yeni hökumət öz yerini möhkəmlətmək üçün Azərbaycanın dövlət müstəqilliyi niyyətindən dönməmiş azərbaycanlılara qarşı sərt tədbirlər həyata keçirməyə başladı. Ancaq Vətənin azadlığı ideyasını Azərbaycanın vətənsevər, təəssübkeş övladlarının könlündən, düşüncələrindən silmək, unutdurmaq mümkünsüz idi. Bu isə bolşevik hökumətini daha da hiddətləndirirdi. Yeni hökumətin rəhbərləri millətin azadlıq ruhunu yenidən oyada biləcək şəxsiyyətlərə düşmən kəsilmişdilər.

Onun valideynləri - atası yazıçı Seyid Hüseyn, anası şair Ümmügülsüm də Azərbaycanı canlarından çox sevən ziyalılarımızdan idilər.

Cümhuriyyətin süqutundan sonra başlarının üstündə kabus kimi dolaşan təhlükədən uzaqlaşmaq üçün Xızıya getdilər. Seyid Hüseyn Xızıda məktəbdə müəllim işləməyə başladı. 1921-ci il fevralın 21-də ilk övladları dünyaya gəldi. Seyid Hüseyn körpənin adını Oqtay qoydu.

Həmin il qış sərt keçdiyindən bir müddət şəhərə gediş-gəliş kəsildi. Qohumları ilə əlaqə saxlaya bilmədiklərinə görə Seyid Hüseyn oğlunun dünyaya gəldiyi gün qardaşı Mir Paşanın şəhid olduğundan xəbərsiz qaldı.

Qarla örtülmüş yollar açıldıqdan sonra baş vermiş faciədən xəbər tutdular. Bakı Sovetinin sədri Əliheydər Qarayevin tapşırığı ilə Mir Paşanın da daxil olduğu Azərbaycan Dövlət Teatrının truppası Qarabağ kəndlərinə getmişdi ki, orada azərbaycanlılara dinclik verməyən ermənilərlə söhbət aparıb onları sülhə çağırsınlar. Ermənilər gecə hücum edərək aktyorları qaldıqları evdə qətlə yetirmişdilər.

Mir Paşanın qırxına az qalmış Bakıya gələ bildilər və daha Xızıya qayıtmadılar. Çox keçmədi ki, Seyid Hüseyn həbs olundu. Onu bir neçə ay sonra buraxdılar. 1923-cü ildə yenidən həbs etdilər. İki aya yaxın həbsdə qaldıqdan sonra Ruhulla Axundovun köməyi ilə azadlığa çıxdı.

Oqtay Sadıqzadənin uşaqlığı belə ağır, ziddiyyətli bir dövrdə keçdi. Sabahlarından arxayın deyildilər. Ancaq nə qədər ki, anası və atası yanlarında idi, o da, bacısı Qumral, qardaşları Toğrul və Cığatay da özlərini xoşbəxt hiss edirdilər.

Azərbaycanın məşhur yazıçılarının, şairlərinin, tənqidçilərinin, alimlərinin çoxu atasının və anasının dostları idilər. Oqtaygil uşaqlıqdan onları tez-tez görür, söhbətlərini dinləyirdilər. Belə bir mühitdə böyüyən Oqtay Sadıqzadə kiçik yaşlarından rəssamlığa meyil göstərdi. O, 1935-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil oldu.

1937-ci il sovet hökumətinin repressiya siyasəti Sadıqzadələrin də ocağında qara yel kimi əsdi. Həmin il iyunun 15-də Oqtay Sadıqzadənin atası Seyid Hüseyni Şüvəlandakı bağlarında həbs etdilər.

1937-ci il noyabrın 2-də anası Ümmügülsümü də İçərişəhərdəki evlərindən apardılar. Ümmügülsüm Sadıqzadə Bayıl həbsxanasına salındı. 1938-ci il mayın 10-da isə ona və kamera yoldaşlarına eyni gündə - istintaqsız, məhkəməsiz hökm oxundu. Səkkiz il həbs cəzasına məhkum edildilər. Mayın 21-də Temlaq İslah Əmək Düşərgəsinə göndərildilər.

Oqtaygil anasından az da olsa məktubla xəbər tuturdular. Ataları barədə isə heç bir məlumat ala bilmirdilər.

Seyid Hüseyn Sadıqzadəyə SSRİ Ali Hərbi Məhkəməsinin Səyyar Sessiyasının 1938-ci il 5 yanvar tarixli qərarı ilə güllələnmə hökmü verilmişdi. Hökm bir gün sonra icra olunmuşdu. Oqtaygil bu faciədən xəbərsiz idilər. Oqtay atasının yolunu gözləyirdi...

O.Sadıqzadə 1939-cu ildə Bakı Rəssamlıq Texnikumunu əla qiymətlərlə bitirdi və Nizami muzeyində işləməyə başladı. O, hələ ilk əsərləri ilə rəssamlıq istedadını nümayiş etdirərək sənətşünasların təqdirini qazanırdı.

1941-ci ildə repressiyaya məruz qalmış ailənin övladı kimi o da sovet hökumətinin "diqqətindən" kənarda qalmadı. Oqtay Sadıqzadəyə hərbi komissarlıqdan çağırış gəldi. Gənc rəssam "xalq düşməni"nin övladı kimi cəbhəyə deyil, cərimə batalyonuna göndərildi.

1942-ci il sentyabrın 16-da isə qardaşı Cığataya hərbi komissarlıqdan çağırış gəldi. Onu da "xalq düşməni"nin övladı kimi əsgərlik adı ilə cərimə batalyonuna yolladılar. Ağır katorqa işlərində çalışmaqdan vərəm xəstəliyinə tutulub geri döndü.

Oqtay isə hələ də sürgündə idi. Buna görə də anası illər sonra sürgündən evə dönəndə Oqtayı görə bilmədi. Bakıda qalmaq yasaq edildiyi üçün iyirmi gün sonra anası Şamaxıya getdi. Ağır sürgün illəri sağlamlığını əlindən almış Ümmügülsüm xanım 1944-cü il sentyabrın 17-də Şamaxıda vəfat etdi.

1946-cı ildə Oqtay Sadıqzadə sürgündən qayıtdı. Anasının geri döndüyünü, lakin üç ay sonra vəfat etdiyini eşidəndə yasa batdı. 1948-ci ildə isə vərəm xəstəliyi iyirmi dörd yaşlı qardaşı Cığatayı onlardan aldı.

Oqtay Sadıqzadə Bakıya döndükdən sonra kitab qrafikası ilə məşğul olmağa başladı. Daha sonra təhsilini davam etdirmək niyyəti ilə Moskvaya üz tutdu. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil oldu və qrafika ixtisası üzrə təhsil aldı. 1956-cı ildə institutu bitirdi.

Bakıya qayıtdı. "Azərnəşr"də bədii redaktor işləməyə başladı. Nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sahəsində tanındı.

Rəssam İ.S. Turgenyevin "Atalar və oğullar", O. Balzakın "Qorio ata", M.Qorkinin "Artamonovların işi", İ. Qasımov və H. Seyidbəylinin "Uzaq sahillərdə", V. Hüqonun "Səfillər" (1955-1963), C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" (1958-1959), Xaqaninin "Lirika" (1958), Nizaminin "Fitnə" (1966), R. Nurinin "Çalı quşu" və digər əsərlərə çəkdiyi illüstrasiyalarla böyük rəğbət qazandı.

"1937-ci il repressiyasının qurbanları" tablosu, "Nizami Gəncəvi və dünya mədəniyyəti" adlı monumental silsilə əsərləri, "Qətran Təbrizi", "Natəvan", "Seyid Hüseyn", "Tatalovanın portreti", "Qız portreti", "Bakılı qız", "Natəvan" (1983), "Fidan Qasımova", "Akademik Zərifə xanım Əliyeva" və digər portretlər rəssamın yaradıcılığında xüsusi yer tutur.

Milli rəssamlıq sənətinin inkişafında müstəsna xidmətləri olan sənətkarın əsərlərinə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev-muzeylərinin tərtibatında xüsusi yer verilib.

Oqtay Sadıqzadə 1977-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1992-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1999-cu ildə "Şöhrət", 2011-ci ildə "Şərəf" ordenləri ilə təltif edilib. 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

Dünyanın müxtəlif ölkələrində yaradıcılıq ezamiyyətlərində olan rəssamın əsərləri bu gün ölkəmizdə və bir sıra xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

Əsərləri ilə şöhrət qazanan, müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri olan fırça ustası Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də dünyasını dəyişdi.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

08:30
17 Aprel

Azərbaycanın Mərkəzi Asiya istiqamətində sülh və təhlükəsizlik modeli

08:27
17 Aprel

Regionun neft ixracı arteriyası

08:25
17 Aprel

Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin görüşü keçirilir

08:20
17 Aprel

Azərbaycanın qlobal diplomatiyada çəkisi artır

08:15
17 Aprel

Aİ-nin ikinci missiyasının məqsədi nədir?

08:10
17 Aprel

Beynəlxalq hüquqa əsaslanan prinsipial siyasət

08:05
17 Aprel

Azərbaycan Qoşulmama Hərəkatının institusional mərkəzinə çevrilir

08:00
17 Aprel

AMEA-da "Dünya hərb sənətinin Nadir şah zirvəsi" kitabının təqdimatı olub

07:20
17 Aprel

H.B.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:03
17 Aprel

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə

01:02
17 Aprel

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında

01:01
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!