07 Fevral 2026 08:00
213
SİYASƏT
A- A+
İNAM

İNAM


İnsan haçansa ümidsizliyə qapıla bilər!

İnsan bəzən ümidini itirə də bilər!

Bu, nə qədər arzuolunmaz, xoşagəlməz olsa da, təhlükəli deyil!

Ümidsizliyin haçansa ümidə çevrilməsi mümkündür...

İtmiş ümidin geriyə qayıtması heç də təəccüblü sayılmır.

Bu, görülən işlər, baş verən ciddi hadisələr, yaranan əsaslı dəyişikliklər sayəsində mümkün olur!

Ümidlə inam başqa-başqa anlayışlar olsa da, aralarında bir yaxınlıq da mövcuddur!

Ümidin inama çevrilməsi həyatda tez-tez rast gəlinən hadisələrdəndir.

Çox xoş və xoşbəxt hadisələrdən sayılır.

Bu, ümidin dirçəlməsi, güclənməsi, sınaqlardan uğurla çıxması nəticəsində baş verir!

Adətən, insanlar sınadıqlarına, sınaqdan uğurla çıxanlara inanırlar!

Sınaqlardan keçməklə yaranan inam heç zaman azalmır, ölmür!

Belə inam əbədi olur!

Xüsusən də vaxtaşırı, dönə-dönə təsdiqini tapan yeni addımlar, hadisələr sayəsində.

Azərbaycan xalqının Heydər Əliyev siyasi kursuna inamı bu gün də dəyişməzdir, möhkəmdir, əbədidir!

Azərbaycan xalqının İlham Əliyevə inamı bu gün də sarsılmaz və əbədidir!

* Çünki dəfələrlə sınaqdan çıxıb!

* Çünki dəfələrlə özünü doğruldub!

* Çünki heç zaman azalmayıb, zəifləməyib!

 Xalq İqtidar birliyini daim möhkəmləndirən, Azərbaycanı qələbədən-qələbəyə çatdıran da məhz bu inamın möhkəmliyi, sarsılmazlığı və əbədiliyidir!

***

Bu gün dünya siyasi liderləri sırasında böyük hörmət və rəğbətlə qarşılanan, beynəlxalq tədbirlərin ən arzu edilən dəvətlisinə və çıxışçısına çevrilən cənab İlham Əliyev yeni tipli, müasir və real düşüncəli dövlət başçılarından sayılır.

İlham Əliyev bu məhəbbəti və imici təkcə apardığı danışıqlara, reallaşdırdığı transmilli layihələrə, dövlətlərarası münasibətlərə sülh və əməkdaşlıq baxımından verdiyi töhfələrə görə deyil, həm də uzun illər işğal altında qalan, arxalı və çoxları tərəfindən dəstəklənən düşmən üzərində parlaq qələbəsinə, müstəqil Azərbaycanın ərazi bütövlüyünü və Dövlət suverenliyini, Konstitusiya əsaslarını bərpa etdiyinə görə qazanıb.

İlham Əliyev real düşünən və mövcud reallıqlara uyğun, uzaqgörən addımlar atmağı bacaran liderdir.

İlham Əliyev dünyada baş verən prosesləri dərindən analiz edərək ən doğru nəticələr çıxarmağı və ona uyğun qərarlar qəbul etməyi bacaran azsaylı liderlərdəndir.

Onun yerli televiziya kanallarına verdiyi müsahibədən bir neçə məqama diqqət yetirək:

* "Öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs unutsun. Güc var, əməkdaşlıq var, müstəqillik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan".

* "Bilirəm və görürəm, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir".

* "Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunu üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var". 

Güclü Azərbaycan dövlətini yaradan, onu qarşılaşdığı təhlükələrdən sovuşduraraq qalib ölkəyə çevirən də məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!

Xalqın daim inandığı və əminliklə arxalandığı Prezident İlham Əliyev!

***

İnam uğurun və qələbənin birinci şərtidir!

Azərbaycan xalqı əmin idi ki, müstəqillik qazanaraq müstəqil dövlət kimi yaşaya bilər!

İlk dəfə 28 may 1918-ci ildə bu yolda real və qətiyyətli addım atdı!

Müstəqilliyinə nail oldu!

Lakin onu cəmi 23 ay yaşada bildi...

Şimaldan əsən qırmızı taun XI ordu şəklində bu müstəqilliyə son qoydu!

Xalqın azad yaşamaq istəyi repressiya dalğalarında, həbsxana və sürgünlərdə, güllələnmə cəzalarında boğuldu!

Boğuldu, amma tamamilə məhv edilə bilmədi!

İkinci dəfə 18 oktyabr 1991-ci ildə öz arzusunu "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etməklə açıqladı.

Doğrudur, bu dəfə müstəqilliyini deklorativ şəkildə bəyan etmiş oldu!

Amma bütün hallarda həmin sənəd xalqın arzu və niyyətini ifadə edirdi.

Təəssüf ki, SSRİ-nin iflası dövründə Azərbaycana maymaqlar və qorxaqlar başçılıq edirdi, odur ki, bu istək gerçəkliyə çevrilmədi.

AXC-Müsavat cütlüyünün iqtidarı isə şəxsi maraq üzərində qurulduğundan və xalqa xəyanət yolunu tutduğundan, üstəlik, naşı, təcrübəsiz və səriştəsiz addımlar atdığından vəziyyəti daha da qəlizləşdirdi, torpaqların işğalına münbit şərait yaratdı!

Elə bir şərait ki, Azərbaycan bir dövlət kimi məhvolma, keçmişdəki kimi kiçik xanlıqlara parçalanma təhlükəsi qarşısında qaldı!

Belə bir vəziyyətdə xalq üzünü sınanmış oğlu Ulu Öndər Heydər Əliyevə tutdu, onu təkidlə yenidən dövlət rəhbərliyinə dəvət etdi!

Çünki hamı inanırdı ki, dövləti bu vəziyyətdən yalnız Heydər Əliyev zəkası, Heydər Əliyev müdrikliyi xilas edə bilər!

Belə də oldu!

***

Heydər Əliyev üzərinə düşən Qurtuluş missiyasını şərəflə yerinə yetirdi, müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirdi!

Bundan artığına ömür imkan vermədi!

Müstəqil Azərbaycanın sürətli və davamlı inkişaf istiqamətlərini müəyyən edən Heydər Əliyev siyasi kursunu yaradaraq əbədiyyətə qovuşdu.

Azərbaycan xalqına "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyə məşhur müraciətini edərək yarımçıq qalan işlərin İlham Əliyev tərəfindən uğurla davam edəcəyini göstərdi.

Böyük rəhbərinə qəlbən inanan Azərbaycan xalqı bu dəfə İlham Əliyevə inandı və güvəndi!

İnandı ki, İlham Əliyev nəinki yarımçıq qalan işləri başa çatdıracaq, daha yüksək nəticələrə imza atacaqdır!

Bu dəfə də belə oldu!

***

Xalqın inam və dəstəyinə arxalanan cənab İlham Əliyev birinci dəfə dövlət başçısı seçilərkən verdiyi bütün vədlərə şərəflə əməl etdi:

* Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları uğurla həyata keçirildi.

* Ölkə üzrə elektrik enerjisinin verilişindəki fasilələr aradan qaldırıldı.

* Əhalinin təbii qazla təminatı əsaslı şəkildə yüksəldilərək doxsan faiz həddini aşdı.

* Müasirtipli yaşayış kompleksləri yaradılaraq məcburi köçkünlərin həyat şəraiti əsaslı şəkildə yaxşılaşdırıldı.

* İşsizlik və yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə aşağı salındı.

* Ölkədə sahibkarlığın inkişafına münbit şərait yaradıldı.

* Yeni yollar şəbəkəsi quruldu.

* "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizləri fəaliyyətə başladı, Bakı beynəlxalq logistika mərkəzinə çevrildi.

* Azərbaycanın strateji tərəfdaşlarının və onun maraqlarını müdafiə edənlərin sayı xeyli çoxaldı.

* Hücum diplomatiyası tətbiq edilərək beynəlxalq təşkilatlarda iş gücləndirildi.

* Cənab İlham Əliyevin BMT-nin Təhlükəsizlik Şurasının iclaslarına, habelə İqtisadi Əməkdaşlıq Təşkilatına, İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına rəhbərliyi dövründə atdığı uğurlu addımlar Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi, dostlarının sayını artırdı.

* Yeni gənc nəsil yetişdirərək onların iştirakı ilə müasir, ən yeni silahlarla təchiz edilmiş ordu quruldu.

* Tarixinin ən qüdrətli Azərbaycanının yaradılmasına nail olundu.

* İlham Əliyev "Bir qarış torpağımızı belə kimsəyə güzəşt etməyəcəyik", "Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik" və "Nəyin bahasına olursa-olsun, işğal altındakı torpaqlarımızı azad edəcəyik", - deyə verdiyi vədləri də uğurla yerinə yetirdi.

***

İlham Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də xalqın milli birliyinin yaradılmasıdır!

Məhz bu birlik 44 günlük Zəfər müharibəsində möhtəşəm qələbənin qazanılmasının təminatçılarından birinə çevrildi.

27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun əks-hücumu ilə başlanan Vətən müharibəsi xalqımızın və dövlətimizin möhtəşəm qələbələri ilə başa çatdı!

Bəli, məhz qələbələri!

8 noyabr 2020-ci ildə Şuşanın yalın əllə düşmən işğalından azad olunması və bunun nəticəsində Ermənistanın kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalaması ərazilərimizin işğalına son qoyulması ilə nəticələndi!

Erməni havadarlarının xahiş-minnətinə rəğmən düşmənin yalnız öz qoşunlarının ərazilərimizi tərketmə qrafikini təqdim etməsindən sonra Azərbaycan hərbi əməliyyatlarını dayandırdı!

Ağdam, Laçın və Kəlbəcər kimi mürəkkəb relyefə malik və altıqat müdafiə qurğuları qurulmuş ərazilərin bir güllə atılmadan geriyə qaytarılması canlı qüvvə itkisinin qarşısını əhəmiyyətli şəkildə almış oldu!

Havadarlarının köməyinə arxalanan Ermənistan revanşist niyyətlərindən dönmək fikrində deyildi!

Odur ki, "dəmir yumruq" bir neçə dəfə öz qüdrətini göstərməli oldu!

Rusiya sülhməramlılarının nəzarətində olan Laçın yolu vasitəsilə Qarabağdakı separatçıların dislokasiyası həyata keçirilir, qanunsuz silahlı hərbi birləşmələri və terrorçu dəstələri silah-sursatla təmin edilir, Ermənistandan minalar daşınaraq torpaqlarımızda basdırılırdı.

23 aprel 2023-cü ildə unikal bir əməliyyat keçirilərək Həkəri çayı üzərindəki post ələ keçirildi, bununla da şər və düşmənçilik yoluna çevrilən Laçın yolu birdəfəlik bağlandı.

Beləliklə, Azərbaycanın ərazi bütövlüyü də təmin olundu!

Lakin separatçılar dost dövlətlərinə güvənərək hələ də "miatsum" və "artsax" mifik xülyalarından əl çəkmək istəmirdilər...

19-20 sentyabr 2023-cü ildə baş tutaraq bir neçə saat çəkən və bütövlükdə 23 saat davam edən antiterror əməliyyatı nəticəsində düşmən tör-töküntüləri ağ bayraq qaldıraraq təslim oldular!

Azərbaycan qanunlarını qəbul edərək onun əsasında yaşamaq istəməyənlərin isə dinc şəkildə Qarabağı tərk etmələrinə imkan verildi.

Bu, sayca üçüncü möhtəşəm qələbə idi!

Daim ermənipərəst mövqe sərgiləyən, aşkar və gizli şəkildə erməni separatçılarına hərtərəfli kömək göstərən Rusiya sülhməramlılarının daha görəcəkləri bir iş qalmamışdı...

Aparılan danışıqlar nəticəsində RSK mahnı və musiqi sədaları altında Azərbaycan ərazisini birdəfəlik tərk etdi!

"Dəmir yumruğ"un növbəti zəfəri dinc yolla baş tutdu!

Lakin hələ bu da hamısı deyildi!

***

Hərbi qüdrətlə uzaqgörən və müdrik siyasəti üzvi şəkildə məharətlə əlaqələndirən və tənzimləyən cənab İlham Əliyev sonrakı hesablanmış addımları ilə nəinki zəfərimizi möhkəmləndirdi, hətta siyasi-diplomatik yolla onun təsir gücünü dəfələrlə artırdı!

Mifik "Böyük Ermənistan" xülyası ilə beyinləri zəhərlənmiş ermənilərin bir qismi hələ də mövcud reallığı dərk etməyərək, revanşist niyyətlərdən əl çəkmirdilər.

Odur ki, hərbi meydanda qazanılan qələbələr ardıcıl şəkildə atılan addımlar hesabına diplomatiya cəbhəsində daha da möhkəmləndirilirdi.

Yaradıldığı gündən tabutuna mismar vurulanadək erməni maraqlarına xidmət göstərən, "sülh danışıqları" adı ilə Qarabağ münaqişəsinin həllini daim uzadan və yeni nəslin onu unudacağı kimi sərsəm fikrə düşən ATƏT-in Minsk qrupuna "yeni missiya" həvalə edilməsi həvəsi ilə yaşayanlara ATƏT-in Minsk qrupunun birdəfəlik ləğvi ən gözəl cavab və zərbə oldu!

Azərbaycana qarşı ABŞ tərəfindən məkrli və qərəzli oyuna çevrilən ədalətsiz 907-ci düzəlişin tam ləğvi də gündəlikdə duran məsələlərdəndir.

Bütün bunlara qələbəmizin möhürünə çevrilən, dünyanın birnömrəli dövlətinin ofisində 8 avqust 2025-ci ildə ABŞ Prezidenti D.Trampın iştirakı ilə keçirilən görüşdə sülh müqaviləsinin paraflanması ilə son qoyuldu!

Razılaşmaların icrası müəyyən zaman tələb etsə də, geriyə dönüş yoxdur!

ABŞ Prezidenti D. Trampın adını daşıyan Zəngəzur dəhlizinin (TRIPP) açılacağı da kimsədə şübhə doğurmur!

Bir zamanlar ATƏT-in Minsk qrupu və onun həmsədr dövlətləri Azərbaycanı dilə tuturdular ki, "qarşılıqlı etimadı bərpa etmək" və "sülh danışıqlarında uğura nail olmaq üçün" Ermənistanla iqtisadi əlaqələri qurmaq vacibdir!

Bütün təsir və təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycan buna getmədi!

Çünki bu "mövcud reallığın qəbulu" sayılırdı!

Bu gün isə Azərbaycan vasitəsilə Ermənistana taxıl və benzin daşınır, vassal dövlətin blokadadan qurtulmasına imkan yaradılır!

Çünki artıq məğlub Ermənistan mövcud reallıqları qəbul etmək zorundadır və edib də!

Azərbaycan xalqının müdrik rəhbəri İlham Əliyev nəyi nə vaxt və necə etmək məharəti ilə dəfələrlə düşmənlərimizi qabaqlayaraq çaşbaş salmış, dövləti maraqlarımızı ustalıqla qoruduğunu nümayiş etdirmişdir.

Azərbaycan xalqı inanır ki, verilən vədlər daim uğurla yerinə yetiriləcək, qarşıda duran vəzifələr tezliklə həllini tapacaq, xalqın rifahının daha dolğun təmininə xidmət edən siyasi kursla sürətlə irəliləyəcəkdir.

Çünki öz rəhbərinə, dəfələrlə sınaqdan şərəflə çıxan qalib dövlət başçısına qəlbən inanır!

Xalqla iqtidarın sarsılmaz milli birliyi, qarşılıqlı inam və etibarı növbəti qələbələrin də möhkəm və sarsılmaz təməli sayılır.



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!