İndi Lənkəran çayı təkcə bu bölgənin yox, bütün Azərbaycanın brend məhsuludur
Cənub bölgəsinin mirvarisi Lənkəran tarixi, ənənələri və təbii sərvətləri ilə seçilir. Nələr yoxdur bu diyarda? Qərbdən yaşıl örtüklü dağlar, Şərqdən mavigözlü, bol sərvətli Xəzər dənizi. Dənizlə dağ arasında yaranan subtropik iqlim burada çay, limon, naringi, portağal, feyxoa, kivi, kinkan, çəltik və digər bitkilərin əkilib-becərilməsi üçün münbit şərait yaratmışdır.
Deyərdik ki, çay onların ən başlıcasıdır, bir növ Lənkəranın vizit kartıdır. Nə qədər şeirlər yazılıb, mahnılar qoşulub çayın şəninə. Ölməz şairimiz Səməd Vurğun vaxtilə demişdir:
Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızlarıtək.
Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini,
Yadlara açma əlini.
Sovetlər zamanında, daha dəqiq desək, 1988-ci ildə Lənkəranda 6 min 877 hektar çay plantasiyası mövcud olmuş, həmin il sahələrdən 16 min 335 ton yaşıl çay yarpağı yığılmışdır. SSRİ süqut etdikdən sonra digər sahələr kimi, çayçılıq da tənəzzülə uğradı. Ayrı-ayrı təsərrüfatlardakı torpaqlar bölünərək kəndlilərə paylanıldı. Pay torpaqlarının üstündəki çay plantasiyaları isə baxımsızlıq üzündən az vaxt ərzində sıradan çıxdı. Kol-kos basmış həmin ərazilər mal-qara üçün örüşə çevrildi. Ardınca yüzlərlə adamın işlədiyi çay fabrikləri sökülüb-dağıdıldı. Beləliklə, çayçılıq az qala tamamilə süqut etmək səviyyəsinə çatdı.
Bu, ölkənin o dövrdəki vəziyyəti ilə bağlı idi. Bir tərəfdən hakimiyyətsizlik üzündən yaranan özbaşınalıq, xaos, hərc-mərclik, digər tərəfdən ermənilərin ölkəmizi işğal etməyə başlaması və digər məlum səbəblər iqtisadiyyatı çökdürmüşdü.
Nə yaxşı ki, belə vəziyyət uzun çəkmədi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik yarandı. 1994-cü ilin sentyabr ayında bağlanan “Əsrin müqaviləsi” bir müddət keçəndən sonra öz bəhrəsini verməyə başladı. Prezident İlham Əliyev 2004-cü il fevral ayının 11-də Regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı haqqında fərman imzaladı. Bununla ölkənin hər yerində olduğu kimi, Lənkəranda da dirçəliş dövrü başladı. Neftdən gələn gəlirlərin müəyyən hissəsi kənd təsərrüfatının inkişafına yönəldildi. Regionlarda “Aqrolizinq” və “Aqroservis”lər yaradıldı, Dövlət Aqrar İnkişaf mərkəzləri təsis edildi. Ən başlıcası isə, mülkiyyətçilərə öz pay torpaqlarını əkib-becərmək, heyvandarlığı inkişaf etdirmək üçün subsidiyalar verildi, digər güzəştlər olundu. Xarici ölkələrdən ən müasir texnikalar, avadanlıqlar alınıb gətirildi. Bütün bunlar sahibkarların əlindən tutdu. Torpağını satmaq və ya kiməsə icarəyə vermək istəyən adamların bir qismi fikirlərini dəyişdilər, özləri qollarını çırmayıb işə girişdilər.
Ancaq kəndlilər çay əkməyə ürək etmirdilər. Çünki çayın əkildikdən 7 il sonra bar verməsi onları qorxudurdu. Ona görə də torpaq mülkiyyətçilərinin bir qismi öz pay torpaqlarını rayonda yaranan şirkətlərə icarəyə verərək hər il onlardan icarə haqqı almağı üstün hesab etdilər. İmkanı olanlar isə pay torpaqlarını əkib-becərməyə başladılar.
Hazırda rayon ərazisində üç müəssisə - “BETA”, “Azərçay”, “Yaşıl çay” firmaları çay əkini və emalı ilə məşğuldur. Keçən ilin sonunadək rayonda 571,8 hektar çay plantasiyası olmuşdur ki, ondan da 355,8 hektarı bar verəndir. 2021-ci ildə 317,2 ton yaşıl çay yarpağı yığılmışdır. Son 3 il rayonda 193 hektar təzə plantasiya salınmışdır. İstehsal olunan yaşıl məhsulun emalı ilə 4 fabrik məşğuldur. Onların hər birində yeni avadanlıqlar quraşdırılmışdır. Çayçılıq sahəsində orta hesabla 800 nəfərdən çox adam çalışır.
Lənkəran çayı keyfiyyətinə və ekoloji cəhətdən təmizliyinə görə istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Üstəlik xarici bazarlarda baha qiymətə satıldığı üçün istehsalçılara yaxşı qazanc verir. Çay ixrac məhsulu kimi həm də ölkəmizə valyuta gətirir. Dediklərimiz aqrar sahəyə, o cümlədən çayçılığın inkişafına dövlət tərəfindən verilən dəstəyin nəticəsidir. 2018-2025-ci illər üçün çayçılığın inkişafı ilə bağlı dövlət proqramının qəbul edilməsi, çay istehsalçılarına 15 milyon manata yaxın kreditlərin verilməsi hədər getməyib.
“Yaşıl çay” MMC Lənkəranın İstisu qəsəbəsinin ərazisindədir. Sovetlər dövründə də burada iri çay plantasiyaları və çay fabriki olmuşdur. MMC-nin rəhbəri Araz Yaqubov əslən bu qəsəbədəndir. Uzun müddət Rusiya Federasiyasında təhsil alıb, işləyib. Azərbaycanda sahibkarlar üçün yaradılan şəraiti görəndə yığışıb öz el-obasına gəlib. İstisu qəsəbəsində bələdiyyə torpaqlarından icarəyə götürüb, plantasiyalar salıb. Qəsəbə əhalisini yaratdığı təsərrüfata işə götürüb.
İndi “Yaşıl çay”ın 150 hektardan çox əkin sahəsi var. Onun 70 hektarı çaydır. 2011-ci ildə saldığı plantasiyalara nümunəvi qulluq göstərdiyindən vaxtından 3 il əvvəl - 2015-ci ildə seçmə üsulla yığıma başlayıb. Fermer çayın keyfiyyətli olması üçün daim fikirləşir, tədbirlər həyata keçirir, mineral gübrələrdən yox, üzvi gübrələrdən daha çox istifadə edir. Sahibkar İstisu qəsəbəsində çay emalı müəssisəsi də yaratmışdır. Yığılan yaşıl çay burada emal olunaraq qablaşdırılır, “Lənkəran çayı” brendi altında ticarət şəbəkələrinə göndərilir. Prezident İlham Əliyev 2017-ci il sentyabrın 2-də Lənkərana səfəri çərçivəsində “Yaşıl çay” MMC və “Astaraçay” MMC-nin bu rayon ərazisindəki təsərrüfatlarında olmuş, həmin müəssisələrin rəhbərləri, eyni zamanda çay plantasiyalarında çalışan qızlarla görüşmüş, ətraflı, səmimi söhbətlər aparmışdır.
Xatırladaq ki, həmin səfər zamanı dövlət başçısının sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi də keçirilmişdir. Tədbirdə kənd təsərrüfatı sahəsində görülən işlərdən, qarşıdakı vəzifələrdən ətraflı danışılmışdır. Ərzaq təhlükəsizliyinin təmin olunması üçün müvafiq dövlət qurumlarının, fermer və torpaq mülkiyyətçilərinin nə kimi işlər görəcəyi müəyyənləşdirilmişdir.
Bu gün həmin müşavirədən 4 ildən çox vaxt keçir. Ötən zamanda çay plantasiyalarının sahəsi genişləndirilmiş, məhsul istehsalı artmışdır. Çayçılıqla bağlı qəbul edilmiş dövlət proqramında 2025-ci ilədək plantasiyaların genişləndirilərək 1500 hektara çatdırılması planlaşdırılmışdır. Nəzərə alsaq ki, hazırda rayon üzrə bu rəqəm 571,8 hektardır, deməli, hələ görüləsi işlər çoxdur.
Seyran CAVADOV,
“Azərbaycan”