TRIPP layihəsi regionun ümumi inkişafına xidmət edəcək və ilk növbədə Azərbaycanla Ermənistan arasındakı qeyri-müəyyənliklərə son qoyacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Levan Mamaladze söyləyib.
Onun sözlərinə görə, “Zəngəzur dəhlizi Orta Dəhlizə rəqibdir” deyənlər yanılırlar. Fevralın 10-da Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nda həm Orta Dəhlizdən, həm də Zəngəzur dəhlizindən bəhs olunur. Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvan bölgəsini birləşdirərək Türkiyə istiqamətində nəqliyyat yollarını təmin edir və bu, Azərbaycanın daxili inteqrasiyasına, yeni ticarət və logistika marşrutlarının formalaşmasına imkan yaradır.
Bu dəhliz Orta Dəhlizə alternativ deyil, əksinə, nəqliyyat və logistika xidmətlərini genişləndirir, yeni servis imkanları yaradır. Bu da təbiidir. Yüklərin Çin və Mərkəzi Asiyadan Türkiyə, Avropa və Afrikaya daşınması daha əlverişli və iqtisadi baxımdan səmərəli marşrutlarla həyata keçirilməlidir.
Politoloq hesab edir ki, Zəngəzur dəhlizi əsasən Türkiyə istiqamətində, xüsusilə Türkiyə limanlarına yönələn yüklərə xidmət edəcək. İlkin mərhələdə avtomobil yolu, daha sonra isə dəmir yolu xəttinin əlavə olunması nəzərdə tutulur. Orta Dəhliz çərçivəsində Bakı–Tbilisi–Qars dəmir yolu artıq fəaliyyət göstərir və inkişaf edəcək. Bu marşrutlar Mersin, İskəndərun, Ceyhan kimi Aralıq dənizi limanlarına yönələn yükləri təmin edəcək.
“Avropaya birbaşa yönələn yüklər isə əsasən Çin–Mərkəzi Asiya–Azərbaycan–Gürcüstan marşrutu üzrə hərəkət edəcək. Gürcüstanın Qara dəniz limanları vasitəsilə Bolqarıstan və Almaniya istiqamətində daşınacaq. Bu baxımdan heç bir rəqabətdən söhbət gedə bilməz. Əksinə, Xartiyada bu istiqamətlərin paralel şəkildə inkişaf etdirilməsi xüsusi vurğulanır”, – deyə Mamaladze bildirib.
Onun sözlərinə görə, Xartiyanın imzalanmasından sonra Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın əsas istiqaməti logistika və ticarət xidmətlərinin genişləndirilməsi olacaq. Bu, daha çox yük cəlb etməyə və dövlətlərimiz üçün daha çox gəlir əldə etməyə imkan verəcək. Birgə idarəetmə və koordinasiya mexanizmlərinin yaradılması Cənubi Qafqazdan keçən yüklərin səmərəli daşınmasını təmin edəcək.
“Ümid edirəm ki, Gürcüstan və Azərbaycan, gələcəkdə Ermənistanın da qoşulması ilə, Orta Dəhlizin və ümumilikdə Cənubi Qafqaz nəqliyyat imkanlarının koordinasiyası üçün vahid mexanizm yaradacaqlar. Bu, çox ciddi perspektivdir.
Cənubi Qafqazın gələcəyi ortaq maraqlar üzərində qurulmuş modeldədir
Bundan əlavə, enerji layihələri də genişlənir. Vaxtilə dünyaşöhrətli siyasi və dövlət xadimləri Heydər Əliyevin və Eduard Şevardnadzenin təşəbbüsü ilə həyata keçirilmiş neft və qaz kəmərlərinə indi Qara dənizin dibi ilə çəkiləcək iri elektrik kabeli də əlavə olunur. Bu layihəyə Azərbaycan və Gürcüstan qoşulacaq, gələcəkdə Ermənistanın da iştirakı mümkündür. Elektrik enerjisi istehsalının artması Avropaya yüksək qiymətlərlə ixrac imkanlarını genişləndirəcək”.
Onun sözlərinə görə, Gürcüstan ABŞ ilə uzun illərdir əməkdaşlıq edir və müxtəlif təcrübələr var. “Lakin indi regionda əvvəlki bölgü modeli dəyişir. Bu baxımdan region ölkələri olaraq maraqlarımızı birgə koordinasiya etməliyik. “Mən Cənubi Qafqazın gələcəyini məhz balans və ortaq maraqlar üzərində qurulmuş modeldə görürəm və böyük perspektivlərə inanıram. ABŞ-ın regiona artan marağından suverenliyimizin möhkəmləndirilməsi və iqtisadiyyatımızın inkişafı üçün istifadə etməliyik. Ümid edirəm ki, bu proseslər məhz bu istiqamətdə inkişaf edəcək”, – deyə L.Mamaladze vurğulayıb.