Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması və “Tramp marşrutu” (TRIPP) təşəbbüsünün reallaşması Türkiyənin dəstəklədiyi Orta Dəhliz strategiyası çərçivəsində Cənubi Qafqazda iqtisadi inteqrasiyanın dərinləşməsinə və davamlı sülhün möhkəmlənməsinə töhfə verə bilər.
Bu fikri AZƏRTAC-a açıqlamasında türk ekspert Emre Diner bildirib.
Onun sözlərinə görə, hazırda dünyada geosiyasi maraq zonalarında köklü dəyişikliklər baş verir və bu transformasiyanın əsas istiqamətlərindən biri də Cənubi Qafqazdır. Tramp administrasiyasının Ermənistan və Azərbaycan istiqamətində atdığı son addımlar regionun beynəlxalq gündəmdə yenidən prioritetə çevrildiyini göstərir. Ekspert qeyd edib ki, bu proses təkcə ABŞ üçün deyil, eyni zamanda, Türkiyə, Azərbaycan və Ermənistan üçün də strateji əhəmiyyət daşıyır.
Ekspertin fikrincə, “Tramp marşrutu” Cənubi Qafqazda sülh perspektivlərini iqtisadi əməkdaşlıqla birbaşa əlaqələndirir. Ticarət dəhlizinin təhlükəsiz və davamlı fəaliyyəti üçün risklərin minimuma endirilməsi və Ermənistan-Azərbaycan münasibətlərində sabitliyin təmin olunması əsas şərtlərdən biridir. Bu kontekstdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, eləcə də bunun fonunda Türkiyə-Ermənistan əlaqələrinin inkişafı yeni nəqliyyat və ticarət xəttinin səmərəli işləməsi baxımından vacib amillərdir. TRIPP layihəsi ümumi çərçivədə Azərbaycanı Naxçıvan üzərindən Türkiyəyə birləşdirən və Ermənistan ərazisindən keçən xətti nəzərdə tutur. Layihənin mahiyyəti geoiqtisadi yanaşmaya əsaslanır. Dəhliz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən dəmir yolu, avtomobil yolu, enerji və rəqəmsal infrastruktur layihələrini əhatə etməklə, sülhü iqtisadi qarşılıqlı asılılıq üzərində qurmağı hədəfləyir. Bu modeldə sabitlik investisiyaların əsas şərti kimi çıxış edir.
Emre Diner vurğulayıb ki, Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Orta Dəhlizin mühüm halqasıdır. ABŞ Çin və Rusiyadan asılılığı azaltmaq niyyətində olduğu bir vaxtda, Mərkəzi Asiyanın enerji və strateji əhəmiyyətli mineral resurslarına çıxış xüsusi önəm kəsb edir. Lakin bu resursların qlobal bazarlara çatdırılması üçün təhlükəsiz və proqnozlaşdırılabilən nəqliyyat marşrutlarına ehtiyac var. Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması regionu geosiyasi tıxanma nöqtəsindən qlobal tranzit mərkəzinə çevirə bilər. Bununla da Azərbaycan və Türkiyə yeni regional iqtisadi düzənin mərkəzində daha aydın mövqe tuta bilər.
Ekspert ABŞ-ın yüksəksəviyyəli rəsmilərinin regiona səfərlərinə də diqqət çəkib. O bildirib ki, ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana və Ermənistana səfəri, Gürcüstanın isə proqramda olmaması ABŞ-ın prioritetlərinin dəyişdiyini göstərir. Bu, Azərbaycanın regionun əsas açar ölkəsi kimi önə çıxdığına dair mesaj kimi qiymətləndirilir.
“TRIPP layihəsi ilə Azərbaycan həm Xəzər hövzəsinin enerji resurslarının Avropaya çatdırılmasında, həm də Türk dünyasının Avropaya inteqrasiyasında geosiyasi və strateji rolunu daha da gücləndirir. Rusiya-Ukrayna müharibəsi fonunda Şimal dəhlizinin funksionallığının azalması Orta Dəhlizin əhəmiyyətini artırıb. Yeni marşrut Türkiyəni Orta Dəhlizin mərkəzinə çevirərək Asiya ilə Avropa arasında əsas körpü rolunu daha da gücləndirəcək və ölkənin mühüm tranzit statusunu möhkəmləndirəcək. Bu marşrut Mərkəzi Asiya ilə əlaqələrin daha dayanıqlı və davamlı olmasına da töhfə verəcək. TRIPP layihəsinin Türkiyə üçün əsas üstünlükləri sırasında Asiya ilə Avropa arasında körpü funksiyasının güclənməsi, yeni logistika və ticarət xətlərinə inteqrasiya, İran və Gürcüstana asılılığın azalması, nəqliyyat məsafələri və xərclərinin optimallaşdırılması, enerji və ticarət marşrutları üzərində təsir imkanlarının artması, həmçinin regional siyasi və iqtisadi rolun genişlənməsi yer alır”, - deyən Emre Diner, həmçinin bildirib ki, Cənubi Qafqazda baş verən bütün proseslər, o cümlədən TRIPP təşəbbüsü region ölkələri üçün mühüm strateji əhəmiyyət daşıyır. Layihənin reallaşması ilə geosiyasi balansda yeni konfiqurasiyanın formalaşacağı gözlənilir.
Ekspertin fikrincə, Orta Dəhlizin regionda yeni sülh mühiti yaradıb-yaratmayacağı və ya əlavə gərginlik riskləri doğuracağı proseslərin hansı model üzrə idarə olunmasından asılı olacaq. TRIPP layihəsinin vəd etdiyi iqtisadi imkanlar yalnız Türkiyə, Azərbaycan və Ermənistan kimi regional aktorların maraqları ilə uzlaşdırılmış şəkildə reallaşdırıldığı təqdirdə uğurlu nəticə verə bilər. Əks halda, mövcud dinamika daha mürəkkəb və riskli güc balansının formalaşmasına gətirib çıxaracaq.