2025-ci il artıq başa çatmaq üzrədir. Tarixi məzmununa görə bu il ölkəmizin və Azərbaycanın liderliyi ilə ümumən regionumuz üçün strateji baxımdan bütün sahələrdə yüksək göstəricilərlə yadda qaldı. Azərbaycanda bu ili əlamətdar edən əsas məqamlardan ən mühümü isə dövlətimizin başçısının müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsidir. Bu addım müasir Azərbaycan dövlətçiliyinin iki əsas dayağını - hüquqi əsaslarını və milli iradəni ön plana çıxaran mühüm siyasi-ideoloji çağırış kimi il boyu aktual oldu və bundan sonra da öz aktuallığını qoruyacaqdır.
Qanunun aliliyinə hörmət
Konstitusiya hər bir dövlət üçün yalnız hüquqi sənəd deyil, cəmiyyətin necə yaşamaq istədiyini, dövlətin vətəndaş qarşısında hansı öhdəlikləri daşıdığını müəyyən edən ali qanundur. Azərbaycan Konstitusiyası insan ləyaqətini ən üstün dəyər kimi tanıyır, hüquq və azadlıqları birbaşa qüvvədə təsbit edir və dövlət hakimiyyətini bu çərçivə ilə məhdudlaşdırır. "Konstitusiya və Suverenlik İli" bu baxımdan hüquqi şüurun möhkəmləndirilməsi, qanunun aliliyinə hörmətin təşviqi ilə bağlı da mühüm nəticələrlə yadda qaldı.
Suverenlik isə, bildiyimiz kimi, dövlətin müstəqil iradəsi, siyasi qərarlarını kənar təsirlərdən azad şəkildə qəbul etmək bacarığıdır. Azərbaycanın suverenliyi yalnız beynəlxalq hüquqda tanınmış ərazi bütövlüyü deyil, eyni zamanda milli maraqlara söykənən müstəqil siyasət xəttidir. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunması son əsrlərdəki ən böyük dövlətçilik nailiyyətlərimizdəndir.
Konstitusiya və Suverenlik - bu iki anlayış bir-birini tamamlayır. Suveren dövlət Konstitusiyasını özü müəyyən edir, Konstitusiyaya söykənən dövlət isə suverenliyini daha möhkəm qoruyur. 2025-ci ilin məhz "Konstitusiya və Suverenlik İli" adı altında qeyd olunması Azərbaycan cəmiyyətinə də, dünyaya da açıq mesajdır ki, güc hüquqda, sabitlik qanunda, gələcək isə milli iradədədir.
Bu mənada, "Konstitusiya və Suverenlik İli" təkcə yubiley xarakteri daşımayaraq hüquqi dövlətin dərinləşdirilməsi, vətəndaş-dövlət münasibətlərində etimadın gücləndirilməsi və müstəqilliyin ideoloji əsaslarının daha da möhkəmləndirilməsi baxımından mühüm bir strateji mərhələnin əsasını qoydu.
Bu gün Azərbaycan Respublikasında qanunun aliliyi, dövlət institutlarının müstəqilliyi və öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə ciddi şəkildə əməl edilir. Demokratik institutların sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas elementlərinin qurulması və digər amillər ölkəmizin demokratiya yolu ilə irəliyə getmək əzmini və iradəsini göstərir. Cəmiyyətin bütün üzvləri əminliklə deyə bilər ki, dayanıqlı inkişaf, insan hüquqlarının və azadlıqlarının müdafiəsi yalnız milli hüquq qaydası çərçivəsində və dövlətin suveren səlahiyyətlərinə ciddi riayət olunması şəraitində təmin edilə bilər.
İnsan mərkəzli dövlətçilik fəlsəfəsi
Azərbaycan Respublikası Konstitusiyasının çox böyük bir hissəsi - III fəsli insan hüquq və azadlıqlarına həsr olunmuş, müasir dövlətçilik anlayışının əsas göstəricisi kimi bu normalara geniş yer ayrılmışdır. Bu fəsildə təsbit olunmuş müddəalar göstərir ki, dövlətin mərkəzində insan, onun ləyaqəti və azad iradəsi dayanır, hüquqlar isə Konstitusiyada sadəcə bəyan edilmir, birbaşa qüvvədə olan ali dəyər kimi ifadəsini tapır. Bu mənada Azərbaycan Respublikası Konstitusiyasının "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəsli təkcə hüquqi normaların toplusu deyil, bu fəsil müasir Azərbaycan dövlətçiliyinin insan mərkəzli fəlsəfəsini, dövlətlə vətəndaş arasındakı münasibətlərin dəyər əsasını və hüquqi dövlət anlayışının praktik mexanizmini ifadə edir.
Bu fəsil insan ləyaqətinin toxunulmazlığı ilə başlayır (maddə 24). Hüquqlar insanın dünyaya gəldiyi andan mövcuddur, ayrılmazdır, pozulmazdır. Dövlətin rolu isə bu hüquqları tanımaq, qorumaq və təmin etməkdir.
Eyni maddədə hüquq anlayışının məsuliyyətlə vəhdətdə təqdim olunması da çox mühüm məqamdır. Konstitusiya açıq şəkildə bildirir ki, hüquqlar cəmiyyət qarşısında vəzifələri də ehtiva edir və onlardan sui-istifadə yolverilməzdir. Bu yanaşma hüququ anarxiya deyil, nizam və ədalət çərçivəsində azadlıq kimi təqdim edir.
Hüquqi dövlətin əsas sütunu
25-ci maddədə təsbit olunmuş qanun və məhkəmə qarşısında bərabərlik prinsipi isə hüquqi dövlətin əsas sütunudur. Bu maddədə irq, din, dil, cins, siyasi əqidə və sosial mənsubiyyət əsasında istənilən ayrı-seçkilik qadağan edilir. Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstitusiyasında yalnız diskriminasiya yasaqlanmır, eyni zamanda hansısa sosial qruplara mənsubiyyət amilinə görə zərər vurula bilməz. Xüsusilə sağlamlıq imkanları məhdud şəxslərlə bağlı müddəalar Konstitusiyanın sosial həssaslığını nümayiş etdirir.
Azərbaycan Respublikası Konstitusiyanın mühüm ideyalarından biri də hüquqların mexanizmlərlə təmin olunmasıdır. 26-cı maddə və sonrakı müddəalar göstərir ki, hüquqlar yalnız kağız üzərində deyil, inzibati və məhkəmə müdafiəsi, hüquqi yardım, apellyasiya və kompensasiya mexanizmləri ilə möhkəmləndirilir.
Xüsusilə 60-68-ci maddələrin müvafiq bəndlərində məhkəməyə çıxış, ədalətli araşdırma, təqsirsizlik prezumpsiyası, özbaşınalıqdan müdafiə, dövlətin vurulmuş zərərə görə məsuliyyəti və sairə kimi prinsiplər hakimiyyətin vətəndaş qarşısında cavabdehliyini təsbit edir.
Yaşamaq hüququ (maddə 27) da insanın ən mühüm hüququ olaraq Azərbaycan Respublikası Konstitusiyası ilə müstəsna dəyər kimi qorunur. Ölüm cəzasının ortadan götürülməsi Azərbaycanın beynəlxalq humanizm prinsiplərinə sadiqliyindən irəli gəlir. Azadlıq, təhlükəsiz yaşamaq, şəxsi və ailə həyatının toxunulmazlığına dair maddələr müasir dövrdə xüsusilə aktual olan şəxsi məlumatların qorunması, izləmə və müdaxilə məsələlərində hüquqi çərçivə yaradır. Əsas Qanunumuzun 32-ci maddəsi bu baxımdan Konstitusiyanın ən detallı və müasir müddəalarındandır.
Əmək, istirahət, sosial təminat, sağlamlıq, təhsil, mənzil hüquqları da Konstitusiyada bütöv bir tam kimi təqdim olunmuşdur ki, bu, dövlətin yalnız "mühafizəçi" deyil, rifah yaradan güc olduğunu göstərir. Xüsusilə əmək hüququ məsələlərində məcburi əməyin qadağan edilməsi, minimum əməkhaqqı, işsizliyə qarşı dövlət öhdəliyi ilə bağlı normaların müəyyənləşdirilməsi Azərbaycanın sosial dövlət modelinin hüquqi ifadəsidir.
Amnistiya
Müasir dövrdə dövlət-vətəndaş münasibətlərində humanizm prinsipi və onun tətbiqi mühüm yer tutur. Dövlətin öz vətəndaşları ilə davranışının başqa xarakteri sadəcə olaraq təsəvvür edilmir.
Əlbəttə, birmənalı şəkildə iddia etmək olmaz ki, dünyanın bütün ölkələrində dövlət və vətəndaşın qarşılıqlı münasibətlərində humanistlik hakim mövqeyə malikdir, başqa sözlə, dövlət və ona rəhbərlik edən şəxslər insanilik, mərhəmət məhfumlarına kifayət qədər əhəmiyyət verirlər. Təəssüf ki, hələ də dünyanın bir çox dövlətində Orta əsrlərə xas yanaşma üsulları üstünlük təşkil edir, yaxud bu cür üsullar cəmiyyətdaxili münasibətlərdə istisna olunmur. Belə praktika müasir inkişaf tendensiyaları ilə bir araya sığmır və şübhəsiz ki, onun gec-tez bəşəriyyət tərəfindən rədd edilib tarixə qovuşacağı danılmazdır.
1998-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə ölkəmizdə ölüm hökmü ləğv edildi. Təbii ki, hər hansı cəmiyyətin üzvləri arasında dövlətin qanunlarını bu və ya digər şəkildə pozan, ona görə də cinayət məsuliyyətinə cəlb edilib azadlıqdan məhrum edilənlər də olur. Elə bir ölkə yoxdur ki, bu kateqoriyalı vətəndaşları olmasın.
Eyni zamanda tamamilə aydındır ki, azadlıqdan məhrum edilmiş şəxslər insanlıqdan kənarda deyillər. Mərhəmət, rəhmlilik kimi keyfiyyətlər onlara da şamil edilir. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri humanizmdir. Dövlətimizin başçısı 1993-cü ilin məlum iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra humanizm dövlət siyasətinin əsasında duran başlıca prinsiplərdəndir.
Ulu Öndərin müəyyən etdiyi humanist hüquq siyasəti sonrakı dövrlərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilib. Eyni zamanda Heydər Əliyev Fondu və onun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da deputatlıq fəaliyyəti dövründə bu irsə sadiq qalaraq bir sıra amnistiya təşəbbüsləri ilə çıxış edib. Son 30 il ərzində imzalanmış 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb, 12 amnistiya qərarı isə 130 mindən çox şəxsə şamil olunub.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında genişmiqyaslı amnistiya qərarı layihəsini Milli Məclisə təqdim etməsi və qəbulu dövlətimizin Konstitusiya ilə elan olunmuş insan hüquqlarına hörmət, humanizm və qanunun aliliyi prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi.
"Konstitusiya və Suverenlik İli" kimi əlamətdar dövrdə müzakirəyə çıxarılan bu akt dövlətimizin öz institutlarının möhkəmliyinə və hüquq sisteminin yetkinliyinə inamını əks etdirir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu yeni tarixi reallıq şəraitində belə bir qərarın qəbul edilməsi ictimai sabitliyin möhkəmlənməsinə, hüquq siyasətinin humanistləşdirilməsinə və Azərbaycan dövlətinin konstitusiya prinsipləri əsasında inkişafına dəyərli töhfə verəcək.
Bu cür humanist ənənənin davamı o deməkdir ki, demokratik inkişafın əsas istiqamət kimi diqqətdə saxlanıldığı indiki zamanda Azərbaycanda vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədə qorunur. Multikultural və tolerant dövlət kimi humanizm siyasəti beynəlxalq aləmdə dəstəklənən, təbliğ edilən Azərbaycanda vətəndaşlara göstərilən xüsusi diqqət və qayğı bir daha təsdiqləyir ki, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatların, qəbul olunan qərarların əsasını humanist prinsiplər təşkil edir. Bu baxımdan, azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı Prezident sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir. Parlamentdə qəbul olunan amnistiya aktı əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədidir. Bu akt ümumilikdə 20 minə yaxın şəxsə şamil ediləcək ki, onlardan 5 mindən çoxu azadlıqdan məhrumetmə cəzasından azad olunacaq. İcra üçün dörd aylıq müddət nəzərdə tutulur.
Mədəni, dil və milli kimlik hüquqları
Milli mənsubiyyət, ana dili, mədəniyyət və yaradıcılıq hüquqları Azərbaycan Respublikasının Konstitusiyasında ayrıca vurğulanmışdır. Bu müddəalar milli kimliyin qorunması ilə vətəndaş bərabərliyinin uzlaşdırıldığını göstərir. Əsas Qanunumuza görə, Azərbaycanda heç kəs milli mənsubiyyətini dəyişməyə məcbur edilə, heç kəs ana dilindən istifadədən məhrum edilə bilməz.
Seçki, birləşmək, söz, fikir, vicdan, toplaşmaq azadlıqları Konstitusiyada demokratik iştirakın hüquqi bazasını yaradır. Bu hüquqlar yalnız azadlıq deyil, siyasi məsuliyyət tələb edən mexanizmlər kimi təqdim olunur. Eyni zamanda dövlətin zorakılıq və Konstitusiya əleyhinə fəaliyyətlərə qarşı müdafiə xətti də aydın şəkildə çəkilir.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi Konstitusiyanın insan hüquq və azadlıqları ilə bağlı ən mühüm məqamlarındandır. Burada insan hüquqlarının birbaşa qüvvədə olması, beynəlxalq öhdəliklərlə uzlaşması, fövqəladə hallarda belə tam ləğv edilə bilməməsi açıq şəkildə təsbit edilir. Bu, Azərbaycan Konstitusiyasını klassik hüquq bəyannamələrindən fərqləndirən mühüm cəhətdir.
Bütün bu qeydlərdən bir daha görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının insan hüquqları ilə bağlı fəsli hüquqi mətn olmaqla yanaşı, dövlətin vətəndaşa baxışının manifestidir. Burada insan ləyaqəti ali dəyər kimi qəbul edilir, hüquqlar real mexanizmlərlə qorunur, azadlıq məsuliyyətlə tarazlaşdırılır, dövlət isə hüquqların təminatçısı kimi çıxış edir.
Azərbaycanda hüquqi dövlət anlayışı yalnız institutlar deyil, dəyər sistemi üzərində qurulub. Azərbaycan Konstitusiyası da bu dəyərləri məhz insan hüquqları üzərindən formalaşdırıb.
İradə ƏLİYEVA,
"Azərbaycan"