Azərbaycan
xalqının milli geyimləri maddi mədəniyyət nümunələrindən sayılmaqla, özünə xas olan
xüsusiyyətləri əks etdirir və etnik nişanələrə aiddir.
Azərbaycan
XVII əsrdə Yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı. Şirvan burada
ən iri ipəkçilik əyaləti idi. Bundan başqa,
Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı inkişaf edirdi.
Bu rayonlarda ipəkdən çox bəzəkli, naxışlı, zərif qadın baş örtükləri istehsal olunurdu.
Milli qadın geyimlərimiz
"Gülüm” tikiş
sexinin modelyer-dizayneri Mətanət Nəcəfova ilə söhbətdən məlum oldu ki, o zamanlar
geyimin stili, adətən, onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi:
"Subay qızların geyimlərı qadınlarınkından fərqlənirdi. Cavan qızlar daha parlaq
və çux geyinərdilər. Kişi və qadın geyimləri Azərbaycanın bütün etnik, tarixi zonalarında
eyni idi. Bununla belə kişi geyimləri yiyəsinin mənsub olduğu sinfi də əks etdirirdi.
Öz formasına görə böyüklərlə uşaqların geyimi eyni olsa da, bəzi xüsusiyyətləri
və ölçüsü ilə fərqlənirdi”.
Həmsöhbətimizin
fikrincə, Azərbaycanın qədim tarixinin bir hissəsini təşkil edən milli geyimlərdə
xalq yaradıcılığının bədii xüsusiyyətləri, bəzək əşyaları, toxuculuq və s. əks olunur:
"Təəssüflər olsun ki, bu gün milli geyimlərimiz unudulmaq təhlükəsi qarşısındadır.
Ona görə də onları bərpa etməklə yeni nəslə sevdirməliyik”.
Mətanət Nəcəfova
onu da bildirdi ki, tirmə, məxmər və bir neçə növ ipək parçadan tikilmiş qadın geyimləri
bəzi xüsusiyyətlərinə görə müxtəlif cür adlanırdı: "güləcə” - astarlı olmaqla yanaşı,
tirmədən, məxmərdən, "baharı” - ən çox məxmərdən, "kürdü” - tirmə, məxmər parçadan
tikilərək, xəz dəri və sıx naxışlarla, tirmə və məxmərdən tikilən eşməyin isə ətəyi
və qolları xəz dəri və qızılı şəbəkə torla bəzədilirdi”.
Milli geyim
dəsti deyəndə, baş geyimləri və ayaqqabılar, zərgərlik məmulatları nəzərdə tutulur.
Cəlbedici, gözəl, rəngarəng olan qadın baş geyimlərinə kəlağayılar, çalmalar, ləçək,
örpək, çadra və s. daxil idi. Bu geyimlərin geniş yayılan növlərindən biri ipək
kəlağayıdır. Yaşlı qadınlar açıq sarı - qəhvəyi, açıq mavi rəngli kəlağayı örtər,
müxtəlif cür bağlayardılar. Qadın papağı adlanan təsəyin naxışlarının növünə görə
müxtəlif adları mövcuddur: mirvari papaq, qızılı papaq, ay-ulduzlu və s.
Qadın geyiminin
elementlərindən biri də baş sarğısı - çutqu olub. O, qara, tünd göy sətin, atlas, çitdən, hər iki
tərəfi açıq, ensiz örtük şəklində tikilirdi. Onu başa lent şəklində bağlayardılar.
Çutqu bağlamaq ev və çöl işləri görmək üçün daha rahat sayılardı. Çutqu həm də gigiyenik
cəhətdən əhəmiyyətli idi. Üstündən yaylıq və ya ipək, pambıq örtüklər örtərdülər.
Azərbaycanda çutqu əsasən ötən əsrin 40-ci illərinədək yaşadılıb.
Milli kişi geyimləri: əzəmət, qürur və ciddilik rəmzi
Kişilərin
milli geyimlərinə gəlincə, onu deyə bilərik
ki, zaman-zaman dəyişilən üst köynək, arxalıq,
qaba və çuxadan (çiyinüstü) ibarət olub. Arxalıq ipək, atlas, kişmir, mahud, sətin
parçalardan, qaba isə çiyinüstü üst geyim olmaqla, tirmədən tikilərdi.
Türban əmmamə
(çalma növü) deməkdir. Ölkəmizdə ağ türban geniş yayılmışdı. Ali ruhani təbəqəsi
əsasən yaşıl əmmamə geyinirdi. XIX əsrin sonu,
iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda kişi və qadın ayaqqabılarının
bir neçə növü mövcud olub. Azərbaycanlılar, xüsusən kəndlilər arasında ən çox yayılmış
ayaqqabı növü olan çarıqlar qaramalın dərisindən, ya da daha mükəmməl üsulla emal
olunmuş dəridən - aşılanmış göndən tikilərdi.
Sonuncular
daha bahalı idi və onları varlı kəndlilər, xam dəridən hazırlananları isə kasıblar
geyinərdi. Çarıqları yun corabların və ya pambıq parçadan dolamaların (patava, dolaq)
üzərindən geyinərdilər. Təkburun, şirazı, qızqaytaran, şatırı, quşburun, şirvani,
kalmani, şirmai və s. çarıq növləri olub. Çarıqlar iki növ bağla bağlanırdı: hörmə
yun (toxunma bağ), ya da əyrilmiş (eşmə) bağla.
Digər ayaqqabı növü yüngül çust idi ki, onları
çox vaxt qara tumacdan tikərdilər. Hər iki cinsin nümayəndələri üçün, xüsusən şəhərlərdə
ən çox yayılmış ayaqqabı növü dabanlı (pollu başmaq, məxməri başmaq), arxa hissəsi
olmayan, dikburun dəri başmaqlar idi. Onları
tikdirmək üçün şəhərlərdə çəkməçilərə sifariş verirdilər. İrandan gətirilən
tumac, məxmər və ya dəridən tikilmiş başmaqları həm kişi (mərdanə başmaq), həm də
qadın (zənanə başmaq) geyirdi.
Bakı və Abşeronda
kişilər, əsasən, dabansız yüngül yay çustlarından istifadə edirdilər. Dübəndi adlanan
bu ayaqqabılar meşindən tikilirdi. Onlar iki iplə bağlanır və gündəlik ayaqqabı
hesab olunurdu. XX əsrin əvvəllərində yerli ayaqqabı Avropadan gələn növlərlə sıxışdırıldığından
çəkməçilərin sayı da kəskin surətdə azaldı. Xrom çəkmələri son illərə qədər həm
hərbçilərin, həm də aşıqların ayaqlarında görmək mümkün idi. İkinci Dünya müharibəsi
dövründə o, daha çox dəbdə olub.
Naxışlı yun və pambıq corablar
Azərbaycanda
elə bölgə yox idi ki, orada əllə toxunan corab geyinməsinlər. Corabları qadınlar
toxuyurdu. Xammal kimi həm qoyun, həm də dəvə yunundan istifadə edirdilər. Dağlıq
ərazilərdə uzunboğaz, mülayim iqlimi olan yerlərdə isə qısaboğaz corablar toxunurdu.
Corablar həm adi, həm də təntənəli günlər üçün nəzərdə tutulurdu. Bəzəkli corablar
satışa çıxarılardı, onları kənd təsərrüfatı məhsullarına da dəyişirdilər. Həmin
corablar bu gün ya paytaxt Bakının İçərişəhərində,
sərgi-satışlarda, ya da ayrı-ayrı ailələrdə yaşlı nəslin ayaqlarında görmək mümkündür.
Qarabağda
xalça ornamenti ilə toxunan "gəbə corabı”, adətən, gəlinin cehizində olardı ki,
onların gözəlliyinə xüsusi diqqət yetirirdilər. Ən yaxşı corab nümunələri nəsildən-nəslə
keçirdi. Kişi corablarından fərqli olaraq qadınların geyindikləri, adətən, parlaq,
gözəl və mürəkkəb rəsmlər, dolğun rəng ahəngi ilə zəngin idi. Əksər hallarda kişi
corabları sadə naxışlı, ağ, qara və s. olurdu. Corabların regionlar üzrə müxtəlif
növləri mövcud olsa da, toxunma üsulları bir-birindən seçilmir, yalnız naxışlarla
fərqlənirdi.
Azərbaycanın
milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş maddi və mənəvi mədəniyyət
nümunələrindəndir. Milli geyimlər bir çox muzeylərdə qorunub saxlansa da, onların
restavrasiyası və tikilməsi ilə məşğul olan sənətkarlar, demək olar ki, barmaqla
sayılacaq qədər azdır. 2009-cu ildən bu işlə məşğul olan Bakı Milli Geyim Evi ölkəmizdə bəlkə də yeganə ünvandır ki, burada
hər yaş üçün milli geyimlər tapmaq mümkündür. Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin
bildirdiyinə görə, onlar bu işə 20 geyimlə başlayıb. Bu gün isə buradan hamı geyinə
bilər.
Kollektiv
Novruz bayramında milli geyim sərgisi keçirib. Dənizkənarı Milli Parkda 70 geyim
sərgiləyib. Azərbaycan Dövlət Rəqs Ansamblı milli geyimlərin nümayişində yaxından
iştirak edir.
Hər ilin mart ayında milli geyimlərimiz nümayiş etdirilir
Bu, artıq bir ənənəyə çevrilib. Maraqlısı odur
ki, ayın tarixinə uyğun olaraq, 15 nəfər gənc milli musiqi sədaları altında geyimləri
təqdim edir. Dünyanın bir çox ölkələrində - qardaş Türkiyədə, eləcə də Amerika,
Çin, Birləşmiş Ərəb Əmirlikləri, Avropa, Rusiya və s. dövlətlərdə sərgilənən milli
geyimlərimiz insanları heyran qoyur.
Hər bölgənin
özünün geyimi olduğu kimi, fərqli kəsimi, bəzəyi də var. Məsələn, Qarabağ paltarlarının
üst və alt parçası eyni olur. Bakıda tamamilə başqa cürdür. Qarabağ yaxalıqları
oyma yaxa, qönçə yaxa, buta yaxa çox gözəldir. Bunları gənclər geyinir. Bəzən köhnə
kəsimləri saxlamaqla geyimlərə də yenilik gətirilir. Ən əsası odur ki, Bakı Milli
Geyim Evində çalışanlar gənclərdən ibarətdir.
Könül Vəlibəyova
fərəhlə bildirdi ki, bu gün keçmişə, etnogeyimlərə bir qayıdış var: "Buna görə də
biz milli geyimləri yaşatmaqla bərabər, naxışları da gündəlik geyimlərimizə köçürə
bilərik. "Gözəllik ondursa, doqquzu dondur”. Bu fikir əsrlərin sınağından çıxıb.
Bəli, milli geyimi daşımaq üçün gözəllik, qamət, şuxluq da lazımdır.
Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV
(foto),
"Azərbaycan”