Bütün orqanizmlər
DNT-yə sahibdir. Dezoksiribonuklein turşusu (DNT) canlı orqanizmin formalaşması
və həyati proseslərini davam etdirməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər
arasında ötürülən biopolimerdir.
DNT tarixdə
ilk dəfə isveçrəli həkim Fridrix Mişer tərəfindən 1869-cu ildə kəşf edilib. Zülallar
üzərində tədqiqat aparan Mişer, onlardan çox fərqli özəlliklərə sahib olan və sadəcə
hüceyrə nüvəsində tapılan bir maddə diqqətini cəlb edincə, bu yeni maddəyə nüvə
mənasına gələn "nuklein” adını verib.
Mütəxəssis
genetik Elxan Rəsulov deyir ki, insan bədənində 50 mindən artıq gen var. Hər bir
genin nukleotid ardıcıllığında minlərlə, on minlərlə nukleotid var. Bu həm bitki,
həm də heyvanat aləminə aiddir, yəni eyni qanunauyğunluğa demək olar ki, bütün canlılarda
rast gəlinir. DNT-dəki bu məlumatlar sadəcə fiziki xüsusiyyətləri müəyyənləşdirmir.
Eyni zamanda hüceyrə və orqanizmdəki minlərlə müxtəlif hadisə və sistemə də nəzarət
edir. O cümlədən irsi xəstəliklər nukleotidlərdə baş verən dəyişikliklərlə əlaqədardır.
Mütəxəssis
bu dəyişikliklərin yaranma səbəbləri və nəticələri haqda bildirir ki, insanda 6
mindən artıq irsi xəstəlik mövcuddur. Bu xəstəliklərin yaranma səbəblərindən biri
də bir nukleotidin digəri ilə əvəzlənməsi ola bilər. Yaxud bir nukleotidin çatışmazlığı
və ya əksinə, artıqlığı yaranar. Bunlar mutasiyalar olub xarici mühitin orqanizmə
təsirindən əmələ gələ bilər. Kimyəvi, fiziki və bioloji təsirlər var. Kimyəvi təsirlər
deyəndə əsasən dərmanlar, fiziki təsirlər ultrabənövşəyi şüalar, radiasiya, elektromaqnit
dalğalar, bioloji təsirlər isə ən sadə halda, qrip xəstəliyi və ya məxmərək nəzərdə
tutulur.
Nukleotidlərdə
baş verən dəyişikliklər talassemiya xəstəliyinin yaranma səbəblərindən də biridir.
Bir nukleotidin digəri ilə əvəzlənməsi irsi qan xəstəliyi olan talassemiyaya səbəb
ola bilər.
DNT analizi
Mütəxəssis
məlumat verir ki, son zamanlar genetika sahəsində elmi irəliləyişlərə nail olunub.
Ana bətnindəki dölün genetik aparatı, yəni DNT molekulu nüvədə yerləşir. Bundan
əlavə, nüvə daxilində olan metaxondrilərin ayrıca genetik aparatı var. Onun tərkibində
25-30 gen olur. Əgər bunlardan birində mutasiya baş verirsə, bu, əzələ-sinir sistemində
xəstəliyə gətirib çıxarır. Bunun qarşısını almaq üçün ananın nüvəsi donorun hüceyrə
nüvəsi ilə əvəz olunur. Beləliklə, müasir genetikanın bu kimi imkanı sağlam uşaqların
dünyaya gəlməsi ilə nəticələnir.
İnsan genetikası,
fiziologiyası haqqında ətraflı məlumat almaq üçün yalnız bir üsul var - DNT analizi.
DNT insan orqanizminin məlumat bankıdır. Bu məlumat bankı istər içində yerləşdiyi
hüceyrənin, istərsə də bədəndəki digər bütün hüceyrələrin quruluşları və ehtiyacları
haqqında hər cür məlumatı saxlayır.
DNT analizi
ölkəmizdə "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris
Birliyindəki müasir avadanlıqlarla təchiz olunan molekulyar-genetik laboratoriyada
həyata keçirilir. Bu laboratoriyada mülki və cinayət işləri ilə bağlı məhkəmə-istintaq
orqanları tərəfindən təyin edilən qərar əsasında məhkəmə-tibbi genetik ekspertizalar
beynəlxalq normalara uyğun həyata keçirilir.
DNT-nin təhlilinə
əsasən keçirilən genetik ekspertizalar zamanı mübahisəli atalığın, analığın, qohumluq
əlaqələrinin təyini, cinayət törədildikdə hadisə yerindən götürülən bioloji mənşəli
obyektlərin (qan, ağız suyu, dırnaq, tük və s.) tədqiqi zamanı şəxsiyyətin identifikasiyası
həyata keçirilir.
Təcrübə sübut
edir ki, kütləvi insan tələfatı ilə nəticələnən hadisələrdə aşkarlanan, tanınmaz
hala düşən meyit və ya meyit qalıqlarının identifikasiyası zamanı genetik metodların
tətbiqi olmadan konkret nəticə əldə etmək mümkün deyil.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”