Dekabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda komitə sədri Əli Hüseynli Prezident İlham Əliyevin amnistiya təşəbbüsü barədə danışıb. Bildirib ki, bugünkü iclasın birinci məsələsi də “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərar layihəsidir. Bu layihə 4 hissədən ibarətdir. Komitə sədri layihənin Amnistiya tətbiq edilən şəxslərin dairəsi, Amnistiyanın tətbiqinə məhdudiyyətlər, Amnistiya aktının hüquqi qüvvəsi və Amnistiyanın tətbiqi qaydaları adlı hissələri barədə məlumat verib.
Bildirilib ki, bu günədək tətbiq edilmiş ən böyük amnistiya aktı olacaq bu sənəd 20 mindən çox şəxsə şamil ediləcək. Humanistlik aktı olan amnistiyaların elan olunmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan həmişə bir dövlət kimi bu sahədə nümunə olub. Komitə sədri bu aktın “Konstitusiya və Suverenlik İli”nin sonunda xalqımıza verilmiş ən böyük töhfələrdən biri olacağına əminliyini ifadə edib.
İclasda çıxış edənlər bu amnistiya aktını ölkəmizdə həyata keçirilən humanist siyasətin ən uğurlu göstəricilərindən biri kimi xarakterizə ediblər. Deputatlar bu aktın ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ilk amnistiya aktı kimi mühüm əhəmiyyətindən danışıblar, bu təşəbbüsü irəli sürdüyünə görə seçicilərinin adından Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Sonra iclasda çıxış edən ədliyyə nazirinin müşaviri Seyfəlpaşa Əliyev amnistiya aktı ilə bağlı bir sıra məsələlər barədə məlumat verib.
Daha sonra komitə sədri bildirilib ki, gündəliyin növbəti məsələsi - Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra məsələlərin daha təkmil tənzimlənməsini nəzərdə tutur.
Komitənin gündəliyinin 3-cü məsələsi isə Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi(ikinci oxunuş) əmək münasibətlərində çevik və sosialyönümlü tənzimləmələrin tətbiqini, əmək normalarının beynəlxalq əmək normaları nəzərə alınmaqla təkmilləşdirilməsini təklif edir.
Müzakirələrdən sonra gündəlikdəki hər üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.