Pambıq yığımına az qalıb. Fermerlər aylardan bəri min bir əziyyətinə qatlaşdıqları "ağ məhsul"u tədarük etməyə başlayacaqlar.
Qeyd edək ki, bu il pambıqçılar üçün heç də asan olmamışdır. Yazda havaların qeyri-sabit keçməsi əkini müəyyən qədər ləngitmiş, nisbətən erkən əkilmiş sahələrdə isə bitkilərin normal inkişafını yubatmışdır. Lakin pambıqçı fermerlər ruhdan düşməmiş, təbiətin şıltaqlıqlarının gətirdiyi fəsadları aradan qaldırmaq üçün əzmkarlıq göstərərək bütün aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə aparmışlar. Kultivasiya, ketmənləmə, yemləmə, suvarma işlərini lazımi səviyyədə həyata keçirmək, habelə ziyanvericilərə qarşı mübarizə tədbirləri sahələrdə bol məhsulun əmələ gəlməsinə şərait yaratmışdır.
Amma bu işlər elə-belə başa gəlməyib. Fermer sahəsini vaxtında suvarmaq üçün bəzən çöldə axşamlamalı olub, səhərini tarlada açıb. Gün çıxandan ulduzlar görünənə qədər pambıq kollarının nazını çəkib, qayğısına qalıb. Sahibkarların, becərmə ilə məşğul olan bütün heyətin bu dərəcədə əziyyəti hədər getməyib. İyul-avqust aylarında havaların isti keçməsi nəticəsində hər kolun üstündə kifayət qədər qoza yaranıb.
Neftçala rayonu üzrə cari il 6 min 735 hektarda pambıq əkilib. Əvvəlki illərdə olduğu kimi, indi də məhsulun ən azı 98 faizinin maşınlarla yığılması nəzərdə tutulub. "PRİME Cotton" şirkətinin filialı və "Aqroservis" ASC Sabirabad Regional Nümayəndəliyinin Neftçala bölməsi ilə birlikdə rayonda 32 "Conder" pambıqyığan maşını var. Onların hər biri təmir edilərək saz vəziyyətə gətirilib. İndi bu maşınlar fermerlərin, necə deyərlər, sahəyə çıxmaq barədə komandasını gözləyir.
"Aqroservis" ASC filialının qabaqcıl mexanizatorlarından Bəxtiyar Hüseynov, Heydər Həzərov, Qulam Rəsulov, Adil Qəfərov bu il də maşınlarını nümunəvi şəkildə saz hala gətiriblər. Sürücü-mexanizator H.Həzərov söhbət zamanı dedi:
- Amerika maşınına söz ola bilməz. Çox səliqəli və rahatdır. Ən isti havada kondisionerli kabinəsində oturub onu idarə etmək, məhsulu toplamaq adama xoş gəlir. Odur ki, hər gün orta hesabla 8-10 hektarın məhsulunu yığıb başa çatdıracağımıza əminik.
Seyran CAVADOV,
"Azərbaycan"