Fransa Prezidenti Emmanuel Makronun "Avropa Siyasi Birliyi"nin sammitində bəzi məqamları vurğulaması Azərbaycanın nə dərəcədə haqlı olduğunu bir daha təsdiqlədi. Xüsusən Makronun İrəvanı "Rusiyanın peyki" adlandırması bu barədə Azərbaycanın səsləndirdiyi fikirlərin Fransa tərəfindən reallıq kimi qəbul olunduğunu nümayiş etdirdi.
Halbuki münaqişə dönəmində Fransa Ermənistanı "demokratik və müstəqil ölkə" kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırdı. Ermənistanın müstəqil xarici siyasət yürütmək iqtidarında olmadığı, siyasi qərarlarının İrəvanda yox, kənar dairələrdə qəbul olunduğu təsbitləri inkar edilirdi. Lakin Makronun məhz İrəvanda Ermənistanın Moskvadan asılı olduğunu bildirməsi Azərbaycan liderinin diplomatik uzaqgörənliyinin növbəti sübutudur.
Azərbaycanda Ermənistanın forpost statusu ilə bağlı səslənən fikirlər konkret faktlara əsaslanıb. Ermənistan sərhədlərinin başqa ölkə tərəfindən qorunması, iqtisadi asılılıq, hərbi baza və digər məqamlar İrəvanın vassallığını təsdiqləyib. Bununla yanaşı, Makronun etiraf etdiyi kimi, müharibə dövründə Fransanın İrəvana dəstəyi, kəşfiyyat məlumatları ötürməsi, diplomatik təzyiqləri barədə də kifayət qədər faktlar olub. Fransa dəfələrlə Azərbaycan əleyhinə qətnamə layihələri hazırlayaraq BMT-nin Təhlükəsizlik Şurasından keçirməyə çalışıb. Lakin Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti, uzaqgörən addımları və Qoşulmama Hərəkatı çərçivəsində qurduğu sıx əlaqələr bu cəhdləri iflasa uğradıb.
Makronun çıxışı aydın şəkildə göstərir ki, Fransa 2020-ci ildə Azərbaycanın qələbəsini həzm edə bilməyib. Onun ermənilərə yönəlik "Rusiya sizi tərk etdi" ifadəsi İrəvana ünvanlanmış "yeni xilaskar" mesajıdır. Görünür, Ermənistanın hərbi-siyasi sisteminin çöküşünü Fransa özü üçün geosiyasi fürsətə çevirmək istəyir. Erməni cəmiyyətinin incikliyini körükləyərək, Fransanı "yeganə və sadiq müttəfiq" kimi təqdim edir.
Fransa dövlət başçısının "erməni əsirlər" məsələsində İrəvana dəstək vədi, "mənə arxalana bilərsiniz" sözləri bitmiş münaqişənin külünü eşələmək cəhdidir. Ola bilər, Fransa bu mövzunu gündəmdə saxlamaqla Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağı, Bakını hansısa güzəştlərə məcbur etməyi hədəfləyir. Lakin bu taktika indiyə qədər heç bir nəticə verməyib. Reallıqda Fransa 2020-ci ildə də, sonrakı dövrdə də Ermənistan üçün həlledici heç nə edə bilməyib. Makronun "biz yanınızdaydıq" ifadəsi Azərbaycanın döyüş meydanında və beynəlxalq diplomatik müstəvidə təkcə Ermənistana deyil, onun arxasındakı güclərə də qalib gəldiyinin bəyanıdır. O baxımdan bu cür bəyanatlar, sadəcə, Azərbaycan-Fransa münasibətlərinin daha da korlanmasına səbəb olur.
Ermənistan və Fransa rəhbərliyinin imzaladıqları hərbi-texniki sahədə əməkdaşlıq sənədləri də regionun təhlükəsizlik arxitekturasını sarsıtmağa yönəlmiş addımlardır. Fransanın bölgədə hərbi mövcudluğunu artırmağa çalışması "sülh tərəfdarıyam" deyən bir dövlət başçısının müqavilənin imzalanması ərəfəsində atdığı ən təzadlı addımdır.
Makronun İrəvan küçələrində qaçışması, rəqs etməsi, mahnı oxuması isə siyasi populizm və şou nümunəsidir. Dövlət başçısına yaraşmayan qeyri-ciddi hərəkətlərlə özünü erməni toplumuna sevdirməyə çalışan Makron bununla həm də öz ölkəsindəki erməni lobbisindən xal qazanmaq niyyəti güdür.
Nəticə etibarilə Bakının səsləndirdiyi fikirlərin bu gün Ermənistanın ən yaxın müttəfiqləri tərəfindən etirafı regiondakı geosiyasi mənzərənin köklü şəkildə dəyişməsinin təzahürüdür. Məhz Azərbaycan öz gücü, hərbi-diplomatik qələbələri ilə bu həqiqətləri Ermənistana, onun havadarlarına diktə edib və regionda yeni reallıqlar yaradıb. Fransanın İrəvana heç bir "dəstəy"i Ermənistana uğur vəd edə bilməz.
İ.QOCAYEV,
"Azərbaycan"