Bu dövlətin siyasi dairələri dərk etməlidirlər ki, təxribatçı cəhdləri Bakının sülh gündəliyini dəyişmək gücündə deyil
Regionumuzda münaqişə səhifəsinin qapanması və yeni geosiyasi reallıqların yaranması bəzi kənar qüvvələrin həqiqi niyyətini ortaya çıxardı. Uzun müddət Cənubi Qafqazla bağlı öz çirkin ambisiyalarını pərdələməyə çalışan dövlətlərin əsl məqsədləri ifşa olundu.
Daim qərəzli davranışı ilə ön planda olan belə dövlətlərdən biri də Fransadır. Ermənistana daim "təhlükəsizlik" vəd edən, "sizinləyəm" mesajları ötürən Paris, əslində, İrəvanı ağır məğlubiyyətə sürükləyən təhlükəli ssenarinin müəllifi oldu. Əvvəllər özünü "vasitəçi" kimi sırımağa çalışan, sonrakı dönəmdə açıq-aşkar Ermənistanın vəkili rolunda çıxış edən Fransa bölgədə gərginliyin əsas katalizatoru olduğunu isbatladı.
Xüsusilə Emanuel Makronun prezidentliyi dövründə Fransanın xarici siyasətində Azərbaycana qarşı qərəzli mövqe açıq formaya keçdi. Fransa diplomatiyasının tarixinə nəzər saldıqda, dövlət maraqlarını emosiyalardan üstün tutan və rasional qərarlar verən rəhbərlərin olduğunu görmək mümkündür. Ən azından əvvəlki prezidentlər dönəmində Paris müəyyən diplomatik etika çərçivəsində neytrallıq imitasiyası yarada bilirdi. Makronun dövründə isə bu pərdə tamamilə götürüldü. Bu yanlış siyasət təkcə Azərbaycanla münasibətləri gərginləşdirmədi, həm də Fransanın bütövlükdə Cənubi Qafqazda, ümumiyyətlə, beynəlxalq aləmdə etibarını itirməsinə səbəb oldu. Özünü "tərəfsiz" kimi təqdim edən bir dövlətin bu dərəcədə qərəzli və düşmən mövqe sərgiləməsi Fransanın qlobal oyunçu missiyasını da kölgə altına aldı.
Bakı və İrəvan arasında sülh prosesinin reallığa çevrilməsinə baxmayaraq, Fransa yenə öz ampluasındadır. Məsələ ondadır ki, Fransanın anti-Azərbaycan yanaşması təkcə dövlət başçısı səviyyəsində yox, diplomatik korpusun fəaliyyətində də özünü qabarıq büruzə verir. Hökumətin xarici siyasət idarəsinin rəhbəri Æan Noel Baronun bu günlərdə ölkə Senatında səsləndirdiyi iddialar rəsmi Parisin bölgədəki reallıqları hələ də qəbul etmək istəmədiyini nümayiş etdirir. Baronun Azərbaycanın suveren ərazisi olan Qarabağla bağlı qondarma terminlərdən istifadə etməsi və "mədəni irsin qorunması" bəhanəsi ilə Bakıya qarşı ittihamlar irəli sürməsi Fransanın bitib-tükənməz ambisiyalarını növbəti dəfə ifşa edir.
Azərbaycan XİN Fransa xarici işlər nazirinin Senatdakı qərəzli çıxışını cavabsız qoymayıb və qətiyyətlə pisləyib. Nazirliyin sözçüsü Ayxan Hacızadə Fransanın Qarabağla bağlı terminoloji təxribatlarını qəbulolunmaz adlandırıb. Açıqlamada qeyd olunub ki, Fransanın real faktları təhrif etməsi bölgədə sülh quruculuğu prosesinə zərbə vurur. Vurğulanıb ki, işğal dövründə Azərbaycan ərazilərində yüzlərlə məscid və digər tarixi-mədəni irs nümunələrinin dağıdılmasını görməzdən gələn Fransa nazirinin "mədəniyyət təəssübkeşi" kimi çıxış etməsi riyakarlığın pik nöqtəsidir. Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və hamısı qorunur. Fransanın UNESCO tərəfindən Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının reallaşması məsələsinə dair çağırışları da həqiqətin açıq-aşkar təhrifidir. Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılmasına çağırışlar etsə də, elə Fransa kimi ölkələrin əngəlləri nəticəsində mümkün olmayıb.
Baş verənlər onu da təsdiqləyir ki, onilliklər boyu ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransa heç vaxt obyektiv, tərəfsiz vasitəçi olmayıb. Tamamilə qapanmış və beynəlxalq hüquq müstəvisində artıq mövcud olmayan bir məsələnin Paris tərəfindən dövriyyədə saxlanılması Fransanın sülhün yox, gərginliyin tərəfdarı olduğunu büruzə verir. Bu ölkə Ermənistanı öz geosiyasi ambisiyaları üçün alətə çevirməkdən əl çəkmir. Fransanın bu cür davranışı Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına qarşı sistemli maneə kimi qiymətləndirilir. İrəvana birtərəfli dəstək, təhrikçi ritorika Ermənistandakı revanşist qüvvələrdə illüziya yaradır. Hərbi-texniki əməkdaşlıq adı altında atılan addımlar Ermənistanı sülh masasından uzaqlaşdıraraq, regionda yeni münaqişə ocağını alovlandırmağa təşviq edir.
Bütün bunlara baxmayaraq, Fransa və onun təsiri altındakı revanşist dairələr bir həqiqəti anlamalıdırlar. Diplomatik manipulyasiyalara, hərbi təxribatlara və beynəlxalq platformalardakı qərəzli cəhdlərə rəğmən Azərbaycanın yaratdığı yeni reallıqlar dəyişməzdir. Bakı artıq şərtləri müəyyənləşdirən güclü tərəfdir. Sülh regionun geri dönməz gerçəkliyinə çevrilib. Ona görə də Ermənistan üçün yeganə çıxış yolu kənar güclərin oyuncağına çevrilmək yox, Azərbaycanın təklif etdiyi birbaşa dialoq və səmimi sülh gündəliyinə uyğun addımlamaqdır.
İsmayıl QOCAYEV,
"Azərbaycan"