Tərtərdə toxum sərgi-satış yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Pərviz Yusifov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və yerli fermerlərin, habelə dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirak etdikləri tədbirin əsas məqsədi aqrar sahədə tətbiq olunan yeniliklər, fermerlərə verilən dövlət dəstəyi mexanizmləri, maliyyə alətləri və digər xidmətlər barədə kənd təsərrüfatı sahəsində çalışanların ətraflı məlumatlandırılması, eləcə də dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən şirkətlər və istehsalçılar arasında birbaşa işgüzar əlaqələrin genişləndirilməsi olmuşdur.
İlk olaraq Toxum Sərgi-Satış Yarmarkası təşkil edfilib. Yarmarkada fermerlərə müxtəlif kənd təsərrüfatı bitkilərinin sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim olunub. Fermerlərə əkin üçün düzgün sort seçiminin məhsuldarlığa təsiri, aqrotexniki qulluq qaydaları, torpaq-iqlim xüsusiyyətlərinə uyğun toxum istifadəsi, habelə Aqrar Subsidiya Şurasının toxumçuluqla bağlı yeni qərarları barədə ətraflı məlumat verilib.
Sərgi hissəsi yekunlaşdıqdan sonra tədbir “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda keçirilən panel müzakirəsi ilə davam edib. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC Şəmkir filialının rəhbəri Valeh Əsədovun moderatorluğu ilə baş tutan müzakirələrdə aqrar sektorun müxtəlif istiqamətlərini əhatə edən vacib mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərtər RİH-in başçısı Müstəqim Məmmədov çıxış edərək rayonda kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin dəstəklənməsi və bu qəbil tədbirlərin yerli istehsalçılar üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, dövlətin aqrar sektora göstərdiyi hərtərəfli diqqət və qayğıdan, müasir texnologiyaların tətbiqinin və keyfiyyətli toxum təminatının məhsuldarlığın artırılmasındakı mühüm rolundan danışıb.
Panel müzakirəsində isə Kənd Təsərrüfatı Nazirliyi şöbəsi müdiri Pərviz Yusifov çıxış edərək bitkiçilik sahəsində dövlət siyasəti, əkin sahələrinin effektiv monitorinqi və fermerlərə göstərilən dövlət dəstəyi mexanizmlərindən söz açıb. Sonra Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev yerli torpaq-iqlim şəraitinə uyğun yüksək məhsuldar toxum sortlarının yetişdirilməsi, elmi nailiyyətlərin istehsalata tətbiqi və toxumçuluq sahəsində aparılan tədqiqatlar barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Aqrar Xidmətlər Agentliyinin şöbə müdiri Fikrət Feyziyev runsertifikatlaşdırma prosesi, toxumun keyfiyyətinə nəzarət və fermerlərə göstərilən aqrar xidmətlərin operativliyinin artırılması məsələlərinə toxunub. Maliyyə alətləri və güzəştli kredit imkanları, o cümlədən aqrar biznesin maliyyələşdirilməsi, fermerlər üçün təşkil olunan əlverişli kredit məhsulları və bank xidmətləri haqqında isə “Unibank”ın Bərdə filialının müdiri Əbdülrəhman Abdullayev məlumat verib.
İnteraktiv formatda keçən panel müzakirəsinin sonunda fermerlərin sualları cavablandırılıb.
Lazım QULİYEV,
“Azərbaycan”