Ermənistan parlamentində növbəti dəfə siyasi debatın temperaturu yüksəlib. Bu dəfə deputatların söz duelinə çevrilən mübahisəsi az qala əlbəyaxa qarşıdurma ilə nəticələnib. Görünür, parlamentdə bəzən mikrofonun səsi də əsəbləri sakitləşdirməyə yetmir.
“Armenpress”in məlumatına görə, hadisə Milli Məclisin iclasında hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı baş verib. Çaxoyan “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyana söz ataraq onun əmisi oğlunun seçkilərdən əvvəl səsləndirdiyi fikirləri yenidən gündəmə gətirib.
Deputat xatırladıb ki, həmin şəxs hakimiyyətə gələcəkləri təqdirdə qadınların ehtiyaclarını ödəmək üçün ayrıca nazirlik yaratmaq niyyətini açıqlamışdı, lakin buna görə hələ də üzr istəməyib. Məhz bu xatırlatma parlamentdə gərginliyi artırıb. Narek Karapetyan əvvəlcə oturduğu yerdən reaksiya verib, daha sonra kürsüyə yaxınlaşıb. Sözlü mübahisə beləliklə, qarşıdurma həddinə çatıb.
Belə görünür, Ermənistanda seçkiqabağı siyasi ritorika parlamentin divarları arasında da öz təsirini göstərir. Bir tərəf köhnə vədləri yada salır, digər tərəf isə bu xatırlatmaları heç də xoş qarşılamır.
Parlamentin əsas işi qanunlar hazırlamaq, ölkənin problemlərini müzakirə etmək və siyasi rəqabəti fikir müstəvisində aparmaqdır. Amma bəzən bir cümlə gündəmi dəyişir, bir irad əsəbləri tarıma çəkir, deputatların kürsüyə doğru addımları isə müzakirənin istiqamətini tamam başqa səmtə yönəldir.
Görünür, bu dəfə parlamentdə sözlər elə sərt toqquşub ki, mübahisənin özünə ayrıca iclas keçirmək lazım gəlib.
“Azərbaycan”