O nə ağdərili tanıyır, nə qaradərili… Nə
müsəlmanlığı anlayır, nə yəhudiliyi, nə də xristianlığı… Böyük-kiçik, cavan-qoca,
varlı-kasıb da saymır…
Neçə-neçə imperatorun, bəy-xanın, yaradıcı
şəxslərin həyatına son qoyub... Zaman-zaman imperatorluqları çökdürüb, orduları
qırıb... Böyük siyasi çevrilişlərə, coğrafi, demoqrafik titrəmələrə yol açıb. Bəşəriyyətin
mövcudluğu boyunca Yer üzündə milyonlarla insanın ölümünə səbəb olub... Və sərhəd
tanımayan bu güc müxtəlif adlarla dünya tarixinə yazılıb. Ölümün isə bir ümumi adı
olub - epidemiya…
Hazırda tarixin qaranlıq səhifələrinə qərq
olan, böyük miqyasda insan tələfatına səbəb olan epidemiyalardan danışacağıq.
"Qara
ölüm”
Epidemiyaların tarixi insan oğlunun torpaqla
işləməyə başlaması zamanından ölçülür. Vəhşi torpaqların məhv edilərək əkin məqsədilə
istifadə edilməsi siçovulları, siçanları, gənələri, birələri və ağcaqanadları insanlara
daha yaxın yaşamağa məcbur edirdi. Bu heyvanlar özləri ilə taun, yatalaq, qızdırma...
kimi "sürprizlər” də gətirirdilər. Üstəlik, yüz minlərlə insanın yaşadığı şəhərlər
ortaya çıxdıqca kütləvi ölümlər də artırdı. Və bu, o qədər adi vəziyyət alırdı ki,
şumerlilər, misirlilər epidemiyaların tanrılar tərəfindən yayıldığına inanırdılar.
Təbii ki, o zamanlar insanlar kütləvi ölümlərin məntiqini uzun müddət anlaya bilmirdilər.
Baş verənlərin səbəbini ilk qavrayan insan yunan həkimi Hippokrat oldu. O, hava,
su və yer faktorlarının hər hansı birindəki ani dəyişikliyin epidemiyalara yol açdığını
söylədi.
İnsanlığın qarşılaşdığı ən qədim və qorxunc
epidemiyaların bəlkə də birincisi "qara ölüm” adlandırılan taundur. Hələ eramızdan
əvvəl V əsrdə ordular mühasirəyə aldıqları qalalardakı içməli suları zəhərləmək
üçün taun xəstəliyinə tutulmuş insanları, ya da heyvanları quyulara atırdılar.
1172-ci ildə bizanslılar Venesiya şəhərini mühasirəyə aldıqlarında şəhərin bütün
quyu və bulaqlarını taunlu heyvan leşləri ilə doldurmuşdular.
Bəşər tarixində taunun üç pandemiyası məlumdur.
527-ci ildən 580-ci ilə qədər davam edən birinci pandemiya tarixə "Yustinianın taunu”
adı ilə daxil olub. İmperator Yustinian 541-ci ildə Konstantinopolda taxtda oturarkən
Avropada başlayan epidemiya əvvəlcə Misirə, sonra Fələstinə, Suriyaya və Anadoluya
çatdı. Yustinian Konstantinopola bütün çıxışları bağlasa da, epidemiya şəhərə hərbi
hissələr tərəfindən gətirilən materiallar arasında olan siçovullar vasitəsilə daxil
olmuşdu. Siçanların tükləri arasında gizlənən bir millimetrdən az "Xenopsylla” adlı
böcək mədəsində ölümcül bakteriya daşıyırdı. Bu böcəklər uçaraq yaxınlıqdakı digər
siçanların tükləri arasında yerləşib qısa zaman ərzində çoxaldı. Böcək insan bədəninin
istənilən nöqtəsinə düşərək həmin şəxsi tauna yoluxdurdu və bir neçə gün ərzində
ölməsinə səbəb oldu. Bir həftə ərzində şəhərdə xəstəlik sürətlə yayılaraq kütləvi
ölümə yol açdı. Xəstəlik zamanı Konstantinopol əhalisinin 40 faizini itirdi. Epidemiya
işçi qüvvəsi və əsgər sayının azalmasına səbəb oldu və Bizansın zəifləməsi ilə nəticələndi.
Epidemiya Aralıq dənizinin liman şəhərlərinə və digər Yaxın Şərq ölkələrinə yayılıb,
oradan da Avropaya keçdi.
50 milyondan artıq insanın ölümünə səbəb
olmuş ikinci pandemiya 1334-cü ildə Çində başlayıb. Taun xəstəliyinə yol açan "Yersina
pestis” adlı bakteriyanın vətəni monqol bozqırları sayılır. O illərdəki həddindən
artıq istilər Asiya çöllərində yaşayan birələr və gəmirici heyvanları monqol çöllərinə
doğru sürmüşdü. Mədələri taun bakteriyası ilə dolu birələr monqol atlılarının kürəyində
Asiya və Avropanı dolaşdı. 1352-ci ildə Avropa əhalisinin üçdə bir hissəsi, yəni
25 milyon adam taundan həlak oldu.
Taunun üçüncü pandemiyası 1894-cü ildə Honkonqda
başlayıb və bir milyondan çox insanın həyatına son qoydu. Xəstəliyi gəmilərdəki
siçovullar yaydığı üçün sonrakı illərdə dünyanın 100-dən artıq limanında epidemiya
baş verdi və 12 milyondan artıq adam öldü. Bu pandemiya zamanı xəstəliklə bağlı
böyük kəşflər edildi. Fransız alimi A.Yersen və yapon alimi S.Kitazato xəstəliyin
törədicisini kəşf etdilər. Mikrobun yayılmasında siçovulların, çöl gəmiricilərinin
və birələrin rolu müəyyənləşdirildi, taunun təbii ocaqlılığı aşkar olundu.
1926-cı ildə V.A. Xavkin və başqaları tərəfindən peyvənd işlənib hazırlandı.
On milyonlarla insanı öldürən vəba
Çox qədim
tarixə malik xəstəlik olan vəba haqqında eramızdan əvvəl V əsrə aid sanskrit dilində
yazılar aşkarlanıb. Vəba epidemiyası çox güman ki, Hindistan yarımadasında başlayıb.
Xəstəlik ilk dəfə 1817-ci ildə ticarət yolları ilə Rusiyaya, daha sonra Avropanın digər hissələrinə, Avropadan Şimali
Amerikaya və bütün dünyaya yayılıb. O vaxtdan bəri on milyonlarla insanın həyatına
son qoyub. Təkcə Rusiyada 1847-1851-ci illər arasında 1 milyondan çox insan vəbadan
həyatını itirib. Xəstəlik 1827-1835-ci illər arasında davam edən ikinci pandemiya
dövründə 150 min amerikalının yaşamına son qoyub. 1848-1854-cü illər arasında bu
xəstəlik yalnız İngiltərədə 250 min yoxsulu öldürüb. Hindistanda 1900-1920-ci illər
arasında 8 milyondan çox insan vəbadan dünyasını dəyişib.
1854-cü ildə
ilk dəfə Con Snou adlı ingilis həkim çirkab sularının vəbaya səbəb olduğunu aşkarlayıb.
Ötən 200 il ərzində 7 vəba pandemiyası baş verib. Ən sonuncusu 1961-ci ildə İndoneziyada
olub. Xəstəlik 2010-cu ildə Haitidə baş verən zəlzələdən sonra kəskin şəkildə baş
qaldırıb. 2010-cu ilin oktyabrından 2015-ci ilin avqustuna qədər 700 mindən çox
haitili vəbaya yoluxub, 9 mindən çox insan dünyasını dəyişib. Xəstəliyin baş qaldırmasına
BMT-nin nepallı əsgərlər yaşayan bazası səbəb olub. Əsgərlər insan tullantılarını
bir çox haitilinin suyundan içmək, yemək bişirmək və çimmək üçün istifadə etdiyi
Artibonit çayına atmışdılar.
Dünyada hələ
də çoxlu sayda insan vəbaya yoluxur. 2010-cu ildən bəri aparılan hesablamalar göstərir
ki, hər il 3-5 milyona qədər insan vəbaya yoluxur, 58-130 min arası insan bu xəstəlikdən
vəfat edir.
"Tanrının lənətlədiyi bir köpək”
Tarixin başlanğıcından
bu yana ən çox insan canı alan xəstəlik malyariyadır. Ağcaqanadların yaratdığı bu
xəstəliyə səbəb dünyadakı ən kiçik heyvan olan "Plasmodium” parazitidir. Ağcaqanadların
bir çox növü mövcuddur, lakin malyariya parazitinin keçiricisi yalnız Anopheles
cinsindən olan ağcaqanadlardır. Daha çox Afrikada yayılan bu xəstəlik hər il təxminən
600 milyon insanın bədənini işğal edir və 1 milyon afrikalı körpənin həyatını alır.
Tarixin ən böyük komandirlərindən biri - Makedoniyalı İsgəndər də Babildə malyariyaya
məğlub olub.
Malyariya
Avropada XVIII əsrdən etibarən geriləməyə başladı. İnkişaf edən kapitalizm səbəbiylə
o tarixə qədər bataqlıqların çoxu qurudulmuş, ağcaqanadların artma sahəsi olan meşələrin
çoxu yox edilmişdi. Dünya Sağlamlıq Təşkilatı 1957-ci ildən etibarən malyariya ilə
sıx mübarizə içindədir.
Tarix boyunca
insanın qarşılaşdığı ən ürküdücü epidemiyalardan biri də cüzamdır. O qədər qədim
bir xəstəlikdir ki, gerçək mənşəyi bilinmir.
Norveçli həkim Gerhard Hansen 1874-cü ildə "Mycobacterium Lepra” bakteriyasını
cüzamla əlaqələndirməyə bacarsa da, xəstəliyin necə yayıldığı bilinmir. Cüzama misirlilər
"ölümdən əvvəlki ölüm” adını vermişdilər və xəstələri "palçıq şəhəri” deyilən bir
yerə göndərirdilər. Qədim Çin və Hindistanda cüzamlılar dərhal öldürülür, ya da
yandırılırdı. Konfutsi cüzamlı bir müridinin üzünə baxmağı rədd etmişdi. Mesopotamiyalılar
üçün cüzamlılar "vəhşi eşşəklər”dən fərqlənmirdi. Koreyalılar üçün bir cüzamlı
"Tanrının lənətlədiyi bir köpək” idi. Qısası, tarix boyunca cüzamlılar hər zaman
qara siyahıda yer alıblar.
Cüzamlılar
üçün ilk xəstəxanaların qurulduğu Avropada da vəziyyət çox fərqli deyildi. Cüzamlılar
eyni tip paltar geyməyə məcbur edilir, bu paltarlarının üzərinə böyük bir "L” hərfi
işlənirdi. Sağlam olanları xəbərdar etmək məqsədilə zəng daşıyırdılar. İstədikləri
şeyi işarə etmək üçün bir çubuqları, su stəkanı və sədəqə çantaları vardı. Cüzam
və cüzamlılar Avropadan XIV əsrdə yox oldular. Günümüzdə Afrika və Hindistanda
15 milyona qədər cüzamlı olduğu təxmin edilir.
Cüzam tarix
"səhnə”sindən çəkilərkən onun yerini başqa epidemiya - vərəm alırdı.Vəhşi kapitalizmin
amansız şərtlərində avropalıların 70 faizi vərəmə tutuldu. Frederik Şopen, Nikkolo
Paqanini, Robert Lyuis Stevenson, Fridrix Şiller, Anton Çexov və Frans Kafka kimi
məşhurlar da vərəmlə vuruşurdular. Vərəm də "Mycobacterium” adı verilən 300 milyon
yaşlı mikrob ailəsinə daxildir. Böyük ehtimalla 7000 il əvvəl insanların mal-qaraları
əhliləşdirib bir çoxunu dar məkanlarda yerləşdirmələri ilə ortaya çıxdı.
Minlərlə ildir dünyanı dolaşan xəstəlik
Birinci Dünya
Müharibəsi zamanı yatalaq xəstəliyi milyonlarla insanın canını aldı. 1914-1918-ci
illər arasında "Typhus” bakteriyasını daşıyan bitlərin yaratdığı bu epidemiya müharibənin
yaratdığı daha bir dəhşət idi. Avropa və Asiyada bu virus səbəbindən 25 milyon insan
xəstələndi və xüsusilə Sovet İttifaqı ölkələrində təxminən 3 milyon insan öldü.
Qərb ölkələri epidemiyanın nədən qaynaqlandığını başa düşdülər və bitlərdən xilas
olmaq üçün tədbirlər görüldü. Şərq ölkələri virusa qarşı daha gec tədbir gördüyü
üçün dünyanın bu hissəsində daha çox insan öldü.
1918-ci ilin
yazında qrip insanlara düşmən kəsildi. Döyüş meydanlarında 4 il ərzində 15 milyon
insan ölmüşdüsə, qripdən cəmi bir il ərzində eyni sayda insan həyatını itirdi. Həmin
ildə yalnız ABŞ-da ölənlərin sayı 550 min idi ki, bu rəqəm ABŞ-ın Koreya və Vyetnam
döyüşlərində verdiyi ölü sayından çox idi. Epidemiya zamanı Alyaska kəndlilərinin
hamısı yox olarkən Hindistanda 12 milyon adam həyatını itirdi.
1918-1920-ci
illərdə yayılmış, 500 milyon insanın yoluxduğu "H1N1” qrip virusu dünyada
50-100 milyon arası sağlam insanın ölümünə səbəb oldu. Bu rəqəm Birinci və İkinci
Dünya müharibələrində ölənlərin ümumi sayından dəfələrlə çoxdur. "İspan qripi” adlandırılan
pandemiya tarixin ən böyük fəlakətlərindən biri sayılır. Epidemiya Birinci Dünya
müharibəsinin son aylarında İspaniyadan dünyaya yayılmağa başlayıb və ilk aylarda
8 milyon adam virusun daşıyıcısına çevrilib. Hətta o dönəmin İspaniya kralı XIII
Alfons da qripə yoluxub.18 ay müddətində dünyada 550 milyon adam, yəni planet əhalisinin
29,5 faizi bu qripə yoluxub. "İspan qripi” bəşər tarixinin ən böyük qrip pandemiyasıdır.
Qrip virusu
elm tərəfindən 1933-cü ildə müəyyən olunub. Ancaq onun minlərlə ildir dünyanı gəzdiyi
təxmin edilir. İlk qrip epidemiyası isə başlanğıcını insan oğlunun at, donuz və
ördəyi əhliləşdirməsindən götürüb. Bu gün ördək mədəsinin "dünyanın ən yaxşı işləyən
qrip fabriki” olduğu deyilir. Elə 1957-ci ildə "Asiya qripi” pandemiyasının da Çində
ördəklərdən insana keçən xəstəliklə başladığı düşünülür. Bu xəstəlik təxminən 4
milyon insanın həyatına son qoyub.
Bu xəstəliklərin
bəziləri tarixə gömülüb, bəziləri indi mövcud olsa belə, əvvəlki illərdəki kimi
kütləvi insan tələfatına səbəb olmur. Çünki bu gün elm bir çox ciddi xəstəliyin
peyvəndini kəşf edib, müasir tibb gündən-günə inkişaf edir, xəstəliklərlə mübarizə
mexanizmləri dəyişir, inkişaf edir. Lakin viruslar da tam ölmür, hər 10, 14 ildən
bir genetik dəyişikliyə uğrayır ki, bu da onu tam məğlub etməyə imkan vermir. Hər
ötən ildə dünya yeni epidemiyalarla rastlaşır. Onların bir çoxunun qarşısı alınır,
lakin bir o qədərinin də qarşısını almaq mümkün olmur. Tarixboyu insan-virus savaşı
belə olub, bundan sonra da dünya var olduqca belə davam edəcək.
Xəyalə MURADLI,
"Azərbaycan”