"Həm Fidan xanımın, həm də mənim 45 ilə yaxın
sənət yolumuz var. Bu illər ərzində sənətdə irəliləmək, uğur qazanmaq, şöhrətə çatmaq
heç də asan olmayıb. Bu zirvəyə qalxmağımız illərlə çəkilən zəhmətimizin, gecə-gündüz
çalışmağımızın bəhrəsidir... Həyatımızda çox hadisələr baş verib, valideynlərimizi
gənc yaşımızda itirmişik, xəstəliklər olub,
gözlənilməyən hadisələrlə qarşılaşmışıq... Amma bütün bunlara rəğmən çalışmışıq
ki, sevdiyimiz sənətin layiqli təmsilçiləri olaq. Hər zaman ölkəmizi sənətimizlə tanıdaq, vətənimizə qalibiyyət sevinci bəxş edək.
Saysız mükafatlara, diplomlara, fəxri adlara layiq görülmüşük, amma getdiyimiz hər
yerdə bizimlə qarşılaşan insanların rəğbəti, oxuduğumuz əsərlərdən zövq aldıqlarını
bildirmələri, sevgi göstərmələri bu dünyada qazandığımız ən gözəl mükafatdır. Gurultulu
alqışlar qazanmışıq, oxuduğumuz səhnə gül-çiçəklərə qərq olub, bütün bunlar ürəyimizi
fərəhləndirib, amma gözlərimiz hər zaman tamaşaçılar arasında anamızı, atamızı axtarıb,
tapmayanda isə təəssüf ki, bu sevincimiz qüssə ilə əvəzlənib...”
Qasımovlar
ailəsində bir bülbül böyüyürdü...
O, sənəti, şanı, şöhrəti, zərafəti, örnək
həyatı ilə sağlığında əfsanəviləşən qadındır.
Hər kəsə nəsib olmayan xoşbəxt bir taleyə sahibdir, minlərin, milyonların sevgisinin,
sayğısının ünvanıdır...
O, səhnə üçün doğulmuşdu...
Hələ məktəb yaşlarından insanların qəlbində
Lalə, Səidə, Hicran kimi obrazlarla taxt qurmuşdu. "Mən ki gözəl deyildim”, "Liftçi
qız”, "Həyat bizi sınayır” filmlərində ona həvalə olunan rolların öhdəsindən böyük
məharətlə gəlmişdi...
Amma kino
aktrisası olmaq arzusunda deyildi...
Və buna görə
də kino sahəsindən uzaqlaşmışdı. Sonralar isə kino ustadları onun haqqında deyirdilər
ki, bəlkə də biz bu qızcığazın simasında böyük bir kino aktrisamızı itirdik...
O isə yenə
də həyatını səhnə ilə bağladı, amma musiqi sahəsində...
3 yaşındaykən
məşhur bəstəkarların əsərlərini ifa etməyə cəhd göstərirdi. Artıq o zamandan hər
kəs bilirdi ki, Qasımovlar ailəsində oxuyan kiçik bir bülbül var və səhərdən axşamacan
susmadan cəh-cəh vurur...
Deyirlər musiqi
ürəyin səsidir. Onun da ürəyinin döyüntüsü, qəlbinin ritmidir musiqi.
Möcüzəvi səsinin
ahəngi, şaqraqlığı saflıqdan, təbiilikdən, mənəvi zənginlikdən, şirin ana laylasından,
ecazkar azan sədalarından axıb gəlir...
Oxuduğu əsərlərin
dünyanı heyran qoymasının, bu qədər sehrli olmasının səbəbi də bəlkə budur...
Özü isə xatırlayır
ki, anası Tükəzban xanım hər zaman Allaha yalvarırmış ki, iki qız balasına gözəl
səs nəsib etsin: "Nə bilmək olar, bəlkə də o zaman Allah anamın səsini eşitmişdi...”
Dünya şöhrətli
opera müğənnisi, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət” və
"Şərəf” ordenli professor Xuraman Qasımova "Zəriflərin dünyası”nda ömür təranələrini
dilləndirir. Uğurunun başlanğıcına, uşaqlığından, gəncliyindən yol alıb sənət zirvəsinə
doğru uzanan möhtəşəm həyat səhifələrini vərəqləyir...
Bu səs bizə ulu babamız - Qafqazın Şeyxülislamı Əbdüssəlam
Axundzadədən keçib...
- Bakıda ziyalı
ailədə dünyaya gəlmişəm. 3 övlad olmuşuq, qardaşım Əlibəy, bacım Fidan və mən. Göz
açdığımız bu ailə bizə gözəl tərbiyə, böyük-kiçik yeri bilməyi, bir-birimizə hörmət
etməyi, insanları sevməyi, gözəlliyə qiymət verməyi öyrədib. Hər üçümüzün musiqiyə
olan sevgisini də atamla anam bizə aşılayıb. Onu da deyim ki, ailəmizdə musiqiyə
olan maraq, o cümlədən səs genimizlə gəlib. Atamın ulu babasının - Qafqazın Şeyxülislamı
Əbdüssalam Axundzadənin çox məlahətli səsi varmış.
O səs
əvvəlcə atamıza, ondan da irsən biz bacılara keçib.
Əbdüssalam
Axundzadə Azərbaycanın tanınmış şəxsiyyətlərindən biri olub. XIX əsrin ikinci yarısında
Azərbaycan tarixi, elmi, maarifçiliyi, dini və ictimai-siyasi həyatında böyük rolu
olub. 1894-cü ildən Tiflisdə yerləşən müsəlman dini mədrəsəsinin rəhbəri olaraq
Qafqazın Şeyxülislamı vəzifəsinədək yüksəlib.
Ə.Axundzadənin
bacısı oğlu - bizim babamız Əlibəy Qasımov Qori Müəllimlər Seminariyasının məzunu
olub. Oranı uğurla bitirdikdən sonra vətənə dönür və burada pedaqoji fəaliyyətə
başlayır. Bir neçə dili mükəmməl bilən babam məşhur dünya yazıçılarının əsərlərini
rus dilindən Azərbaycan dilinə tərcümə edib. Məsələn, R.Covanyolun "Spartak”, C.Londonun,
L.Tolstoyun bir sıra əsərlərini dilimizə çevirib. "Hacı Murad” əsərinin tərcüməsi
ilə bağlı böyük qrafla babam məktublaşıblar. Nəticədə Tolstoy babamı Moskvada "Yasnaya
Polyana”da yerləşən evinə dəvət edir. Babam 1900 və 1907-ci illərdə Tolstoyun həftələrlə
qonağı olur. Danışırlar ki, babamın Tolstoya bəxş etdiyi hədiyyələr indiyə qədər
orada saxlanılır. Onların da içində ən dəyərlisi "Quran” kitabıdır. Evimizdə bu
iki dostun yazışmaları, həmçinin Tolstoyun imzaladığı foto qorunur.
1920-ci ildə
Bakı Dövlət Universitetinin açılmasında da babamın böyük rolu olub. O, həmin universitetdə
rus dili kafedrasına rəhbərlik edib və bir müddət rektor müavini vəzifəsində də
çalışıb.
Təəssüf ki,
babam çox yaşamayıb və cəmi 54 yaşında dünyasını dəyişib. Amma düşünürəm ki, yaşasaydı
belə, yəqin 37-ci il repressiyasının qurbanlarından birinə çevriləcəkdi. Çünki vətənini,
millətini, dinini bu qədər sevən bir ziyalı rejimin dəmir repressiyasından yayına
bilməzdi...
Müharibə xarabalıqlarından yüksələn melodiya və iki qardaşın
qovuşması...
- Anam Tükəzban
xanım Tibb Universitetini mikrobiologiya ixtisası üzrə bitirmişdi. Atam Əkrəm Qasımov isə İndustrial
İnstitutunu (indiki ADNA) mühəndis-energetik ixtisası
üzrə başa vurmuşdu. Atamgillə anamgilin ailəsi İçəri şəhərdə, eyni məhəllədə illərlə mehriban qonşu olub. Bu
qonşuluq sonradan qohumluğa
çevrilib. Valideynlərim bir-birilərini
sevmiş, 1941-ci il mayın
15-də evlənmişdilər.
Təəssüf ki,
az sonra
müharibə başlamış və hamı kimi atam da böyük qardaşı ilə bərabər könüllü olaraq cəbhəyə
yola düşmüşdülər. Ənvər əmimin də (tanınmış memar və dövlət xadimi Ənvər Qasımzadə),
atamın da böyük döyüş uğurları olub və medallar qazanıb, yüksək rütbələrə layiq
görülüblər. Böyüklərimiz danışırdı ki, iki oğlunu birdən cəbhəyə göndərən Töhfə
nənəm oğulları müharibədən geri dönənə qədər isti yorğan-döşəkdə yox, palaz sərib
quru yerdə yatırmış...
Artıq müharibənin
üçüncü ili imiş və Dnepropetrovsk yaxınlığında qızğın döyüşlər gedirmiş. Sovet ordusu
əraziləri almanlardan azad edə-edə irəliləyirmiş. Bu ərəfədə atam dağılmış bir binaya
girəndə görür ki, bura klubdur və üzərində daş, torpaq yığını olan bir piano var.
O, pianonun üzərində olan daşı, torpağı təmizləyir, qapağını açaraq yavaş-yavaş
çalmağa başlayır...
Həmin anlarda
isə şəhərdə nəzarət həyata keçirən içlərində əmimin də olduğu sovet hərbçiləri yaxınlıqdan
keçirmişlər. Birdən o, dağıntılar arasından yüksələn ecazkar bir melodiya eşidir
və deyir ki, yalnız mənim qardaşım pianoda bu cür gözəl ifa edə bilər. İstəyirəm
o şəxsi görüm, beləliklə müxtəlif yerlərdə döyüşən iki qardaş 3 ildən sonra bu cür
qəribə və xoş təsadüf nəticəsində görüşürlər...
Hətta yazıçı
Simonov adlarını çəkməsə də, atamla əmimin, iki qardaşın müharibədə təsadüfən görüşünü
təsvir edib...
1943-cü ildə atam müharibədən
geri çağırılmış və ona Moskvada
məsul iş tapşırılmışdı. Atam kimi savadlı
mütəxəssislərə o vaxtlar arxa cəbhədə də böyük ehtiyac vardı. Ənvər əmim isə Terek sahillərindən
Berlinə qədər döyüş yolu keçir, ordenlərlə, medallarla təltif edilir.
Müharibədən
sonra atamgil yenidən Bakıda, İçəri şəhərdə yaşayırlar...
Atam cürət edib dahi Üzeyir bəyin qarşısında Koroğlunun
ariyasını oxuyur...
- Biz müharibədən
sonra dünyaya gələn yeni nəsil hesab olunuruq. O illərin çətinliklərində yaşamaq
elə də asan deyildi, lakin buna baxmayaraq qələbə çaldığımız üçün insanlar çox xoşbəxt
idilər. Artıq yeni quruluş başlamış, bütün respublikalarda bərpa işləri gedirdi.
Elə məhz həmin vaxtlarda da Azərbaycan mədəniyyətinin
və incəsənətinin ulduzu parlamağa başladı və qızıl dövr yarandı...
Xatırlayıram,
o zaman elə bir ailə yox idi ki, orada hansısa bir musiqi aləti ilə məşğul olunmasın.
Bizim evimizdə də iki royal var idi. Atam həmin royallarda ifa edərək xalq mahnılarımızı,
rus romanslarını oxuyurdu. Hələ cavanlığından onun səsini eşidən hər kəs heyranlığını
bildirərmiş. Bir dəfə ailəvi yaxınımız olan maestro Niyazi qəflətən atamı iş yerindən
götürərək konservatoriyaya gətirir. O, Üzeyir bəyin otağının qapısını açaraq deyir
ki, "əmi, bu cavan oğlanın səsini dinləməyinizi xahiş edirəm”. Onda atam cürət edib
dahi Üzeyir bəyin qarşısında Koroğlunun ariyasını oxuyur. İfanı çox bəyənən Hacıbəyli
atamı 3-cü kurs tələbəsi kimi qeyd edir və deyir ki, "belə səslərə ehtiyacımız var
və siz buranın tələbəsi olmalısınız”. Atam bir müddət iş yerində bildirmədən dərslərdə
gizlin iştirak edir, amma sonra məcbur olaraq təhsilini yarımçıq qoymalı olur. Çünki
vəzifəli şəxsin bu addımı atmasına rəhbərlik icazə verməzdi... O, 28 yaşı olmasına
baxmayaraq, Dövlət Plan Komitəsi sədrinin I köməkçisi vəzifəsində çalışırdı.
Uğurlarımızı valideynlərimiz görə bilmədi...
- Valideynlərim
mədəniyyətə, incəsənətə bağlı insanlardı. O illər həyat nə qədər çətin, mürəkkəb
olsa da, zamanlarını zəngin keçirərdilər, musiqi, ədəbiyyat gecələrində iştirak
edərdilər. O illərdə Azərbaycanın qaymaqları
sayılan ziyalılar, rəssamlar, şairlər
ailəmizin dostları kimi evimizə tez-tez
gələrdilər. Görkəmli bəstəkarlarımız Fikrət Əmirov, Cahangir Cahangirov,
Telman Hacıyev, Tofiq Quliyev qonağımız olardılar. Hətta elə olub ki, Tofiq Quliyevin
bir çox əsərləri bizim evdə yazılıb və onun ilk ifaçısı 3-4 yaşlı kiçik qızcığaz,
Xuraman olub. Maestro Niyazi isə demək olar ki, ailəmizin üzvü idi...
Həmişə teatrlara
gedirdik, elə bir premyera, konsert olmazdı ki, valideynlərimiz bizi aparmasın...
Belə bir mühitdə böyüyür, formalaşırdıq...
İndi o anları xatırlayanda həm sevinir, həm də kədərlənirik...
Hər zaman
Fidan xanıma da, mənə də deyirlər ki, nə qədər gülsəniz, sevinsəniz də, gözləriniz
hər zaman kədərlidir. Ola bilərmi ki, bizim gözlərimiz kədərli olmasın?!
Uşaqlıq dövründə
həyatımızda nə qədər parlaq səhifələr olsa da, valideynlərimizi itirməyimiz o səhifələrə
kölgə salır. Biz hələ çox gənc idik, doğru-dürüst ayaqlarımız üzərində dura bilməmişdik.
Anam 58, atam isə 60 yaşında bizlərə vida etdi. Çox uzun sürən xəstəlikləri də olmadı,
elə qəfildən aramızdan ayrıldılar. Görünür buna müharibə dövründə keçirdikləri ruhi
sarsıntılar da səbəb olmuşdu...
Sadəcə Fidan
xanımı "Koroğlu” tamaşasında Nigar obrazında görə bildilər. Bəli, onlar sənətə meylimizi,
musiqiyə sevgimizi uşaqlıqdan hiss edirdilər, bilirdilər istedadımız var, amma heyf
ki, səhnədə böyük uğurlarımızı, xalqın rəğbətini, sevgisini qazanan, vətənimizə
qələbələrlə dönən dövrümüzü görə, sevinə bilmədilər, halbuki həmişə bunun arzusunda
idilər...
Fidan xanımın timsalında Azərbaycan səhnəsində yeni ulduz
parlayırdı...
- Bacım Fidanla qardaşım Əlibəy Bülbül adına orta ixtisas məktəbində
təhsil alıblar. Fidan yeddi yaşından
məktəbə gedib və skripka alətində çalmağı öyrənib. Əlibəy isə piano sinfini
bitirib. Yeri gəlmişkən, qardaşım konservatoriyanın fortepiano
bölməsinə daxil oldu. Amma
birinci kursu başa vurduqdan sonra
birdən-birə fikrini dəyişdi və fiziologiya mütəxəssisi
olmaq istədi. Amma əminəm ki, Əlibəy
musiqinin arxasınca getsəydi, çox
məşhur musiqi xadimi ola bilərdi.
Fidan isə
konservatoriyada həm skripka, həm də ikinci ixtisas
olaraq vokal üzrə dərs aldı. O, P.İ.Çaykovski adına konservatoriyanın aspiranturasını
da uğurla bitirdi. Əslində, Fidanın vokalçı kimi istedadını anam hiss etmişdi... O, hər hansı bir ariyanı, melodiyanı oxuyanda anam onun
səs tembrinə fikir vermiş
və elə buna görə də 16 yaşında onu maestro Niyazinin
yanına aparmışdı. Maestro onu dinləyəndən
sonra demişdi ki, Fidanın çox gözəl təbii və formalaşmış səsi var...
Fidan hələ
ilk dəfə səhnədə 1972-ci ildə konservotoriyanın 50 illiyinə həsr olunan təntənəli
gecədə Niyazinin rəhbərlik etdiyi simfonik orkestrin müşayiəti ilə Asəf Zeynallının
"Ölkəm” əsərini səsləndirəndən sonra belə fikir yarandı ki, Azərbaycan səhnəsində
yeni ulduz parlamağa başlayıb...
Bacımın xasiyyəti də tamam başqa idi. O, Puşkinin "Yevgeni
Onegin” əsərindəki Tatyana kimi idi. Sakit, öz işi, dərsləri ilə ciddi məşğul olan
bir qız... Elə bəlkə də buna görədir ki, Fidan xanım belə mükəmməl, əlçatmaz sənətçi
oldu. Hətta bu gün də o, mənim üçün əlçatmaz sənətçi sayılır. Mən onun qarşısında
hər zaman baş əyirəm. Çünki dünyaya elə bir sənətçi gələcəkmi, gəlməyəcəkmi bilmirəm...
Mən ki kino aktrisası olmaq istəmirdim...
- Mən qarşımda
bu cür örnəklər görərək böyüyürdüm. Onu da deyim ki, məktəbli yaşlarımdan müxtəlif
dərnəklərə gedir, idmanla, gimnastika ilə məşğul olurdum, balet, xarici dillər öyrənirdim...
Eyni zamanda dərslərimi də yaxşı oxuyurdum. Hər sahəyə zaman ayıra bilirdim, çox
fəal, enerjili, həvəsli idim...
Hətta məktəb
illərində kino sahəsində də fəaliyyət göstərdim. Amma bu, bir təsadüf idi. O illərdə kinorejissorlarımız institutları, ali məktəbləri qrup-qrup, sinif-sinif gəzir, həmin rollara
ifaçı axtarırdılar. Təbii ki, mən
o yaşlarımda professional aktrisa ola bilməzdim. Amma bizim məktəbdən
məni seçdilər. Sonra sınaq çəkilişləri
oldu və kinorejissorlar məni bəyəndilər.
İlk dəfə "Liftçi qız”da baş
rola çəkiləndə lap uşaq idim, cəmi 13
yaşım vardı. Daha sonra "Mən ki gözəl
deyildim”, "Həyat bizi sınayır” filmlərində rol aldım və hər üçü uğurlu oldu. Hətta
iki filmə görə Ümumittifaq Kinofestivallarında birinci dərəcəli diplomlara layiq
görüldüm.
Amma mən kino
aktrisası olmağa hazırlaşmırdım...
"Arşın mal alan” ilk dəfə vala yazılanda Asyanın rolunu
ifa etmək mənə tapşırıldı...
- Musiqi idi
mənin dünyam. 3 yaşımdan oxuyurdum. "Cücələrim” ansamblında xorun solisti idim,
onun tərkibində bütün sovet respublikalarında olmuşdum. Hələ uşaqlıqdan xeyli fərqlənmə
diplomlarım var idi...
Musiqiyə olan
tükənməz istəyim məni konservatoriyaya yönəltdi. Qadınlardan ilk opera müğənnimiz Şövkət Məmmədovanın iki il tələbəsi
olmuşam. O, rəhmətə getdikdən sonra isə İda Aronovna Lvoviçdən dərs almışam.
İlk qastrol səfərim isə 1977-ci ildə Avstriyaya olub.
Ümumiyyətlə,
biz bacılar oxumağa başlayandan sonra qısa bir zamanda populyarlaşdıq. Fidan xanımla müsabiqələrdə iştirak
etdik. Xeyli sayda diplomlara layiq görüldük. Bizi respublikamızdan kənarda
da tanıyır, müxtəlif ölkələrə
dəvət edirdilər. Moskvanın özündə,
müttəfiq respublikalarda dəfələrlə konsertlər
vermişdik. Fidan xanımla Moskvada konsertimiz
olanda afişalarda həmişə
yazırdılar: "Zvezdı Sovetskoqo iskusstvo”...
O illərlə
bağlı o qədər gözəl xatirələrimiz var ki...
1972-ci ildə
İrandan Rza Pəhləvi şahın xanımı Fərəh Pəhləvi Azərbaycana, Bakıya gəlmişdi. Fərəh xanım şəhərimizi gəzərkən deyir
ki, "Arşın mal alan” əsərinin valını almaq istəyirəm”. Demə, bu əsər hələ vala yazılmayıbmış.
Amma onu müşayiət edənlər arasında olan maestro Niyazi heç kəs pərt olmasın deyə
özünü itirmədən dərhal cavab verir ki, "bilirsiniz, dinləyicilər bu musiqini o qədər
sevirlər ki, bütün valları alıblar və buna görə də siz onu heç bir satış yerində
tapa bilməzsiniz. Lakin darıxmayın, siz vətəninizə çatmadan bu val sizə çatacaq...”
Beləliklə,
bu əsər üç variantda - fars, rus və Azərbaycan dilində vala yazılır. Dahi Niyazinin
rəhbərliyi ilə mən 16 yaşımda Asyanın, Fidan Gülçöhrənin, Rəşid Behbudov, Lütfiyar
İmanov Əsgərin rollarını səsləndirdik.
Təəssüflə
qeyd edim ki, həmin dövrdə çoxsaylı yaddaqalan opera ifalarımız olsa da, onlardan
heç biri yazılmayıb. Sadəcə Fidan xanımın ifasında "Koroğlu” operası yazılı lentdə
var ki, onu da o zaman Leninqrad televiziyası çəkib bizə ərməğan edib.
Görəsən, bir daha oxuya biləcəyəmmi?!
- 90-cı illərin
əvvəllərində bir çox sahələrdə olduğu kimi, musiqidə də durğunluq yaranmışdı. Musiqiçilərimizin
çoxu Azərbaycanı tərk edirdilər, xaricdə sığınacaq və iş yeri axtarırdılar. Səhhətimdə
yaranan problemlərlə əlaqədar biz də bir müddət burada olmadıq, Türkiyədə idik,
o cümlədən Amerikada da müalicə alırdım. O illər düşünürdüm ki, görəsən, bir daha
oxuya biləcəyəmmi?! Axı həyatım səhnəyə bağlı idi, özümü onsuz təsəvvür edə bilmirdim.
Hətta həkimlər sonradan mənə dedilər ki, əməliyyat zamanı "narkoz” altında özümdən
ixtiyarsız Puççininin hansısa əsərini oxumuşam...
Həmin dövrdə xalqımızın dəstəyi, pərəstişkarlarımın
yüzlərlə məktubu məndə həyat eşqini sönməyə qoymadı... Şükürlər olsun ki, mən yenə
də səhnəyə qayıtdım, hətta o zaman tamaşaçılarımın bu tükənməz rəğbətinə rəğmən
"Xoş gəldin Xuraman” adlı solo konsert də verdim...
1993-cü ildə
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə yavaş-yavaş stabillik
yarandı. Heydər Əliyevin mədəniyyətə, incəsənətə, sənətkarlara münasibəti, qayğısı
bir başqa idi. Ulu Öndər hər kəsi bir-bir tanıyır, fəaliyyətləri ilə maraqlanırdı.
Vətən sizi gözləyir...
Biz, Ulu Öndərlə
1996-cı ildə keçirilən solo konsertimizdə görüşdük. Daha sonra Heydər Əliyev bizimlə
şəxsi görüşdü, xeyli söhbət etdik. O, Bakıdan ayrılmağımızın səbəbini də soruşdu.
Dedim ki, vətənimizdən ayrılmamışıq, ürəyimiz daim buradadır, səhhətim düzələn kimi
yenə qayıdacağıq...
Heydər Əliyev
söylədi ki, "bilin, vətəniniz hər zaman sizi gözləyir, siz Azərbaycana lazımsınız,
istəyirəm sənətinizi burada inkişaf elətdirəsiniz, Türkiyədə olduğu kimi, gənc vokalçılarımızı
yetişdirəsiniz”. Onda İstanbul Universitetinin nəzdində olan konservatoriyada professor
idik. Ulu Öndər həm də şəxsi vokal məktəbimiz olmasını arzuladığını qeyd etdi və
elə həmin görüşdə bizə bununla bağlı müraciət məktubu da yazdırıb imzaladı... Lakin
bu günə qədər bu arzumuz həyata keçməyib...
Daha sonra
biz Ulu Öndərin də istədiyi kimi vətənimizə döndük...
Amma bir müddət
əvvələ qayıdaraq bir mühüm məqama da aydınlıq
gətirim ki, xəstə olduğum müddətdə və vətənə döndükdən sonra illərlə çalışdığım,
uğurlara imza atdığım Opera və Balet Teatrından doğma münasibət görmədim. Fidana
da, mənə də elə bir şərait yaratdılar ki, istər-istəməz oradan uzaqlaşmalı olduq.
Yalnız 8 il
sonra Ulu Öndər bu məsələdən xəbərdar oldu. Beləliklə, biz yenidən həmin teatra
qayıdıb fəaliyyətimizi davam etdirdik. Amma 2005-ci ildə yenidən haqsızlıqla qarşılaşdıq,
hələ təqaüd yaşına çatmadan teatrdan kənarlaşdırıldıq...
O zamandan
bir daha opera səhnəsində olmadıq...
1994-cü ildən
etibarən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında solo oxuma kafedrasının
müdiriyəm. Fidanla bu sənətin sirlərini gənclərə öyrədirik. Təəssüf ki, ailəmizdə
davamçılarımız yoxdur, amma tələbələrimizi də övladlarımız və davamçılarımız sayırıq...
Hər zaman
çalışırıq, konsertlər veririk, dövlət tədbirlərində iştirak edirik, xarici səfərlərdə
oluruq...
Ulu Öndərin qiyməti
- Hər zaman
xalqımız, dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişik...
2002-ci ildə
Fidanla birlikdə 25 illik fəliyyətimizlə bağlı indiki Heydər Əliyev Sarayında konsert
verdik. Ulu Öndər Azərbaycan mədəniyyəti
və bizim fəaliyyətimiz haqda çox möhtəşəm çıxış etdi. Düşünürəm ki, illərlə səhnəyə
çıxmasaq belə, onun bizə verdiyi bu qiymət ömrümüzün sonuna qədər bəsdir...
Təəssüf ki,
2003-cü ildə Ümummilli Liderimiz vəfat etdi və bu bizim üçün də böyük itki idi,
dərindən sarsılmışdıq. Heydər Əliyev bizi
balacalığımızdan tanıyırdı, evimizdə qonaq olmuşdu və özü də hər zaman bu barədə
deyirdi...
Bir il yas
saxladıq və səhnəyə çıxmadıq, 2004-cü ildə isə sevdiyi əsərlərdən ibarət "İthaf”
adlı konserti Ulu Öndərə həsr etdik...
Daim Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın da diqqəti üzərimizdə olub. Hələ Mədəniyyətin
Dostları Fondunu yaradanda çoxsaylı konsertlərimizi məhz Mehriban xanım təşkil etmişdi.
1998-ci ildə "Sevil” tamaşasında Sevil roluna dəvət almağım da məhz Birinci vitse-prezidentin
şəxsi təşəbbüsü idi.
Fidan xanıma
da, mənə də "Şərəf” ordenini cənab İlham Əliyev təqdim edib. Fidan xanım 70 illiyi
ilə əlaqədar Prezidentimiz tərəfindən yüksək mükafata, "İstiqlal” ordeninə layiq
görülüb...
Bu ilin martında cənab İlham Əliyev və Mehriban xanım Əliyevanın
mədəniyyət xadimləri ilə görüşündə Prezident söylədi ki, kimin hansı problemi varsa
desin, həmin problemi həll etməyə hazıram. İllərdir səhnədəyik, alqış payımız da,
mükafatlarımız da, dövlət tərəfindən layiqincə göstərilən diqqət və qayğımız da
yetərincədir... Sənətkarın bu həyatda daha artıq nəyə ehtiyacı ola bilər ki...
Ona görə də
söz alıb Prezidenti və xanımını evimə qonaq çağırdım. İlham Əliyev və Mehriban xanım dəvətimizi qəbul etdilər. Çox arzulayıram ki,
Ulu Öndərimizin 2002-ci ildə bizə bağışladığı evdə bu əziz qonaqlarımı qəbul edim,
Heydər Əliyev və ailəsinə həsr olunmuş foto qalereyamızla tanış olsunlar...
Son səhnədən Şuşaya üz tutan tamaşaçı arzuları...
Təqvim
2003-cü il, məkan Opera və Balet Teatrının səhnəsidir...
Göy guruldayır,
şimşək çaxır, uzaqdan Natəvanın ruhu görünür... "Şuşanı alın geri, Ahım odlar yeri-göyü.
Şuşanı alın geri, Şuşanı xilas edin. Şuşanı xilas edin”, - deyə hayqıran Xuraman
Qasımova bu səhnədə son obrazına - Vasif Adıgözəlovun "Natəvan” operasında Xurşidbanu
Natəvana həyat verir. Üzərindən 16 il keçməyinə baxmayaraq tamaşaçılar həmin ifanın
sehrindən bu gün də çıxmayıblar: "Natəvanı həmin səhnədə izləyənlər indi də deyirlər
ki, əgər o gün "Şuşanı xilas edin” deyərək Qarabağa yol alsaydınız, bütün zal durub
sizin arxanızca gedərdi...
Əminəm ki,
biz Şuşanın, Qarabağın xilasını görəcəyik. Allahdan ən böyük istəyim odur ki, həmin
qismi yenidən Şuşada ifa etməyi mənə nəsib etsin...”
Şanlı-şöhrətli,
fəxarət dolu bir ömrə xatirələr cığırıyla bir daha qayıtmaq istədik...
Amma bütün
bu yazdıqlarımız zəngin ömrün sadəcə dəryada damcı misalıdır...
Onun musiqi
dünyası sonsuzdur... Musiqi onun həyatının ahəngi, ömrünün mənasıdır. O, səhnəmizin
ulduzu, xalqımızın sevimli sənətkarıdır. O, Sevildir, Nigardır, Tatyanadır, milyonların
sənətçisidir. Ömrünü Azərbaycan musiqisinin inkişafına, zirvələrə ucalmasına həsr
edib. Dahi Üzeyir bəydən, Qara Qarayevdən, maestro Niyazidən və bir çox görkəmli
şəxslərdən ötürülərək gələn bu müqəddəs ənənənin layiqli davamçısıdır...
Musiqi dünyanız
hər zaman şaqraq, uğurlarınız bol olsun, fəxarət ünvanımız Xuraman xanım!
Yasəmən MUSAYEVA,
"Azərbaycan”