15 May 2024 09:45
899
İQTİSADİYYAT
A- A+
Dünyanın nümunəvi ailə modellərindən biri - Azərbaycan ailəsi

Dünyanın nümunəvi ailə modellərindən biri - Azərbaycan ailəsi

 

BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən bəri hər il mayın 15-də Beynəlxalq Ailə Günü qeyd edilir. Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub.
Azərbaycan ailəsi həmişə özünün uzunömürlü olması və möhkəmliyi ilə seçilib. Bu, əsasən milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. Ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsinin bütün dünyada aktual məsələ olduğu bir zamanda bu, xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan ailəsi haqlı olaraq dünyada ən yaxşı ailə modellərindən biri sayılır.
Azərbaycan ailəsi iki insanın daim birlikdə olmaq, birgə ömür sürüb xoş həyat yaşamaq, övlad böyütmək, nəvə-nəticə görmək arzusu ilə yaranır. Hər ailə "yüz ölçülüb bir biçilərək" qurulur. Təkcə keçən il ölkəmizdə 54 min 200 nikah bağlanıb, bu ilin ilk iki ayında isə 6 min 739 toy çalınıb.
Bəzən hətta gənclərin ailə qurması prosesinin uzun çəkdiyi, toy-nişan tədbirlərinin həddən çox uzandığını tənqid də edirik. Elçilik, razılıq ("hə" cavabı almaq), məsləhətləşmə, nişan, xınayaxdı, toy... Əslində, bu mərhələnin hər biri özünəməxsus əhəmiyyət daşıyaraq ailənin təməl daşlarına çevrilir. İstər evlənən cavanların, istərsə də onların doğmalarının bir-birini tanımasında, necə deyərlər, qaynayıb-qarışmasında böyük rol oynayır. Qohum-əqrabanın, dost-tanışın bir araya gəlib toyda iştirak etməsi, gənclərin bu əziz gününə şərik olması onların məsuliyyətini artırır. Ağsaqqal, ağbirçək xeyir-duası ilə qurulan evin bünövrəsi möhkəm, divarları davamlı olur. 
Azərbaycan ailəsinin möhkəmliyi həmişə qadının ismətindən, sədaqətindən, kişinin qeyrətindən, mərdliyindən qaynaqlanıb. Nə xoş ki, bu əvəzsiz ərməğan nəsildən-nəsilə keçərək indi də yaşayır. 
Bugünkü gənc xanımlar da ailəcanlıdırlar. Müasir Azərbaycan qadını cəmiyyətdə yüksək mövqe tutsa da, bilik, intellekt, sənət, vəzifə sahibi olsa da, ana olmağı, övlad böyütməyi özünün ən böyük missiyası sayır. Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyeva bu barədə belə deyib: "Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm". 
Azərbaycan kişisi üçün də ailə müqəddəsdir. O, ailəsinin güzəranı, övladlarının xoşbəxt və firavan böyüməsi üçün zəhmətə qatlaşır. Xanımı onun üçün həm oğlunun, qızının anası, həm də dost, həmdəm, evinin, ömrünün yaraşığı, namus-qeyrətinin tacidarıdır.
Həyat yoldaşı Səyyarə xanımla 60 ildən çox xoşbəxt ömür sürmüş mərhum yazıçımız Əfqanla ailə dəyərləri barədə söhbətimizi xatırlayıram: "Bilirsinizmi, mən kişini və qadını evin divarının çöl və iç tərəflərinə bənzədirəm. Divar hər tərəfdən möhkəm olmalıdır. Kişi evi çölün-bayırın sərt təsirlərindən qorumağı, evin içərisindən muğayat olmalıdır. Qadın isə evin daxili ab-havasının keşiyində dayanmalı, evi uşaqlar üçün isti qucağa çevirməlidir. Evin içindən çölünə, çölündən isə daxilinə zərbə dəyməməlidir. Bizim 60 ildən çoxdur davam edən ailə həyatımızın kodeksi belə olub".
Azərbaycan ailəsinin ən qiymətli varı övladdır. Oğul haqlı olaraq arxa-kömək, düşmən sipəri, vətənin, torpağın müdafiəçisi, qız isə gələcəyin anası, qayğıkeşlik, mehribanlıq mücəssəməsidir. Nəvə ömrün şirin barıdır. Odur ki, ölkəmizdə əhalinin sayı əsasən təbii artımla, yəni yeni doğulanların hesabına çoxalır. Bu xoşbəxtlik heç də hər xalqa qismət olmur. Yeri gəlmişkən qeyd edək ki, keçən il Azərbaycanda 112 min 620 körpə dünyaya göz açıb. Bu ilin ilk iki ayında isə 17 min 81 uşaq anadan olub. 
Hazırda gənc ailələrin hər birində əsasən iki övlad böyüyür. Üçuşaqlı ailələr də az deyil. İstər şəhərlərimizdə, istərsə də kəndlərimizdə dörd, beş və daha çox övladı olan valideynlərə də rast gəlmək mümkündür. Çoxuşaqlı ana Zərnigar Hüseynova deyir: "Dörd qızımız, bir oğlumuz var. Mənim anam da, qayınanam da çoxuşaqlı olublar. Həmişə deyiblər ki, övlad insanın qol-qanadıdır. Əvvəlcə qızlarımız dünyaya gəldi. Hər birinin gəlişini sevinclə qarşıladıq. Sonbeşiyimiz isə qızların qardaş payıdır. İndi onun toyuna hazırlaşırıq. Bacılarının isə hamısı artıq xoşbəxt ailə sahibidir. Doğrudur, uşaqları araya-ərsəyə gətirincə çətinliyimiz az olmayıb. Amma hamısına yaxşı tərbiyə və təhsil vermişik. İndi onlara baxdıqca qəlbimiz fərəhlə döyünür".
Azərbaycan ailəsində həmişə böyüyə hörmət, ağsaqqala, ağbirçəyə ehtiram hökm sürüb. Qocalara qayğı göstərmək hər kəsin müqəddəs, mənəvi borcu və vəzifəsidir.  Bizlər bundan məmnunluq duyuruq.
Ailəyə qayğı Azərbaycan dövlətinin prioritet kimi qarşıya qoyduğu vəzifələrdən biridir. Prezident İlham Əliyev ailənin əhəmiyyətini vurğulayaraq demişdir: "Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır".
Dövlət ailədən hərtərəfli qayğısını əsirgəmir. Uşaq dünyaya gələndə ailəyə birdəfəlik müavinət verilir. Aztəminatlı ailələr dövlət sosial yardımı alırlar. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin əvvəlinə ölkəmizdə 65 minədək aztəminatlı ailənin 275 minədək ailə üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği təxminən 114 manat təşkil etmişdir. Ailələrin yaxşı güzəranının təmin edilməsi məqsədilə yeni iş yerləri yaradılır, məktəblər, uşaq bağçaları, xəstəxanalar, idman kompleksləri və s. inşa edilir.
Ailələr arasında bir ailə də var ki, hamımız üçün, bütün xalqımız üçün əziz və doğmadır. Bu, şəhid ailəsidir. Onu ən müqəddəs əmanət bilməyimiz də yüksək mənəviyyatdan, vətənpərvərlikdən və insansevərlikdən qaynaqlanır.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!