Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən təsis edilib. O vaxtdan bu günün Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması ənənəyə çevrilib.
Hər il Beynəlxalq Ana Dili Günündə 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsi yenidən yada salınır.
Milli kimliyimiz...
Doğma dilimizi anamız qədər müqəddəs bilirik. Buna görə ona "ana dili" deyirik. Şair Bəxtiyar Vahabzadə "Ana dili" adlı şeirində yazır:
Dil açanda ilk dəfə ana söyləyirik biz,
Ana dili adlanır bizim ilk dərsliyimiz.
Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir. Bu dildə yaranmış əsərlər dünyanın ən qədim yazılı abidələri, şifahi xalq ədəbiyyatı nümunələri arasında əhəmiyyətli yer tutur. Xalqımızın tarixinin, mədəniyyətinin qədimliyini "Orxon-Yenisey", "Güntəkin", Mahmud Kaşğarinin "Divanül-lüğətül-türk" kitabı, "Kitabi-Dədə Qorqud" kimi söz sənəti abidələri də təsdiq edir. Zaman keçdikcə şairlərimizin, yazıçılarımızın yazdıqları bir-birindən maraqlı, möhtəşəm əsərlər yalnız Azərbaycan ədəbiyyatı deyil, eyni zamanda dünya ədəbiyyatı xəzinəsinin incilərinə çevrildi.
Tarixdən yaxşı məlumdur ki, bəşər sivilizasiyasının ilk beşiklərindən olan qədim məmləkətimizin səması hər zaman aydın, torpaqları təhlükəsiz, qansız-qadasız olmayıb. Təbii sərvətlərinin bolluğu, təbiətinin bərəkəti və əsrarəngizliyi Azərbaycana bəzən bəlalar gətirib. Ölkəmizin ərazilərinə hücum edən işğalçılar bu məmləkətin yalnız təbii sərvətlərini talamayıblar, həm də əzəli sakinlərinə milli kimliyini, mənəvi dəyərlərini, özünəməxsus adət-ənənələrini unutdurmağa çalışıblar. Azərbaycan xalqının belə çətin, ağır zamanlarında milli və mənəvi varlığımızın ən mühüm təzahürü olan ana dili də sınaqlarla üzləşib. Yadellilər ana dilimizi gözdən salmaq, öz dillərini başa keçirmək, rəsmi, ədəbi dil səviyyəsinə yüksəltmək üçün əllərindən gələni əsirgəməyiblər. Bu səbəbdən Azərbaycan ədəbiyyatının dünyaşöhrətli bir çox əsərləri əsrlər boyu doğma dilimizdə deyil, ərəb, fars dillərində qələmə alınıb. Bu da təkzibedilməz faktdr ki, həmin əsərləri müəllifləri yad dillərdə yazsalar da, öz milli kimliklərini ifadə etməyə müvəffəq olublar.
XIX əsrin əvvəllərində Azərbaycan tarixinin ən böyük faciəsini yaşadı. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış "Türkmənçay" müqaviləsinə əsasən məmləkətimiz ikiyə bölündü.
Doğrudur, çar Rusiyası ələ keçirdiyi Azərbaycanın şimal hissəsində ana dilində yazıb-oxumağı qadağan etmədi. Ancaq Azərbaycan xalqına milli kimiliyini unutdurmaq, milli özünüdərk prosesinin qarşısını almaq üçün sərt tədbirlər həyata keçirdi. Görkəmli publisist, şair Əli bəy Hüseynzadə "Hali-vətən" adlı şeirində o dövrü çox dəqiq təsvir edib:
Ucundadır dilimin,
Həqiqətin böyüyü.
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi.
Ancaq bütün qadağalara, basqılara rəğmən Azərbaycan xalqı öz doğma dilinə sahib çıxıb, onu qoruyub, yaşatdı. Bu xalqın Azərbaycanın ictimai həyatında fəal iştirak edən, ziyalı, istedadlı, təəssübkeş, övladları ana dilimizi yad ünsürlərdən qorumağa səy göstərdilər. Odur ki, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov və başqalarının çoxşaxəli yaradıcılıqlarında ana dili məsələsi mühüm yer tuturdu. Qələmə aldıqları publisistik əsərlərdə, müxtəlif janrlı ədəbi-bədii nümunələrdə ana dili ilə bağlı düşüncələrini, narahatlıqlarını əks etdirirdilər. Azərbaycanda ana dilində, o dövrün tələblərinə cavab verən, yeni üsullu məktəblərin azlığından şikayətlənən bu ziyalılar yalnız yeni tədris ocaqlarının yaradılmasına çalışmayıblar. Eyni zamanda tədrisin ana dilində aparılması, ana dilində yeni dərsliklərin yazılması uğrunda mübarizə aparıblar. Onlar ana dilinin saflığının qorunmasını və inkişafını özlərinin əsas qayəsinə çeviriblər. Bu böyük amal yolunda yorulmadan çalışıblar.
Ana dilimizin cəfakeşləri
O dövrdə Azərbaycanın yeganə problemi oxumuş, dünyanın gedişindən xəbərdar olan, mütərəqqi fikirli insanlarının azlığı olmayıb. Təəssüf ki, ali təhsil almaq üçün uzaq ölkələrə üz tutanların, vətənə diplomla qayıdanların hamısı ana dilinə qarşı eyni dərəcədə həssas yanaşmayıb, məhəbbət bəsləməyib, təəssübkeşlik göstəməyiblər. Həmin dövrün mənzərəsini görkəmli yazıçı-dramaturq, publisist Cəlil Məmmədquluzadə "Anamın kitabı" adlı tragikomediyasında böyük ustalıqla təsvir edib. Əsərdə Zəhrabəyim ananın ayrı-ayrı məmləkətlərdə, yad dillərdə təhsil alaraq geri dönən üç oğlu nankorluq edərək doğma dilini bəyənmir, bu dildə danışmaq istəmir. Böyük dramaturqun "Anamın kitabı"nda məharətlə qələmə aldıqları yalnız bir ailənin, tək cəfakeş Zəhrabəyim ananın faciəsi deyildi. Zəhrabəyim ana, əslində vətənimizin ümumiləşdirilmiş obrazı idi.
Ana dilini bəyənməyib, ərəb, fars, rus dilində danışanlara 1906-cı ildə Üzeyir Hacıbəyli "Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik" məqaləsində belə cavab verirdi: "Bizim türk lisanımız Avropa üləma və filosoflarının rəyinə nəzərən ən vəsi və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Belə bir zəngin lisana sahib olub da ondan istifadə etməməyin özü böyük bədbəxtlikdir".
Nəriman Nərimanov isə həmin il qələmə aldığı "Bir gün" adlı məqaləsində Azərbaycan dilinin lətafətindən heyranlıqla bəhs edirdi: "Ana dili! Nə qədər rəfiq, nə qədər ali, qəlbi təlatümə gətirən bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz şəfqət və məhəbbətini sənə o dildə bəyan edibdir. Bir dil ki, sən hələ beşikdə ikən layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhunun ən dərin guşələrində nəqş bağlayıbdır. Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl bu dil sayəsində fikir hasil edibsən..."
Ana dilinə böyük həssaslıqla, təəssübkeşliklə və məsuliyyətlə yanaşma sonrakı illərdə də bir çox ziyalılarımızın fəaliyyətində, yaradıcılığında vacib yer tutub. Mirzə İbrahimov, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Tofiq Bayram və başqaları doğma dillərində danışmağı özlərinə ar bilənləri, eləcə də ana dilimizi yerli-yersiz əcnəbi sözlərlə yükləyənləri kəskin şəkildə tənqid ediblər. Şair Tofiq Bayram "Ana dilim" adlı şeirində doğma dilinə ögey münasibətin vətənə də yadlaşdığını bildirib:
Döyüşdə bərkiyib el polad olur,
Zirvəyə uçmağa dil qanad olur.
Torpağın sevinci, dərdi yad olur -
Öz ana dilini bilməyənlərə!
Bir mühüm məqamı da diqqətə çatdıraq ki, bütün dövrlərdə Azərbaycanın mütərəqqi fikirli, xalqının tərəqqisini düşünən ziyalıları çox dil bilməyi faydalı sayıblar, təqdir və təbliğ ediblər. Və onların böyük əksəriyyəti bir sıra xarici dilləri mükkəməl öyrəniblər.
Hələ XIX əsrdə görkəmli şair, maarifçi Seyid Əzim Şirvani oğlunun timsalında gəncliyə nəsihət edirdi:
Kim ki, bəs bir dil eyləsə hasil,
Oldu bir nemətə o kəs vasil.
Cəhd qıl neməti-tamamə yetiş,
Elm təhsil qıl, məqamə yetiş.
Bu günün Azərbaycanı bütün dövrlərdə onun vətənsevər, millətpərvər övladlarının arzuladıqları, görmək istədikləri bir məmləkətdir. Ölkəmiz müstəqildir. Xalqımız öz vətənində milli-mənəvi dəyərlərini qoruyur, yaşadır və inkişaf etdirir. Bu dəyərlər sırasında milli varlığımızın təcəssümü olan ana dilimiz mühüm yer tutur.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"