06 Oktyabr 2026 12:00
164
SİYASƏT
A- A+
Dövlətçilikdən zəfərə və yeni inkişaf mərhələsinə

Dövlətçilikdən zəfərə və yeni inkişaf mərhələsinə


Azərbaycanın müasir siyasi tarixini Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan ayrı təsəvvür etmək mümkün deyil. Çünki Yeni Azərbaycan Partiyasının yaranması sadəcə yeni bir siyasi təşkilatın meydana gəlməsi deyildi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində son dərəcə mürəkkəb və taleyüklü bir mərhələdə xalqın milli iradəsinin, dövlətçilik düşüncəsinin və sabitlik istəyinin siyasi ifadəsi kimi meydana çıxdı.

Bu gün – Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, dövlətimizin beynəlxalq nüfuzunun ən yüksək səviyyələrdən birinə çatdığı, ölkəmizin qarşısında yeni inkişaf və quruculuq hədəflərinin dayandığı bir vaxtda Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salmaq xüsusi əhəmiyyət daşıyır.

YAP-ın tarixini yalnız partiyanın siyasi fəaliyyəti kontekstində deyil, müasir Azərbaycan dövlətçiliyinin formalaşması, möhkəmlənməsi və inkişafı prosesi ilə vəhdətdə qiymətləndirmək lazımdır. Çünki bu tarix Azərbaycanın ən ağır sınaqları ilə, dövlətçiliyimizin təhlükə qarşısında qaldığı illərlə, xalqımızın böyük ümidləri ilə, milli liderliklə, siyasi iradə ilə, nəhayət, Zəfər və suverenliklə sıx bağlıdır.


Tarixi zərurətdən doğan siyasi qüvvə


1992-ci il Azərbaycan tarixinin ən ağır və mürəkkəb dövrlərindən biri idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan həm Ermənistanın hərbi təcavüzü, həm daxili siyasi böhran, həm iqtisadi tənəzzül, həm də dövlət idarəçiliyində ciddi problemlərlə üz-üzə qalmışdı.

Belə bir şəraitdə Azərbaycanın görkəmli ziyalılarının Ulu Öndər Heydər Əliyevə müraciət etməsi təsadüfi deyildi. Bu müraciətin arxasında cəmiyyətin sabitlik, dövlətçilik və güclü liderlik ehtiyacı dayanırdı.

1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması və Ulu Öndər Heydər Əliyevin partiyanın sədri seçilməsi Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Partiya həmin dövrdə hakimiyyət uğrunda sıradan siyasi mübarizə aparan təşkilat kimi deyil, ölkənin taleyini düşünən insanların dövlətçiliyi qorumaq məqsədi ilə yaratdığı siyasi qüvvə kimi meydana çıxdı. YAP-ın təsis konfransında 550 nəfərlik təşəbbüs qrupunun iştirakı və partiyanın proqram və nizamnaməsinin qəbul edilməsi bu prosesin təşkilatlanmış siyasi iradəyə çevrildiyini göstərirdi.

Bu baxımdan YAP-ın yaranmasını Azərbaycan xalqının həmin tarixi mərhələdə öz siyasi gələcəyinə verdiyi cavab kimi qiymətləndirmək olar.

Ulu Öndər Heydər Əliyev xalqın etimadını yalnız siyasi nüfuzu ilə deyil, uzun illər ərzində Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrlə qazanmışdı. 1969-cu ildən başlayaraq Azərbaycana rəhbərliyi dövründə respublikanın iqtisadi, sənaye, kənd təsərrüfatı, elm, təhsil və kadr potensialının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasət sonrakı dövlətçilik mərhələsi üçün mühüm baza yaratmışdı.

Məhz buna görə də 1990-cı illərin əvvəllərində Azərbaycan cəmiyyətinin böyük hissəsi Heydər Əliyev fenomenini ölkənin sabitliyinin və dövlətçiliyinin təminatçısı kimi görürdü.Bu etimad 1993-cü ildə özünün siyasi nəticəsini verdi.


Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı – dövlətçiliyin xilas mərhələsi


1993-cü ilin yayında Azərbaycanda dövlət çevrilişi və vətəndaş qarşıdurması təhlükəsi son dərəcə ciddi xarakter almışdı. Ölkənin ərazi bütövlüyü pozulur, iqtisadiyyat dağılır, dövlət idarəçiliyi zəifləyir, cəmiyyətin müxtəlif təbəqələri arasında qarşıdurma dərinləşirdi.

Belə bir vaxtda xalqın tələbi ilə Heydər Əliyevin Bakıya qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi. 1993-cü ilin oktyabrında Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin siyasi həyatında yeni mərhələ başlandı. Dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın dirçəldilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətində ardıcıl siyasət həyata keçirilməyə başladı.

Bu mərhələ Azərbaycanın gələcək inkişaf modelinin əsaslarını formalaşdırdı. Ən mühüm məsələlərdən biri isə dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi idi. Ulu Öndərin siyasətinin əsasını milli dövlətçilik, azərbaycançılıq, müstəqillik, milli maraqların qorunması və güclü dövlət ideyası təşkil edirdi.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın iqtisadi və geosiyasi gələcəyinə təsir edən mühüm hadisəyə çevrildi. Azərbaycan beynəlxalq enerji layihələrinin fəal iştirakçısına çevrilməklə yanaşı, öz iqtisadi müstəqilliyinin əsaslarını da möhkəmləndirməyə başladı.

Heydər Əliyevin siyasi irsinin ən mühüm xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, yalnız həmin günün problemlərini həll etməklə kifayətlənmirdi. O, gələcək Azərbaycanı düşünürdü. Bu siyasi uzaqgörənlik sonrakı illərdə Azərbaycanın inkişafının əsas istiqamətlərində özünü göstərdi.


YAP – dövlətçilik və siyasi varislik məktəbi


Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətindəki rolunu yalnız seçkilərdə əldə etdiyi nəticələrlə ölçmək düzgün olmazdı.

YAP illər ərzində müxtəlif sosial təbəqələri, müxtəlif peşə və yaş qruplarını, ölkənin müxtəlif regionlarını təmsil edən insanları vahid siyasi platformada birləşdirən böyük siyasi təşkilata çevrildi. Bu baxımdan partiyanın ən mühüm xüsusiyyətlərindən biri onun siyasi varislik institutuna çevrilməsidir.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun şəkildə davam etdirilməsi Azərbaycanın inkişafında mühüm rol oynadı.

Bu gün Azərbaycan iqtisadiyyatının, ordusunun, diplomatik imkanlarının, beynəlxalq mövqeyinin və dövlət idarəçiliyinin əldə etdiyi nəticələrə nəzər salarkən onların hər birinin arxasında uzunmüddətli və ardıcıl dövlət siyasətinin dayandığını görürük.


İlham Əliyev dövrü: strategiyanın yeni mərhələsi


2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf strategiyasında yeni mərhələ başladı.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, onun əsas məqsədlərindən biri Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirmək və Azərbaycanın qarşısında duran strateji məsələləri həll etməkdir.

Bu siyasət ilk növbədə iqtisadi inkişafın sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, müasir ordunun yaradılması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və nəhayət, ərazi bütövlüyünün bərpası istiqamətlərində həyata keçirildi.

Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolu göstərdi ki, dövlətçilik strategiyası yalnız siyasi şüarlarla deyil, konkret proqramlar, layihələr, institusional islahatlar və uzunmüddətli planlaşdırma ilə həyata keçirilmişdir. Bu siyasətin ən böyük nəticəsi isə Azərbaycanın tarixində yeni səhifə açan Zəfər oldu.


Zəfərə aparan yol


2020-ci ilin Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünün böyük hissəsini hərbi-siyasi yolla bərpa etdi. Lakin bu Zəfəri yalnız 44 günlə məhdudlaşdırmaq olmaz. Bu Zəfərin arxasında illərlə aparılmış dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, beynəlxalq diplomatiya, milli həmrəylik və xalq-iqtidar birliyi dayanırdı. Məhz buna görə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında Zəfərin tarixi köklərinə xüsusi diqqət yetirməsi olduqca əlamətdardır.

Prezident vurğuladı ki, VIII Qurultay Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. Bu, qurultayın siyasi əhəmiyyətini xüsusi şəkildə artırır.

2023-cü il sentyabrın 20-də həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bütün ölkə ərazisində təmin edildi.

Beləliklə, Azərbaycan xalqının uzun illər daşıdığı ən böyük milli arzularından biri reallığa çevrildi: Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu, təkcə hərbi nəticə deyildi. Bu, dövlətçilik tariximizin yeni mərhələsi idi.


VIII Qurultay – Zəfərdən sonrakı Azərbaycanın siyasi xəritəsi


2 oktyabr 2026-cı ildə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı məhz belə bir tarixi mərhələdə baş tutdu. Prezident İlham Əliyevin qurultayda çıxışı isə partiyanın gələcək fəaliyyət istiqamətlərinin və Azərbaycanın yeni inkişaf mərhələsinin əsas prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdı.

VIII Qurultayı əvvəlki qurultaylardan fərqləndirən ən mühüm cəhət onun artıq ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanın qurultayı olmasıdır. Əgər YAP-ın əvvəlki mərhələlərində əsas hədəflərdən biri güclü dövlət qurmaq, iqtisadi müstəqilliyi təmin etmək və ərazi bütövlüyünü bərpa etmək idisə, artıq qarşıda duran vəzifə Zəfər nəticəsində formalaşmış yeni reallıqları möhkəmləndirmək, Azərbaycanın gücünü daha da artırmaq və ölkəmizi yeni inkişaf mərhələsinə daşımaqdır.


“Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır”


Prezident İlham Əliyevin çıxışında ən mühüm siyasi tezislərdən biri Ulu Öndərin siyasi xəttinin dəyişməz olaraq qalması ilə bağlı fikirdir. Bu xəttin mahiyyətində müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə dayanır.

Bu, çox mühüm mesajdır. Çünki siyasi varislik sadəcə keçmişi təkrarlamaq demək deyil. Siyasi varislik əsas strateji prinsipləri qorumaqla dəyişən dünyaya uyğun yeni yanaşmalar ortaya qoymaqdır.

Azərbaycanın son illərdə əldə etdiyi nəticələr də məhz bunu göstərir.

Ulu Öndərin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmunla zənginləşdirilib. Güclü iqtisadiyyat güclü orduya, güclü ordu isə Zəfərə imkan verib. Diplomatik güc və iqtisadi imkanlar isə Azərbaycanın Zəfərdən sonrakı mərhələdə öz milli maraqlarını daha qətiyyətlə müdafiə etməsinə şərait yaradıb.


Zəfərin qorunması da Zəfərin özü qədər vacibdir


VIII Qurultayda diqqət çəkən əsas məsələlərdən biri də Azərbaycanın hərbi və təhlükəsizlik imkanlarının bundan sonra da gücləndirilməsi ilə bağlı fikirlərdir.

Azərbaycan sülh istəyən ölkədir. Azərbaycan regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarıdır. Lakin sülhün etibarlı təminatlarından biri güclü dövlət və güclü ordudur.

Prezident çıxışında hərbi gücün artırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirərək müdafiə və təhlükəsizlik istiqamətində qarşıdakı prioritetlərə toxunub. Bu siyasətin mahiyyəti müharibəyə hazırlaşmaq deyil, müharibənin qarşısını almaq üçün kifayət qədər güclü olmaqdır. Azərbaycanın son illərdə yaratdığı hərbi potensial da məhz bu məqsədə xidmət edir.


İdeoloji təhlükəsizlik – yeni dövrün mühüm çağırışı


VIII Qurultayın xüsusi əhəmiyyət daşıyan məqamlarından biri Prezidentin ideoloji təhlükəsizlik məsələsinə verdiyi diqqətdir.

Müasir dünyada dövlətlərin təhlükəsizliyi artıq yalnız sərhədlərin qorunması ilə ölçülmür. İnformasiya müharibələri, kiberhücumlar, sosial şəbəkələr, süni intellekt, saxta məlumatlar və müxtəlif ideoloji təsir vasitələri milli dövlətlər üçün yeni çağırışlar yaradır. Bu reallıqda təhsilli, savadlı, milli dəyərlərinə bağlı və dünyada baş verən prosesləri düzgün qiymətləndirə bilən cəmiyyət ən güclü müdafiə mexanizmlərindən biridir.

Prezidentin çıxışında da təhsilin və vətənpərvərliyin ideoloji təhlükəsizliyin əsas dayaqları kimi önə çəkilməsi təsadüfi deyil.

Bu məsələdə Yeni Azərbaycan Partiyasının üzərinə də mühüm vəzifələr düşür. Partiyanın ideoloji fəaliyyəti yalnız ənənəvi tədbirlərlə məhdudlaşmamalı, yeni kommunikasiya imkanlarından, rəqəmsal platformalardan, müasir media alətlərindən və gənclərlə yeni ünsiyyət formalarından daha geniş istifadə etməlidir. Çünki yeni nəsillə danışmaq üçün yeni üsullar və yeni kommunikasiya imkanları lazımdır.


Azərbaycanın artan beynəlxalq nüfuzu


Bu gün Azərbaycan müxtəlif siyasi və iqtisadi qütblərlə əməkdaşlıq edən, öz milli maraqlarını qoruyan və müstəqil xarici siyasət yürüdən dövlət kimi mövqeyini daha da möhkəmləndirib.

Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı, enerji və nəqliyyat layihələrində rolu, müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri ölkəmizin geosiyasi əhəmiyyətini artırıb.

Prezident çıxışında Azərbaycanın müxtəlif beynəlxalq platformalarda artan roluna, Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsinə, D-8-ə üzvlüyünə, İslam dünyasında Azərbaycanın birləşdirici roluna, eləcə də Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkib.

Bütün bunlar Azərbaycanın xarici siyasətində əsas prinsipin – milli maraqların qorunması və müstəqil qərar qəbul etmək imkanının – nə qədər mühüm olduğunu göstərir. Azərbaycan heç bir siyasi blokun qarşısında öz müstəqilliyini məhdudlaşdıracaq öhdəlik götürmədən müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq xəttini davam etdirir.

Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun əsas amillərindən biridir.


İqtisadi güc – siyasi müstəqilliyin əsas dayağı


Müasir dövlətin müstəqilliyi yalnız siyasi iradə ilə təmin olunmur. Güclü iqtisadiyyat olmadan uzunmüddətli siyasi müstəqillik də mümkün deyil.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi iqtisadi strategiya məhz buna xidmət edirdi.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu strategiya daha da inkişaf etdirildi. Neft və qaz sektorundan əldə olunan gəlirlərin infrastrukturun, insan kapitalının, müdafiə qabiliyyətinin və qeyri-neft sektorunun inkişafına yönəldilməsi Azərbaycanın iqtisadi dayanıqlığının möhkəmlənməsinə şərait yaratdı.

Bu gün Azərbaycanın qarşısında duran yeni iqtisadi prioritetlər arasında investisiyaların cəlb edilməsi, qeyri-neft-qaz sektorunun inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və enerji potensialından daha səmərəli istifadə xüsusi yer tutur.

VIII Qurultayda Prezident Azərbaycanın enerji və nəqliyyat imkanlarına xüsusi diqqət yetirib. Ölkəmizin Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarında rolunun artırılması, tranzit imkanlarının genişləndirilməsi qarşıdakı dövr üçün mühüm iqtisadi və geosiyasi vəzifələr kimi təqdim olunub.

Bu, Azərbaycanın yalnız enerji ixrac edən ölkədən regional nəqliyyat, logistika və iqtisadi əməkdaşlıq mərkəzlərindən birinə çevrilmək istiqamətində atdığı addımların davamıdır.


Qarabağ və Şərqi Zəngəzur – Zəfərin quruculuq mərhələsi


Azərbaycanın qarşısında duran ən böyük tarixi vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Bu gün Qarabağ və Şərqi Zəngəzur artıq dağıntı və işğalın deyil, quruculuğun, qayıdışın və inkişafın məkanıdır. Yeni yollar, hava limanları, yaşayış məhəllələri, məktəblər, xəstəxanalar, enerji və kommunikasiya infrastrukturu yaradılır.

Prezidentin VIII Qurultaydakı çıxışında bildirildiyi kimi, artıq Qarabağ və Şərqi Zəngəzurda on minlərlə insan yaşayır, işləyir və təhsil alır. Bu ərazilərin bərpasına böyük həcmdə dövlət vəsaiti yönəldilib və Böyük Qayıdış prosesi getdikcə sürətlənir. Bu, sadəcə tikinti proqramı deyil. Bu, tarixi ədalətin bərpasının sosial və humanitar mərhələsidir.

İllər əvvəl öz doğma torpaqlarından didərgin düşmüş insanların öz evlərinə qayıtması Azərbaycan dövlətinin qarşısında duran ən müqəddəs vəzifələrdən biridir.


YAP-ın gücü – xalqla dövlət arasında etimad körpüsü


Yeni Azərbaycan Partiyasının otuz ildən artıq müddətdə siyasi fəaliyyətinin əsas nəticələrindən biri də xalqla dövlət arasında etimadın möhkəmlənməsinə verdiyi töhfədir.

Bu gün YAP böyük siyasi təşkilatdır. Xalqın etimadını qorumaq üçün hər bir partiya üzvü öz fəaliyyətində dövlətçilik, dürüstlük, məsuliyyət və vətəndaşa xidmət prinsiplərini rəhbər tutmalıdır. Çünki siyasi partiyanın nüfuzu yalnız rəhbərliyin fəaliyyətindən formalaşmır.Hər b ir üzvün davranışı, vətəndaşla münasibəti, gördüyü iş və daşıdığı məsuliyyət partiyanın ümumi imicinə təsir edir.

Bu baxımdan YAP üzvlərinin hər biri dövlətçilik ənənələrinin daşıyıcısı kimi çıxış etməlidir.


Heydər Əliyev ideyalarından İlham Əliyev liderliyinə


Azərbaycanın son onilliklərdəki inkişafını xarakterizə edən ən mühüm xüsusiyyətlərdən biri siyasi kursun ardıcıllığıdır.

Ulu Öndər Heydər Əliyev dövlətçilik strategiyasının əsaslarını yaratdı. Prezident İlham Əliyev isə həmin strategiyanı yeni tarixi şəraitdə inkişaf etdirdi.

Bu siyasi xəttin nəticəsində Azərbaycan əvvəlcə iqtisadi və siyasi baxımdan gücləndi, sonra öz hərbi qüdrətini artırdı, beynəlxalq mövqelərini möhkəmləndirdi və nəhayət, uzun illər qarşısında dayanan əsas milli məqsədə – ərazi bütövlüyünün və suverenliyin tam bərpasına nail oldu.

Bu baxımdan Azərbaycanın Zəfəri yalnız hərbi tariximizin deyil, dövlətçilik tariximizin də zirvəsidir.

VIII Qurultayın əhəmiyyəti də məhz buradadır.Bu, ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini təmin etmiş, beynəlxalq nüfuzunu artırmış, qarşısında yeni inkişaf hədəfləri dayanan Azərbaycanın qurultayıdır.


Yeni dövrün əsas şüarı: daha güclü Azərbaycan


Bu gün bizim qarşımızda artıq başqa vəzifələr dayanır. İndi əsas məsələ əldə edilmiş Zəfəri qorumaq və onun yaratdığı imkanlardan Azərbaycanın gələcək inkişafı üçün maksimum istifadə etməkdir. 

Güclü ordu. Güclü iqtisadiyyat. Güclü dövlət. Yüksək təhsil. Müasir texnologiyalar. Milli birlik.

Bunlar Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. Azərbaycan artıq yalnız regionda deyil, daha geniş coğrafiyada mühüm siyasi, enerji, nəqliyyat və diplomatik aktordur. Lakin əldə olunan uğurlar yeni məsuliyyət də yaradır. Dövlətimizin hər bir vətəndaşının rifahının yüksəldilməsi, ölkənin iqtisadi imkanlarının artırılması və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi bizim əsas vəzifəmiz olmalıdır.

YAP Azərbaycanın ağır böhran dövründə dövlətçiliyin müdafiəsindən başlayan siyasi yolunu bu gün Zəfərdən sonrakı quruculuq və inkişaf mərhələsində davam etdirir.

1992-ci ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanlar Azərbaycanın gələcəyinə inanırdılar.

1993-cü ildə xalq Heydər Əliyevə etimad göstərərək ölkəni böhrandan çıxarmaq üçün öz siyasi iradəsini ortaya qoydu.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.

Və bütün bu tarixi mərhələlərin hər birində dövlətçilik xəttinin, siyasi iradənin və milli həmrəyliyin xüsusi rolu olmuşdur. Zəfər son deyil, yeni mərhələnin başlanğıcıdır.

Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbinin ən mühüm prinsiplərini qorumaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinə fəal dəstək vermək, cəmiyyətlə daha sıx əlaqələr qurmaq, yeni nəslin siyasi və ictimai proseslərdə iştirakını genişləndirmək və Azərbaycanın gələcəyinə xidmət edən ideyaları həyata keçirmək bu məsuliyyətin əsas istiqamətləridir.

Qarşıda daha böyük məqsəd dayanır: Zəfərimizi davamlı inkişafın, rifahın, qüdrətin və milli tərəqqinin təməl daşına çevirmək. Azərbaycan xalqının birliyi, dövlətimizin gücü, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Yeni Azərbaycan Partiyasının qarşısında dayanan yeni vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi nəticəsində ölkəmiz qarşıdakı illərdə də yeni və böyük uğurlara imza atacaq. 


Asif ƏSGƏROV,

Milli Məclisin deputatı 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib  

13:01
06 Oktyabr

Milli təhlükəsizlik konsepsiyasının prioritetləri: Ordu quruculuğunun yeni mərhələsi və hərbi-sənaye kompleksinin gücləndirilməsi

12:59
06 Oktyabr

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də  

12:42
06 Oktyabr

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb  

12:41
06 Oktyabr

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib  

12:40
06 Oktyabr

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək  

12:39
06 Oktyabr

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir  

12:38
06 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb  

12:37
06 Oktyabr

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

12:15
06 Oktyabr

Dövlətçilikdən zəfərə və yeni inkişaf mərhələsinə

12:00
06 Oktyabr

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

11:59
06 Oktyabr

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb  

11:36
06 Oktyabr

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açılanıb

11:24
06 Oktyabr

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq  

11:24
06 Oktyabr

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir  

11:23
06 Oktyabr

Laçında daha üç su elektrik stansiyası tikilir

11:22
06 Oktyabr

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

11:19
06 Oktyabr

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

11:09
06 Oktyabr

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

11:08
06 Oktyabr

ÜST: Ölüm hallarında qeyri-infeksion xəstəliklərin sayı artır

10:55
06 Oktyabr

Azərbaycan nefti 124 dollara satılır 

10:51
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!