Regionların inkişafına diqqət və dəstək azalmır
Vaxt var idi Azərbaycan iqtisadiyyatının bütün imkanları yalnız bir neçə böyük şəhərdə, xüsusən paytaxtda cəmləşmişdi. Elə sosial güvənlik, infrastruktur, ən əsası iş yerləri də Bakıda idi. Regionlar isə obyektiv səbəblər üzündən inkişafdan kənar qalmışdı.
Elə bu üzdən cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra ilk imzaladığı mühüm dövlət sənədlərindən biri regionların sosial-iqtisadi inkişafına dair 5 illik dövlət proqramı oldu. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaq, bölgələrin sosial-iqtisadi inkişafını təmin etmək və region əhalisinin sosial rifahını yaxşılaşdırmaq idi. 2004-2009-cu illəri əhatə edən ilk dövlət proqramından sonra daha 3 analoji sənəd qəbul olundu və qətiyyətlə demək olar ki, həmin proqramlarda qarşıya qoyulan vəzifələr uğurla icra edildi.
Bu illər ərzində bölgələrdə yüzlərlə müxtəlif təyinatlı sənaye və emal müəssisələri istifadəyə verildi, yüz minlərlə insanın məşğulluğu təmin edildi, çox sayda turizm və digər xidmət obyektləri fəaliyyətə başladı, 3 mindən çox məktəb binası, 800-ə yaxın tibb müəssisəsi tikildi və ya əsaslı təmir olundu, sağlam nəslin yetişməsi üçün 40-dan çox Olimpiya mərkəzi və çox sayda digər idman meydançaları açıldı və s.
Regionların inkişafı ilə bağlı dövlət proqramlarının icrası təkcə bölgələrin iqtisadi simasını dəyişmədi, həmçinin genişmiqyaslı sosial layihələrin icrasına imkan yaratdı. Bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdən çoxdur. İndi regionlarda işıq problemi də yoxdur. Ən ucqar kəndlərimiz belə, 24 saat ərzində fasiləsiz elektrik enerjisi ilə təmin edilir. Bölgələrin sosial-iqtisadi inkişafında mühüm amillərdən biri də rahat yolların olmasıdır. Bu sahə üzrə də bölgələrdə nəhəng layihələr icra edilib. Beynəlxalq əhəmiyyətli yollarla yanaşı, respublika əhəmiyyətli yollar salınıb, yüz kilometrlərlə şəhərlərarası kəndlərarası yollar tikilərək əhalinin ixtiyarına verilib.
Müasir dünyada ölkənin inkişaf göstəricilərindən biri də əhalinin rabitə və internetə rahat çıxışının olmasıdır. Azərbaycan əhalinin internetlə təminatına görə, dünyanın öndə gedən ölkələrindən biridir.
Bu gün Azərbaycanın böyük uğur salnaməsi olan işğaldan azad edilmiş torpaqların sosial-iqtisadi sistemə effektiv reinteqrasiyası təmin edilir. Həmin strateji məqsədin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə mərhələli şəkildə, prioritetləşdirilməklə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir təcrübəyə əsaslanmaqla bərpa-quruculuq işlərinin həyata keçirilməsi, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, bu əsasda Azərbaycan vətəndaşının dayanıqlı məskunlaşmasının təmin edilməsi tələb olunur. Sözügedən işlər müasir təcrübə və yanaşmalar əsasında beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılmaqdadır. İşğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialının xalqımızın rifahı naminə tam istifadə olunması, xüsusilə Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq regional nəqliyyat-kommunikasiya layihələri davamlı və dayanıqlı inkişaf üçün geniş imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq üzrə qət olunan məsafə qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçirilməsindən xəbər verir. Məhz uzunmüddətli dövrə hədəflənən strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcud olması bunun təminatı kimi çıxış edir.
Dövlətin hədəfində işğaldan azad olunan ərazilərin sosial-iqtisadi inkişafının əsas olmasına baxmayaraq, regionların 20 ildən öncə başlanmış sosial-iqtisadi inkişafı da unudulmur. Prezident İlham Əliyevin Yevlax, Mingəçevir şəhərlərinə və Goranboy rayonuna etdiyi son səfərləri çərçivəsində mühüm sosial infrastruktur və istehsal müəssisələrinin açılışı da bunu sübut edir.
Yevlax rayonunda səfərdə olan Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış oldu. Dövlət başçısı həmçinin Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Yevlax" qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin, "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının açılışında iştirak etdi. Prezidentə məlumat verildi ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Yolun müasir səviyyədə qurulması "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat imkanlarını daha da genişləndirəcək.
"Yevlax" qovşaq yarımstansiyası 60 il əvvəl tikildiyindən müasir dövrün tələblərinə cavab vermirdi. Ölkənin Mərkəzi Aran regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, həmçinin enerjisistemin dayanıqlılığının və etibarlılığının artırılması məqsədilə bu yarımstansiya tamamilə yenidən qurulub. Yeni qovşaq Yevlaxın tam, Bərdə və Ucar rayonlarının isə müəyyən hissəsi daxil olmaqla 180 mindən artıq əhalinin elektrik təchizatında önəmli rol oynayacaq. Eyni zamanda "Varvara" Su-Elektrik Stansiyasında istehsal edilən "yaşıl enerji"nin enerjisistemə ötürülməsində xüsusi əhəmiyyətə malik bu yarımstansiyada 110 kilovoltluq yeni açıq paylayıcı qurğu quraşdırılıb, ərazidə yeni Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.
Ümumilikdə ölkə üzrə son beş ildə "AzərEnerji" ASC tərəfindən 47 yerdə sistem əhəmiyyətli ötürücü yarımstansiya tikilib və ya tam yenidən qurulub, 2500 kilometr uzunluğunda yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Ölkədə ümumi gücü 3000 meqavatdan artıq elektrik enerjisi istehsal edən 45 stansiya tikilib. İşğaldan azad edilən ərazilərdə tikilən su-elektrik stansiyalarının sayı 38, gücü isə 307 meqavatdır.
Dövlət başçısı eyni zamanda Goranboy rayonuna səfəri zamanı burada "Konstralab Industries" QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi. Müəssisə gələcəkdə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisəyə Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,9 milyon manat dəyərində güzəştli kredit ayrılıb, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədə görə müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.
Bütün bunlarsa onu deməyə əsas verir ki, regionların inkişafı davam edir və bu davamlı inkişafın təşəbbüskarı onun müəllifi olan dövlət başçısıdır.
Rüstəm KAMAL,
"Azərbaycan"