09 Noyabr 2026 12:21
125
SİYASƏT
A- A+
Dövlət Bayrağımız tarixi keçmişimizi və gələcəyə olan inamımızı ifadə edir

Dövlət Bayrağımız tarixi keçmişimizi və gələcəyə olan inamımızı ifadə edir


Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuzu və gələcəyə olan inamımızı ifadə edir. Azərbaycan Bayrağı sadəcə dövlət atributu deyil. O, xalqımızın əsrlər boyu qoruyub saxladığı milli kimliyinin, tarixi yaddaşının, müstəqil yaşamaq iradəsinin və dövlətçilik məfkurəsinin ifadəsidir. Bu bayraq altında Azərbaycan xalqı öz müstəqil dövlətini qurmuş, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış, tarixi nailiyyətlərə imza atmışdır.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi XX əsrin əvvəllərində, xalqımızın milli oyanış və istiqlal mübarizəsinin geniş vüsət aldığı dövrə təsadüf edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk demokratik respublikalardan birini quraraq dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. Müstəqil dövlətin atributlarının müəyyənləşdirilməsi, milli ideologiyanın formalaşdırılması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi həmin dövrün başlıca vəzifələrindən idi. "1918-ci il iyunun 21-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əvvəlcə qırmızı fonda ağ aypara və səkkizguşəli ulduz təsvirindən ibarət dövlət bayrağı qəbul edildi. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin bayraq mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli bayraqla əvəz olundu. Beləliklə, bu tarix Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutdu. Üçrəngli bayraq milli dövlətçiliyimizin, istiqlalımızın və xalqımızın azadlıq arzularının rəmzinə çevrildi. Üçrəngli bayrağımızın ideoloji mahiyyəti görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq prinsipləri ilə bağlıdır. Bayrağımızda əks olunan mavi rəng – türkçülüyü, yəni Azərbaycan xalqının türk mənşəyini, milli köklərini, tarixi keçmişini, dilini, mədəniyyətini və türk dünyası ilə bağlılığını ifadə edir. Qırmızı rəng – müasirlik və tərəqqini, yəni müasir cəmiyyət qurmaq, demokratik dövlətçilik prinsiplərini inkişaf etdirmək, tərəqqiyə və yeniliyə nail olmaq istəyini təcəssüm etdirir. Yaşıl rəng – islam sivilizasiyasını, yəni xalqımızın İslam sivilizasiyasına mənsubiyyətini, zəngin dini-mənəvi irsini və əsrlər boyu formalaşmış mənəvi dəyərlərini ifadə edir. Bayrağımızın qırmızı zolağında yerləşən ağ aypara və səkkizguşəli ulduz da onun mühüm elementlərindəndir. Bu rəmzlər Azərbaycan dövlətçiliyinin tarixi və milli-mədəni irsi ilə bağlıdır",- deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra üçrəngli bayrağımız uzun illər dövlət atributu kimi istifadə edilməyib. Lakin xalqımızın azadlıq və müstəqillik idealları yaşamaqda davam edib. Milli istiqlal düşüncəsinin ayrılmaz hissəsinə çevrilən üçrəngli bayrağımız müstəqil dövlət qurmaq arzusunun simvolu olaraq qorunub saxlanılıb. 1990-cı il noyabrın 17-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi. Bu qərar milli dövlətçilik tariximizin bərpası istiqamətində mühüm hadisə idi.

P. Vəliyeva xatırladıb ki, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul olunması barədə qərar verib: "Beləliklə, Azərbaycan xalqının milli istiqlal rəmzi yenidən dövlətçilik statusu qazandı. 1991-ci il oktyabrın 18-də qəbul edilən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Üçrəngli bayrağımız müstəqil Azərbaycanın suverenliyinin və milli iradəsinin əsas rəmzlərindən biri kimi dövlətçilik tariximizdə öz layiqli yerini tutdu. 

Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ənənələrinin qorunması və bərpası istiqamətindəki fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsü ilə Naxçıvanda üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi Azərbaycanın gələcək müstəqillik yolunda mühüm siyasi və mənəvi addım oldu.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi dövlətçilik tariximizə, milli rəmzlərimizə və istiqlal irsimizə verilən yüksək qiymətin göstəricisidir.  Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilib. Həmin tarixdən etibarən bu əlamətdar gün ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Dövlət Bayrağına göstərilən yüksək ehtiramın bariz nümunələrindən biri Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Ölkə Başçısı cənab İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncamla paytaxt Bakıda Dövlət Bayrağı Meydanının yaradılması qərara alınıb. Bu meydan Azərbaycan xalqının müstəqillik və dövlətçilik rəmzinə olan ehtiramının, milli birliyinin və vətənpərvərlik duyğularının ifadəsinə çevrilib".

Deputat bildirib ki, Azərbaycan xalqının müasir tarixində Dövlət Bayrağımızın mənəvi və siyasi əhəmiyyəti xüsusilə Vətən müharibəsi və sonrakı tarixi hadisələr zamanı daha aydın şəkildə özünü göstərib. Uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat isə müharibənin hərbi-siyasi nəticələrini müəyyənləşdirən mühüm hadisələr oldu. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edildi. Bu tarixi hadisələrdən sonra üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində dövlət suverenliyinin rəmzi kimi dalğalanır. Bu bayraq uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin qəhrəmanlığını, əsgər və zabitlərimizin fədakarlığını özündə yaşadır. Azərbaycan Bayrağı hər bir şəhidimizin yarımçıq qalmış arzularının, hər bir qazimizin mübarizəsinin, hər bir Azərbaycan vətəndaşının Vətənə bağlılığının rəmzidir. Bu gün üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması müstəqil dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün əyani ifadəsidir.

P.Vəliyeva qeyd edib ki, Dövlət Bayrağı həm də ölkəmizi beynəlxalq aləmdə təmsil edən əsas dövlət atributlarından biridir. Birləşmiş Millətlər Təşkilatında, digər beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə, xarici ölkələrdə keçirilən rəsmi tədbirlərdə və beynəlxalq görüşlərdə Azərbaycan bayrağının dalğalanması dövlətimizin müstəqilliyinin və suverenliyinin ifadəsidir: "Bundan başqa, beynəlxalq idman yarışlarında Azərbaycan idmançılarının qazandıqları qələbələr zamanı üçrəngli bayrağımızın yüksəldilməsi hər bir vətəndaş üçün qürur mənbəyidir. İdmançılarımızın, alimlərimizin, mədəniyyət və incəsənət xadimlərimizin beynəlxalq arenada əldə etdikləri uğurlar dövlət bayrağımızın nüfuzunun daha da artmasına töhfə verir.

Azərbaycan bayrağı dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən milli rəmzdir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün bu bayraq Vətənə bağlılığın, milli kimliyin və tarixi yaddaşın ifadəsidir. Dövlət Bayrağına hörmət hər bir vətəndaşın dövlətinə, xalqına, tarixinə və milli dəyərlərinə münasibətinin göstəricisidir.

Bayrağımız daim ucalarda dalğalansın!"


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Bayrağımız tarixi keçmişimizi və gələcəyə olan inamımızı ifadə edir

12:21
09 Noyabr

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb  

11:55
09 Noyabr

Üçrəngli bayrağımız keçmişimizin yadigarı, bu günümüzün qüruru və gələcəyimizin əzəmətlə dalğalanan dövlətçilik rəmzidir  

11:49
09 Noyabr

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

11:47
09 Noyabr

Şuşa ağ örpəyə bürünüb

11:47
09 Noyabr

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

11:45
09 Noyabr

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

11:42
09 Noyabr

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

11:40
09 Noyabr

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub 

11:37
09 Noyabr

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb  

11:36
09 Noyabr

Birjalarda neft bahalaşıb

11:09
09 Noyabr

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb  

11:01
09 Noyabr

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib  

10:38
09 Noyabr

Üçrəngli bayrağımız dövlətçiliyimizin, milli kimliyimizin və müstəqilliyimizin rəmzidir  

09:54
09 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib  

09:00
09 Noyabr

Sülh bəyanatlarla deyil, real addımlarla qurulur

08:30
09 Noyabr

Zəfər parkı - qəhrəmanlığımızın rəmzinə çevrilən ünvan

08:25
09 Noyabr

Tarixdən güc alan ideologiya

08:20
09 Noyabr

Bayraq ucalanda Vətən ucalar

08:15
09 Noyabr

Qələbə rəmzi

08:10
09 Noyabr

"Bayraq mənliyimdir, bayraq kimliyim"

08:05
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!