Azərbaycan xalqı üçün üçrəngli bayrağımızın mənası daha dərindir. O, xalqımızın milli qürurunu, müstəqillik uğrunda mübarizəsini və gələcəyə olan inamını təcəssüm etdirir.
Dövlət Bayrağı Günü Cənab Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli müvafiq Sərəncamı ilə təsis edilib. Həmin ilin 4 dekabrında Azərbaycan Milli Məclisi 9 noyabr tarixini rəsmi olaraq Dövlət Bayrağı Günü elan edib. Müstəqil Azərbaycanın dövlət bayrağının üç rəngində əksini tapan və XX əsrin əvvəllərində milli müstəqillik ideologiyamızın əsas prinsiplərini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulasının müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasirlik və tərəqqi ideyalarını, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Bu üç rəng xalqımızın tarixi köklərini, mənəvi dəyərlərini və inkişaf istiqamətini özündə birləşdirir.
Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul olunub və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun dövlətçilik idealları, milli irsi və üçrəngli bayrağı xalqımızın yaddaşında yaşamaqda davam edib. Sovet hakimiyyəti illərində dövlət bayrağımız rəsmi istifadədən çıxarılsa da, müstəqillik arzusu və milli dövlətçilik düşüncəsi xalqımızın qəlbindən silinməyib. 70 il sonra, 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında bu bayraq muxtariyyətin dövlət bayrağı kimi təsdiq edilib və onun Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul olunması barədə vəsatət qaldırılıb. Azərbaycan Ali Soveti isə 1991-ci il fevralın 5-də müvafiq qanunu- “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu qəbul edərək üçrəngli bayrağa yenidən ölkənin dövlət bayrağı statusunu verib. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. Azərbaycan Respublikasının 8 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağından istifadə qaydaları haqqında” Qanunu ilə bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilib.
Ulu Öndər Heydər Əliyev dövlət bayrağının mahiyyətini və əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edirdi: “Azərbaycan bayrağı sadəcə bir bayraq deyil. O, bizim dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Buna görə hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil bunu dərk etməli, qiymətləndirməlidir.”
Bu fikir dövlət rəmzlərimizin milli şüurun formalaşmasında, vətənpərvərlik tərbiyəsində və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsində nə qədər mühüm yer tutduğunu aydın göstərir. Bayrağa hörmət, əslində, Vətənə, dövlətə, tariximizə və milli dəyərlərimizə hörmət deməkdir. Hər bir vətəndaş dövlət bayrağının daşıdığı mənəvi məsuliyyəti dərk etməli, onun ucalığını qorumağı özünün vətəndaşlıq borcu hesab etməlidir.
Azərbaycan xalqının milli özünüdərkində bayraq həmişə xüsusi və şərəfli yer tutub. Bayraq millətin şərəf və ləyaqətinin, azadlıq iradəsinin və birliyinin təcəssümüdür. Prezident cənab İlham Əliyev də dövlət rəmzlərimizə daim böyük önəm verir. Dövlət başçısı üçrəngli bayrağımızı müstəqil Azərbaycanın rəmzi və xalqımızın qürur mənbəyi kimi səciyyələndirərək belə deyib: “Bayrağımız-bizim qürurumuzdur. Bayrağımız-bizim ruhumuzdur, qəlbimizdir.”
Prezident İlham Əliyevin bu fikirləri bayrağımızın xalqımızın həyatında tutduğu mənəvi yeri, dövlətçilik tariximizdəki əhəmiyyətini və hər bir azərbaycanlı üçün daşıdığı xüsusi məna yükünü ifadə edir. Milli birliyin təcəssümü kimi Azərbaycan Respublikasının dövlət bayrağı dövlət qurumlarının və ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin binaları üzərində dalğalanır, genişmiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, beynəlxalq platformalarda, idman yarışlarında qaldırılır. Onun hər yüksəlişi Azərbaycanın müstəqilliyinin, milli iradəsinin və dövlət nüfuzunun nümayişidir.
Bu gün Azərbaycan bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad edərək respublikamızın ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan əsgəri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd, Suqovuşan qəsəbələrində, həmçinin 200-dən çox azad edilmiş kənddə dövlət bayrağımızı ucaltdı. Lakin Dövlət Bayrağı Günü ərəfəsində, 2020-ci il noyabrın 8-də ən böyük müjdəni eşitdik: Prezident İlham Əliyev Azərbaycan xalqına Şuşa şəhərinin işğaldan azad edildiyini elan etdi. Şuşanın azad olunması xəbəri xalqımız tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan!” müraciəti hər bir azərbaycanlının qəlbində illərlə yaşatdığı arzunun gerçəkləşdiyini bildirən tarixi bəyanat oldu. Bu xəbərdən sonra yüz minlərlə insan Azərbaycan bayrağı ilə küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini birgə bölüşdü. 28 ildən sonra Şuşa şəhərinin düşmən əsarətindən azad edilməsi noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdi. Şuşanın azad olunması Azərbaycanın hərbi və siyasi tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, milli qürurumuzun və tarixi ədalətin bərpasının rəmzinə çevrildi. 2021-ci il yanvarın 15-də isə Prezident İlham Əliyev Şuşada üçrəngli dövlət bayrağımızı ucaltdı. Bu hadisə Azərbaycan tarixində əbədi yaşayacaq. Beləliklə, dövlət başçısının illər əvvəl səsləndirdiyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır” fikri gerçəkliyə çevrildi.
2023-cü il sentyabrın 19-da ordumuz tərəfindən Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin müsbət nəticələri, qarşıya qoyulan məqsədlərin cəmi 24 saat ərzində əldə olunması Azərbaycanın növbəti tarixi qələbəsi oldu. Bu, bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan öz ərazisində dövlət suverenliyini təmin etmək iqtidarındadır və regionda sülhün, sabitliyin bərqərar olması üçün ardıcıl addımlar atır. Prezident İlham Əliyevin qətiyyətli, müdrik və uzaqgörən siyasətinin, eyni zamanda dövlət başçısının ətrafında “dəmir yumruq” kimi birləşmiş xalqın birliyi bu prosesin əsasını təşkil etdi.
Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və erməni qanunsuz silahlı birləşmələrinin silahı yerə qoymasından, onların silahsızlaşdırılması, döyüş mövqelərindən çıxarılması, separatçı rejimin özünü buraxmasından, bütün silah, sursat və ağır texnikanın təhvil verilməsindən sonra ölkəmizin suveren hüquqları bütövlükdə və dönməz şəkildə bərpa olundu. Artıq dövlət bayrağımız Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərlərində dalğalanır. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev bu şəhərlərdə dövlət bayrağımızı ucaldaraq Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində bərpa olunduğunu bir daha nümayiş etdirdi.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də əldə olunmuş tarixi nailiyyətləri möhkəmləndirmək, işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı inkişafı təmin etmək və doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın qayıdışını gerçəkləşdirməkdir. Bu istiqamətdə mühüm işlər həyata keçirilir. Düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərin bərpası sürətlə davam edir, Böyük Qayıdış çərçivəsində ardıcıl addımlar atılır. İşğaldan azad edilmiş ərazilərdə həyat yenidən canlanır. İnfrastruktur obyektləri ilə yanaşı, yaşayış kompleksləri, məktəb binaları, səhiyyə müəssisələri tikilir, yeni layihələrin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivlərindən xəbər verir. Artıq Qarabağ və Şərqi Zəngəzurda on minlərlə insan yaşayır, qurub-yaradır, doğma torpaqlarında yeni həyata başlayır.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Burada yaradılan yeni yaşayış məntəqələri, müasir infrastruktur və sosial obyektlər doğma torpaqlarımızın əvvəlki həyat ritminə qayıtmasına xidmət edir. Vaxtilə məcburi köçkün həyatı yaşamış insanların öz evlərinə dönməsi, uşaqların doğma torpaqlarında təhsil alması, ailələrin öz yurdlarında gələcək qurması Zəfərimizin ən mühüm nəticələrindəndir. Bu proses həm də dövlətimizin öz vətəndaşlarına qayğısının və tarixi torpaqlarımızın dirçəldilməsinə verdiyi önəmin göstəricisidir.
Dövlət bayrağına sevgi və ehtiram hissinin gənc nəslə aşılanması da xüsusi əhəmiyyət daşıyır. Çünki dövlətçilik düşüncəsi, vətənpərvərlik və milli məsuliyyət ilk növbədə tarixi yaddaşa və milli dəyərlərə bağlılıqdan formalaşır. Gənclərimiz bayrağımızın tarixini, onun uğrunda aparılmış mübarizəni, bu gün daşıdığı mənanı və gələcək nəsillər qarşısında məsuliyyətimizi dərindən dərk etməlidirlər. Bayrağımızın gələcək nəsillər tərəfindən də eyni qürur və ehtiramla ucaldılması müstəqil dövlətimizin davamlılığının mühüm şərtlərindəndir.
Dövlət Bayrağı Günü bizi tariximizə nəzər salmağa, müstəqilliyimizin hansı mübarizə və fədakarlıqlar hesabına əldə olunduğunu bir daha xatırlamağa çağırır. Üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin bizə miras qoyduğu dövlətçilik ənənələrinin, Ümummilli Lider Heydər Əliyevin qoruyub inkişaf etdirdiyi müstəqillik ideallarının və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz tarixi Zəfərin rəmzidir.
Azərbaycan bayrağı xalqımızın müstəqillik iradəsinin, milli birliyinin və dövlətçilik əzminin ifadəsidir. Onun hər bir qarış torpağımızda dalğalanması şəhidlərimizin qanı bahasına əldə edilmiş tarixi Qələbənin, xalqımızın sarsılmaz birliyinin və dövlətimizin suverenliyinin təcəssümüdür. Bayrağımıza ehtiram göstərmək tariximizə, dövlətçiliyimizə və gələcəyimizə ehtiram göstərməkdir.
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri