28 Avqust 2016 12:08
490
İQTİSADİYYAT
A- A+
Dağlar ona, o, dağlara yaraşır

Dağlar ona, o, dağlara yaraşır

 

Lerikin tarixi qədim, təbiəti səfalıdır

 

Lerikə dağlar diyarı da deyirlər. Lənkərandan çıxıb üzü yuxarı - qərb istiqamətinə doğru irəlilədikcə yaşıl örpəyə bürünmüş dağlar, yamaclar, göydən asılı kimi qalan sıldırım qayalar, dibi görünməyən dərələr, hərdən coşub-çağlayan, hərdən isə lal axan dağ çayı göz önündə canlanır. Sal qayaların üstündə ucalan palıd, nil, dəmirağacın kökləri hər bir canlının torpağa necə bağlı olduğunu əks etdirir. Heç bilmirsən bunların hansına baxasan, hansını gözünə, könlünə köçürəsən. 56 kilometrlik Lənkəran-Lerik yolunu qət edib rayon mərkəzinə çatanda qəlbinə, düşüncənə yeni hislər, fikirlər hakim kəsilir. Hər tərəfdən dağlarla əhatə olunmuş şəhər dünyanın ən böyük teatr səhnəsini xatırladır. Yamac boyu tikilmiş evlərin sakinləri isə elə bil amfiteatrda oturan tamaşaçılardır. Lerik şəhərindən cənub-qərbdə isə çılpaq dağlar görünür. Tunc rəngli dağların arasında bir yer var. Bura Dağlar qapısı adlanır. Həmin qapını keçib irəli gedəndə başı qarlı Savalan, Ərdəbil görünür.
Leriki gəzib gördükcə fikirləşirsən: ana torpağın odlu-alovlu hirsindən, püskürməsindən yaranan bu dağların, görəsən, neçə yaşı var? Cavabını da özün verməli olursan: onların yaşını, tarixini doğru-dürüst heç kəs bilmir. Ən yüksək Talış dağları da elə bunlardır. Gömürgöy və Qızyurdu zirvələri dəniz səviyyəsindən 2 min 493 və 2 min 433 metr yüksəklikdə yerləşir.
Lerikin mineral bulaqları, çayları var: Buludlu, Zərinqala, Xanbulaq, Yolahoni bulaqlarının suyu süfrələrin bəzəyidir. Buludlu bulağının suyu bir çox xəstəliklərin dərmanıdır. Rayon ərazisindəki dağ çayları Lənkərançayla birləşərək Xəzərə qovuşur. Bütün bunlar isə şeir-sənət adamlarının diqqətindən kənarda qalmamışdır. Lerikin hüsnünü, dağlarını, çaylarını əks etdirən onlarca şeir yazılmış, mahnı bəstələnmişdir.
Rayonun heyvanat aləmi də zəngindir. Dağlıq ərazilərdə xınalı kəklik, tülkü, canavar, meşələrdə bəbir, qonur ayı, çöldonuzu, porsuq, çaqqal və s. yaşayır. Zuvand təbiət yasaqlığı 1969-cu ildə yaradılmışdır və sahəsi 15 min hektardır. Burada Talış dağlarına xas olan fauna qorunur.
Lerikin təmiz havası, iqlim şəraiti ürəklərə məlhəmdir. Burada 100 il ömür sürənlərin çoxu, demək olar ki, heç bir dava-dərmandan istifadə etmir. Bu torpaq uzunömürlülər diyarı kimi də şöhrət tapmışdır. Vaxtilə Mahmud Eyvazov, Şirəli Müslümov planetin ən yaşlı sakinləri idilər. İndinin özündə də rayonda yaşı 100-ü keçmiş onlarla ağsaqqal və ağbirçək yaşayır.
Ərazisindəki qalalar, türbələr, daşlar üzərindəki müxtəlif yazılar, təsvirlər, abidələr, küp qəbirlər Lerikin keçmişinə güzgü tutaraq buranın qədim insan məskəni olduğunu əks etdirir. Fransız alimləri Henri və Jak de Morqan qardaşları XIX əsrin 90-cı illərində Lerikin dağ kəndlərində qazıntılar aparmış, miladdan əvvəl Son tunc və İlk dəmir dövrünə aid qiymətli arxeoloji abidələr aşkar etmişlər. Onların buradan apardıqları kolleksiyalar hazırda Sen-Jermen Milli Arxeologiya Muzeyində saxlanılır.
Lerikin ərazisi mağaralarla zəngindir. Yazılı mənbələrə görə, ölkəmizdə Azıxdan sonra buradakı Büzeyr mağarası ən qədim, ən cazibədar, böyük maraq doğuran insan məskənidir. Alimlər buradan apardıqları əmək alətlərinin 100-120 min il bundan əvvəl hazırlandığını müəyyən etmişlər.
Fransız səyyahı və yazıçısı Aleksandr Düma 1858-ci ilin axırı, 1859-cu ilin əvvəllərində Azərbaycanda olarkən Lerikə gəlmiş, bu qədim diyarın tarixi abidələrindən, adət-ənənələrindən “Qafqaza səfər” əsərində söhbət açmışdır. O, Cəngəmiran kəndində yaşlı adamlardan cəsur bir qadının əfsanəvi qoçaqlığını eşitmiş, qadının pələngi balta ilə öldürüb həm ailəsini, həm də kənd camaatını fəlakətdən qurtardığını təsvir etmişdir. İgid talış qızının Qafqaz canişini knyaz Vorontsov tərəfindən mükafata və medala layiq görülməsi yazıçının əsərində öz əksini tapmışdır. Deyilənlərə görə, 1907-ci ildə çar hökumətinin Zuvanddakı pristavının zülmünə dözməyən Hacıağa Cabbar oğlu onu qətlə yetirir və 10 il sürgün həyatı keçirir. 1918-ci ildə vətənə qayıdıb doğma kəndi Rəzgovada yaşayır. Qırmızı imperiya öz hakimiyyətini mahalda bərqərar edəndə isə o, bolşeviklərə qarşı vuruşan dəstəyə qoşulur.
Görkəmli rus şərqşünası B.V.Miller 1902-1925-ci illərdə Leriki gəzmiş, dağlar diyarında geniş yayılmış əfsanələri, inancları, bayatıları, atalar sözlərini, tapmacaları toplayıb Moskvada nəşr etdirmişdir.
Lerikin tarixi, abidələri Azərbaycan alimlərinin də həmişə diqqət mərkəzində olmuşdur. Onlar dəfələrlə rayon ərazisində araşdırmalar, arxeoloji qazıntılar, tədqiqatlar aparmışlar. Azərbaycan MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Paleolit Arxeoloji Ekspedisiyası bir neçə il bundan qabaq Zuvandçay mağarasında arxeoloji qazıntılar aparmış, buranın çöküntülərində hələlik 5 təbəqə müəyyən etmişdir. Birinci və ikinci təbəqələrdə Antik, Dəmir, Tunc və Enolit dövrlərinə aid gil qab qırıntıları, qalan təbəqələrdə isə ibtidai insanların hazırladıqları əmək alətləri və ovlanmış heyvanların sümükləri tapılmışdır.
Rayon ərazisindəki Qız qalası Azərbaycanda qeydə alınan 15 eyniadlı qala arasında öz tarixiliyi və əzəməti ilə fərqlənir. Yerdən hündürlüyü 150 metrə çatır. Qalanın qarşısında böyük daş mağara, onun sıldırım tərəfində 5 kaha nəzərə çarpır, zirvəsində bürclər var.
Xanagah kəndində XIV əsrə aid Xoca Seyid, Cəngəmiran kəndində Xəlifə Zəkəriyyə, Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində Babagil, Lerik şəhərinin yaxınlığında Cabir, Orant kəndində Kəla türbələri bölgədə islam dininin yayılmasını bir daha təsdiq edir.
Dünyadakı 11 iqlim növündən 8-i burada mövcuddur. “Lerik” toponimi barədə müxtəlif fikirlər söylənilir. Lakin həqiqətə ən yaxını el arasında “Lik-lik”dir. Bu sözün mənası talışca yağışlı, çiskinli deməkdir. Nəzərə alsaq ki, hava burada gün ərzində dondan-dona düşür, deməli, rayonun adı həmin izahı doğruldur.
Lerik rayonu 1930-cu ildə keçmiş Lənkəran qəzasının Zuvand, Orant, Dırıq və Pornayım nahiyələri əsasında yaradılmışdır. 1938-ci ilə qədər Zuvand rayonu adlandırılmış və mərkəzi Qosmalian kəndi olmuşdur. 1938-ci ildən sonra Lerik rayonu adlandırılmışdır. Burada yaşayan əhali sovetlər zamanında da bir çox təzyiq və təqiblərə məruz qalmışdır. 1952-1953-cü illərdə sərhəd zonasında yaşayan 22 min adam məcburi olaraq köçürülmüş, ata-baba ocağından didərgin salınmışdır.
Dağlar əzəmət, vüqar, igidlik, qəhrəmanlıq simvoludur. Bu torpağın oğulları vətənə bağlı olmuş, onun adını yüksəklərə ucaltmışlar. İkinci Dünya müharibəsində 1951 nəfər lerikli qəhrəmancasına həlak olmuşdur. Bu dağların vətənpərvər oğulları Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə də qəhrəmanlıq göstərmişlər. Onlardan 140 nəfəri şəhidlik zirvəsinə ucalmışdır. Şəhidlərdən 5 nəfəri - Valeh Müslümov, Rövşən Abdullayev, Fəxrəddin Şahbazov, Fərhad Ağayev və Əsgər Əliyev Azərbaycan Respublikasının Milli qəhrəmanlarıdır. Vətən torpaqları uğrunda gedən döyüşlərdə 78 nəfər əlil olmuşdur. Şəhidlərin şərəfinə Lerik şəhərinin girəcəyində abidə kompleksi ucaldılmış, onların adları mərmər lövhəyə həkk olunmuşdur. Bir neçə məktəbə, xəstəxanaya, mədəniyyət evi və kitabxanaya, habelə Lerik şəhərindəki küçələrə şəhidlərin adları verilmişdir. Şəhid ailələri və Qarabağ əlilləri həmişə diqqət mərkəzindədir, onlar xüsusi qayğı ilə əhatə olunmuşlar.
Bu diyarın övladları doğulub boya-başa çatdıqları el-obaya bağlı insanlardır. Onların bəziləri indi ölkəmizin ali məktəblərində, elmi-tədqiqat institutlarında, idarəetmə və hüquq mühafizə orqanlarında çalışır. Ölkəmizdə sayılıb-seçilən onlarca elmlər doktoru, diplomat, yazıçı, həkim, hərbi mütəxəssis, tanınmış iş adamları və xeyriyyəçilər bu torpağın yetirmələridir.
Müstəqilliyimiz dövründə, xüsusilə 2004-cü ildən bu yana Lerik sürətlə inkişaf etməyə başlamışdır. Ölkə başçısı İlham Əliyev Lerikin sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamlar imzalamış, rayona səfərlər etmiş, bir çox mühüm əhəmiyyətli obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, əhali ilə səmimi görüşlər keçirmişdir.
2005-ci il sentyabr ayının 8-i rayonun tarixində respublika rəhbərinin Lerikə ilk səfəri baş verdi. O vaxta qədər heç vaxt ölkə rəhbəri Lerikdə olmamışdı. Həmin gün Prezident əsaslı şəkildə yenidən qurulan 56 kilometrlik Lənkəran-Lerik magistral avtomobil yolunun açılışında iştirak etdi. Növbəti il oktyabrın 23-də rayona təbii qazın verilməsi ilə əlaqədar İlham Əliyev Lerikə yenidən səfər etdi.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Lerik şəhərində yeni-yeni inzibati binalar, məktəblər, müalicə, mədəniyyət ocaqları, evlər inşa olundu, parklar, xiyabanlar salındı, küçələrə asfalt, piyada səkilərinə tamet döşəndi, yeni işıqlandırma lampaları, fəvvarələr quraşdırıldı. Yeni idarə və müəssisələr yeni iş yerlərinin yaradılmasına imkan verir. Bax beləcə, dağlar diyarı Lerik inkişaf edir, ildən-ilə, aydan-aya daha da abadlaşır. Bu inkişaf, tərəqqi kəndlərdə də özünü göstərir. Yeri gəlmişkən qeyd edək ki, Lerik rayonunun cari ilin ötən aylarına aid sosial-iqtisadi göstəriciləri də ürəkaçandır.
Lerik indi həm də turizm məkanıdır. Buradakı “Relax”, “Cənub”, “Təbəssüm”, “Meşəbəyi” və digər istirahət mərkəzlərində nəinki respublikamızdan, xarici ölkələrdən olan turistlər də dincəlir.

Seyran CAVADOV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!