TƏBİB-dən dənizə getmək istəyənlər üçün metodiki göstərişlər
Yeni növ koronavirus,
COVID-19 planetimizdə tüğyan etməkdədir. Artıq dünyada bu ölümcül virusa yoluxanların
sayı 8 milyonu ötüb.
Azərbaycanda
da dövlətin bütün potensialı bu infeksiya ilə mübarizəyə yönəlib və yanvar ayından
başlayaraq lazımi tədbirlər həyata keçirilir. Dövlətimiz bütün imkanlarını virusun
yayılmasının qarşısının alınmasına və onun fəsadlarının aradan qaldırılmasına səfərbər
edib. Lakin ölkədə xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan
qaldırılandan sonra yeni yoluxma hallarının sayı artmaqdadır. Elə bu səbəbdən də
mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilərək, son günlərdə virusa yoluxma
sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin
iyulun 1-dək uzadılmasına qərar verildi. Eyni zamanda infeksiyanın geniş yayılmasının
qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində
giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların
təxirə salınmasının müddəti artırıldı. COVID-19 pandemiyası ilə bağlı dünyadakı
vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan
ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun
1-dək uzadıldı.
Eyni zamanda
iyunun 14-ü saat 00:00-dan iyunun 16-sı saat 06:00-a qədər Bakı, Gəncə, Lənkəran
və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının
ərazisində növbəti dəfə sərtləşdirilmiş karantin rejimi tətbiq olundu. Nazirlər
Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu müddətdə sadalanan şəhər
və rayonlarda bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, həmçinin ictimai
nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Əhalinin yaşayış yerlərini
və ya olduğu yerləri tərk etməsi qadağan edildi. Bununla belə, məsuliyyətsizlik
edərək xüsusi karantin rejimini pozanlar da oldu. Hətta Qaradağ rayonu Səngəçal
qəsəbəsində sərt karantin qaydalarını pozaraq çimərliyə gedən 8 nəfər müəyyən edildi.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər İnzibati
Xətalar Məsəlləsinin müvafiq maddəsi ilə cəzalandırıldılar.
Pandemiya dövründə çimərlik və su istirahət mərkəzlərində
iş rejimi
Məlumat üçün
bildirək ki, iyunun 15-dən ölkədə çimərlik mövsümünə start verilib.
Ancaq əvvəlki
illərdən fərqli olaraq, bu il çimərlik və su istirahət mərkəzləri yeni qaydalar
əsasında fəaliyyət göstərəcəklər. Bu məkanlarda iş rejimi pandemiya dövründə Nazirlər
Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji
qaydalara və metodiki göstərişlərə uyğun həyata keçiriləcəkdir. Odur ki, Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) çimərlik və su istirahət mərkəzlərində
koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişləri
artıq təsdiqlənib.
Obyekt sahibləri,
işçi heyəti, vətəndaşlar bu qaydalara mütləq şəkildə riayət etməlidirlər. Metodiki
göstərişdə bildirilir ki, sənəd çimərliklər, üzgüçülük hovuzları və akvaparklarda
əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus
(COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib
olunub.
Ümumi göstərişlər
Metodik vəsaitdə
qeyd olunur ki, üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin
edilməlidir. Simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdır.
Fiziki məsafənin
qorunması məqsədilə çətirlərin oxlarının arasında minimal məsafə 4 m, insanlar arasındakı
fiziki məsafə 2 m (ailə üzvləri istisna olmaqla) olmalıdır. Mümkün olan ərazilərdə,
döşəmədə işarələr yerləşdirilməlidir. Sanitar məişət otaqları (sanitar qovşaq, soyunub-geyinmə
otağı və s.) sanitar-gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanmalı,
dezinfeksiyanın tezliyi artırılmalıdır. Hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici
vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə
edilən yuxarı hədlərdə saxlanmalıdır. Vətəndaşların təmasda olduğu əşya və səthlər
mütəmadi dezinfeksiya edilməlidir. Təmizlik vasitələri və dezinfeksiyaedici maddələr
fasiləsiz təmin olunmalıdır. Hovuz və akvaparkların ərazilərinin əl dezinfektantları
üçün nəzərdə tutulmuş dispenserlərlə, hovuz və akvaparkların əməkdaşlarının yetərli
sayda tibbi maska və əlcəklərlə (su ilə təmasda olmayan zəruri sahələrdə) təminatına
nəzarət edilməlidir.
İstifadə edilmiş
tibbi maskaların atılması üçün ayrıca qapalı torbalar qoyulmalı və bu tullantılar
müvafiq qaydada məhv edilməlidir.
Növbə ilə
çalışan əməkdaşlar eyni heyətdə işləməli və rotasiya edilməməlidirlər. İşçi heyət
mütəmadi olaraq maarifləndirilməli, həmçinin infeksiyanın yayılmasının qarşısının
alınması ilə bağlı ən son məlumatlara sahib olmalıdır.
Qapalı zallar
və otaqlar mütəmadi havalandırılmalıdır. Tullantılar vaxtında kənarlaşdırılmalı,
tullantı qabları təmiz saxlanılmalıdır. Vətəndaşların səhhətində yaranan problemlər
(COVID-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal
və s.) tibb məntəqəsinin əməkdaşlarına bildirilməlidir.
Təmizlik və dezinfeksiya işləri
Çimərlik və
su istirahət mərkəzlərində həyata keçirilən təmizlik-dezinfeksiya işləri xidmətin
növü, təmasda olunan səthlərin xüsusiyyətləri, təmizlik-dezinfeksiya qaydaları nəzərə
alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya
işləri iş saatı ərzində mütəmadi olaraq, əsasən, işlək sahələrdə iş saatlarından
sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Bu zaman aşağıdakı ardıcıllığa
riayət edilməlidir:
- Mexaniki
təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;
- Təmizləmə:
isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;
- Durulama:
istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə
isti sudan istifadə edilir;
- Dezinfeksiya:
istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun
olaraq tətbiq edilir.
Dezinfeksiyaedici
maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:
- İstifadə
təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;
- Lazım olan
konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;
- Digər şəxslərin
yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan
sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;
- Dezinfeksiya
işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;
- Dezinfeksiya
işlərini həyata keçirən işçi heyət xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və
s.) mütləq təmin edilməlidir;
- Dezinfeksiya
işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;
- Dezinfeksiyaedici
maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə
ciddi riayət edilməlidir.
Dezinfeksiya
edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:
- Giriş-çıxışlardakı
ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
- Qapı və
qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);
- Vətəndaşların
şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları
(spirt tərkibli məhlul və ya digər);
- Döşəmələr
(xlor tərkibli məhlul və ya digər);
- Vətəndaşların
toxunduğu səthlər (spirt tərkibli məhlul və ya digər);
- Soyuducuların
tutacaqları (spirt tərkibli məhlul və ya digər);
- Soyunub-geyinmə
otaqları (xlor tərkibli məhlul və ya digər);
- Sanitar qovşaqları (xlor tərkibli məhlul
və ya digər);
- Anbarlar (xlor tərkibli məhlul və ya digər);
- Tullantıların yığıldığı sahələr (xlor tərkibli
məhlul və ya digər);
- Tullantı qabları (spirt tərkibli məhlul
və ya digər);
- Ödəniş terminalları
(spirt tərkibli məhlul və ya digər).
İşçi
heyətin şəxsi gigiyenası və müayinəsi
İşə başlamazdan, tullantılarla təmasdan,
təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla
təmasdan, siqaret çəkdikdən sonra işçi əllərini təmiz yumalı və ya dezinfeksiya
etməlidir. İş zamanı özündə COVID-19-a spesifik olan əlamətlər (qızdırma, quru öskürək,
nəfəs darlığı, ishal və s.) hiss edən işçi dərhal işini dayandırmalı, tibbi maska
ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin
göstərilməsi üçün 103 - TTTY-ə müraciət edilməlidir;
- Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya
edilməlidir;
- Həmin işçidə laborator üsul ilə COVID-19
təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları
aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.
Tibbi maskalardan ümumi istifadə qaydaları
Maskalar ağız
və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma
endirmək şərtilə taxılmalıdır. Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir
(maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır).
Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz
yuyulmalıdır. Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir. Birdəfəlik
maskalardan təkrar istifadə etmək olmaz. Birdəfəlik maskaların istifadəsindən sonra
onların zərərsizləşdirilməsi və kənarlaşdırılması zəruridir.
Əllərin gigiyenasına
dair tövsiyələr:
- Əllər axar
su ilə isladılmalı və sabunla sürtülməlidir;
- Əllər sabunla
birlikdə ovuşdurulmalıdır. Barmaqların və dırnaqların arası yaxşı sabunlanmalıdır;
- Sabunlu
əllər ən azı 20 saniyə ovuşdurulmalıdır;
- Əllər axar
suyun altında mükəmməl durulanmalıdır;
- Əllər təmiz
salfetlərlə qurulanmalıdır;
- Sabun və
ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan
istifadə edilməlidir.
Çimərliklərdə növbənin tənzimlənməsi üçün yeni sistem qurulur
Prezident
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirmişdir
ki, çimərliklərdə növbənin tənzimlənməsi üçün "ASAN xidmət” və Bakı Şəhər İcra Hakimiyyəti
tərəfindən yeni sistem qurulur. Vətəndaş getmək istədiyi çimərliyi qabaqcadan seçməklə
növbəsini tutacaq. Bununla da çimərliyin qəbul edə biləcəyi sayda insana icazə veriləcək.
Əgər çimərlik dolarsa, buna icazə verilməyəcək. Sistem Bakı Şəhər İcra Hakimiyyətinin
təqdim etdiyi çimərliklərin siyahısı əsasında fəaliyyət göstərəcək.
Sadalanan
tövsiyələrə riayət etmək hər kəsin sağlamlığı naminə mütləq və zəruridir. Hər bir
şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini
qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını
da bu fəaliyyətə dəvət etməlidir.
Xəyalə MURADLI,
"Azərbaycan”