Alimlər insanların öz uğurlarını gizlətməyə, uğursuzluqlarını isə daha rahat bölüşməyə meyilli olduqlarını müəyyən ediblər. “Organizational Behavior and Human Decision Processes” (OBHDP) jurnalında dərc olunan araşdırmaya əsasən, bunun başlıca səbəbi şəxsi imici qorumaq deyil, qarşıdakı insanın hisslərini nəzərə almaqdır.
Rays Universiteti və “Bayes” biznes məktəbinin alimləri 8 mindən çox insanın iştirakı ilə 9 fərqli tədqiqat aparıblar. Tədqiqatın nəticələri göstərir ki, həmsöhbətinin işləri yaxşı gedəndə öz uğursuzluğunu danışmağa hazır olanların nisbəti 54 faiz təşkil etdiyi halda, işləri pis gedən birinə öz uğurundan danışanların nisbəti cəmi 16 faiz olub.
Başqasının uğursuzluğuna cavab olaraq iştirakçıların 87 faizi öz uğursuzluğundan danışıb. Başqasının uğuruna cavab olaraq öz uğurunu paylaşanlar isə 70 faiz təşkil edib.
İkitərəfli canlı söhbətlərdə cütlüklərin 96 faizi uğursuzluqları, yalnız 73 faizi isə uğurları qarşılıqlı bölüşüb.
Tədqiqatçılar bildirirlər ki, insanlar qarşı tərəfə mənəvi zərbə vurmamaq üçün yaxşı xəbərləri təxirə salır, üzr istəyir və hətta kiçik yalanlara əl atırlar. Bu davranış xüsusilə həmsöhbətə dəyər verildikdə daha qabarıq üzə çıxır.
Psixoloqlar xəbərdarlıq edirlər ki, bu cür “nəzakətli təvazökarlıq” münasibətləri qorusa da, reallıq hissini təhrif edir. İnsanlar ətrafda daha çox uğursuzluq hekayələri eşitdikləri üçün hər kəsin işinin pis getdiyini düşünməyə başlayırlar. Bu da cəmiyyətdə təşvişi və özünü uğursuz hiss etmə duyğusunu artırır.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”