Birləşmiş Millətlər Təşkilatı (BMT) Yaxın Şərqdəki münaqişələrin mənfi təsirləri səbəbindən qlobal iqtisadi artım proqnozunu bu il üçün 2,5 faizə, gələn il üçün isə 2,8 faizə endirib.
Anadolu Agentliyi xəbər verir ki, BMT-nin İqtisadi və Sosial İşlər Departamenti “Dünya İqtisadiyyatının Vəziyyəti və Perspektivləri 2026” hesabatını yeniləyib.
Hesabatda qlobal iqtisadiyyatın ciddi təzyiq altında olduğu vurğulanıb. Bildirilib ki, Yaxın Şərqdəki böhran iqtisadi artıma kölgə salır, inflyasiyanı artırır və maliyyə bazarlarında qeyri-müəyyənliyi dərinləşdirir. BMT yanvar ayındakı hesabatında qlobal iqtisadiyyatın 2026-cı ildə 2,7 faiz, gələn il isə 2,9 faiz artacağını proqnozlaşdırmışdı.
Dünya neft və maye qaz daşımalarının təxminən beşdə birinin reallaşdığı Hörmüz boğazının bağlanması yanacaq, gübrə və ərzaq qiymətlərini bahaşlaşdırıb. Bu səbəbdən qlobal inflyasiyanın 2026-cı ildə 3,9 faizə çatacağı gözlənilir. Bu da əvvəlki proqnozla müqayisədə 0,8 bənd yüksəkdir və insanların alıcılıq qabiliyyətini azaldır.
Hesabata əsasən, süni intellekt dəstəkli ticarət və investisiyalar iqtisadiyyata müsbət təsir etsə də, ümumi mənfi mənzərəni tam kompensasiya edə bilmir. Yanacaq və ərzaq idxal edən inkişaf etməkdə olan ölkələrin vəziyyəti daha da çətinləşib. Artan xərclər səbəbindən milyonlarla insanın yoxsulluğa sürüklənmə riski yaranıb. Hesabatda böyük güclərin də iqtisadi artım proqnozları yenilənib. Belə ki, ABŞ-nin bu il üçün iqtisadi artım proqnozu 2 faiz olaraq saxlanılsa da, gələn il üçün 2,2 faizdən 2 faizə endirilib. Avropa İttifaqının (Aİ) iqtisadi artımı 2026-cı ildə 1,1 faiz, 2027-ci ildə isə 1,4 faiz olacağı gözlənilir (yanvar ayına nisbətən 0,2 bənd azaldılıb). Çin iqtisadiyyatının bu il 4,6 faiz, gələn il isə 4,5 faiz artacağı proqnozlaşdırılır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”