Mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhər zəlzələsinə hazırlığın gücləndirilməsi: Daha təhlükəsiz və daha davamlı şəhərlər üçün BMT-nin həlləri” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə bildirilib ki, zəlzələlər UNECE regionunda ən dağıdıcı şəhər təhlükələrindən biri olaraq qalır və son hadisələr hazırlıq, idarəetmə, mənzil təhlükəsizliyi və fəlakətdənsonrakı bərpa sahələrində ciddi boşluqları üzə çıxarıb.
Tədbir mənzil siyasəti, şəhərsalma, risklərin idarəolunması və fövqəladə hallara hazırlığın vahid çərçivədə əlaqələndirilməsini əhatə edib.
Tədbirdə Avropa və Mərkəzi Asiya regionunda seysmik hazırlıq və cavab tədbirləri üzrə aparılan işlərdən əldə olunan konkret alətlər, siyasət yanaşmaları və əməli təcrübələr təqdim edilib. Buraya milli və yerli çərçivələrin müqayisəli təhlili, regionda baş vermiş böyük zəlzələlərdən çıxarılan dərslər, eləcə də dayanıqlı mənzil, şəhər infrastrukturu və institusional koordinasiya sahəsində formalaşan yaxşı təcrübələr daxildir.
Həmçinin bu fəaliyyətlərin Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivəsinin prioritetləri, “Making Cities Resilient 2030” təşəbbüsü vasitəsilə yerli səviyyədə həyata keçirilən qlobal DRR səyləri, eləcə də UN-Habitat-ın şəhər dayanıqlılığı və mənzil bərpası yanaşmaları ilə necə uyğunlaşdırıldığı vurğulanıb.
İnteraktiv formatda keçirilən tədbirdə milli və yerli hökumətləri, BMT agentliklərini, texniki ekspertləri və şəhər nümayəndələrini bir araya gətirərək şəhərlərin reaktiv cavabdan proaktiv hazırlığa necə keçə biləcəyini müzakirə ediblər.