02 İyul 2025 08:45
458
İQTİSADİYYAT
A- A+
Bitkilər boy atır bar həvəsilə 

Bitkilər boy atır bar həvəsilə 


Onlar sahənin baş tərəfində dayanıb tarlanın o biri başından yavaş-yavaş gələn kultivatoru izləyirlər. Fermer Elməddin İbayev gözünü traktordan ayırmayaraq: 

- Çox yaxşı mexanizatordur. Gördüyü işə söz ola bilməz. Kultivator çəkdiyi pambıq sahəsi sanki özünündür. Çalışır ki, bir dənə də pambıq kolu zədələnməsin. Görürsünüz, cərgələr arasına necə yaxşı şırımlar çəkir! Onların hesabına sahənin hər yeri rahat su içəcək. Suyun isə pambıq üçün nə olduğunu siz məndən də yaxı bilirsiniz, - deyir. 

- Bilirik, Elməddin, yaxşı bilirik. Sən də bil ki, kultivasiya işi aparan mexanizator Yahya Əliyevi də, səni də yaxşı tanıyırıq, - deyə "PRİME Kotton" MMC-nin Salyan rayon filialının istehsal şöbəsinin rəisi Əliskəndər Əliyev fermerin qolundan tutur. Sonra da "Halal olsun, əla pambıq becərirsən" deyib sevinclə ağ, çəhrayı rəngli gülləri göstərir: 

- Bunlar sənin yaxşı pambıqçı olduğunun göstəricisidir. Pambıq arğac olanda payızda onu tez də yığıb-yığışdırırsan. Məhsul itkiyə getmir. 

Şirkətin ərazi üzrə nümayəndəsi Yusif Teymurov da söhbətə qoşulur: 

- Əliskəndər müəllim, Elməddin aqronom olmasa da, torpağı, bitkini aqronom qədər bilir. Hər bir aqrotexniki tədbiri vaxtında görür, özü də necə lazımdırsa. Onunla işləyən adam kimi, gündəlik olaraq sahə üstündə görüşürük. Olduqca məsuliyyətlidir. Gördüyünüz bu sahədə aprel ayının ortalarında çiyid səpini aparılıb. Səpin zamanı hər hektara 150 kiloqram ammofos gübrəsi verib. Düzdür, əkindən sonra düşən leysan yağışlar müəyyən çətinliklər yaratdı, toxumun cücərməsi nisbətən ləngidi, alaq otları çoxaldı. Lakin bunların heç biri Elməddini və onun kimi işgüzar fermerləri qorxutmadı. Havalar yaxşılaşan zaman tarlalara çıxıb cərgələr arasına kultivator çəkdirdilər, yenicə boy atmağa başlayan pambıq fidanlarını alaq otlarının, necə deyərlər, əlindən aldılar. 

Söhbətin bu yerində kultivasiya işi aparan "MTZ-80" traktoru beş addımlığımıza çatır. Mexanizator traktoru saxlayııb kabinədən düşür və yaxına gəlib salam verir. Üst-başının səliqə-sahmanı onun haqqında bir az əvvəl deyilən xoş sözlərin elə bil təsdiqidir. Hal-əhval tutaraq işlərin necə getdiyini soruşuruq. O isə "Görünən dağa nə bələdçi?!" ataları sözü ilə cavab verir. 

Elməddin: 

- Həmişə olduğu kimi, Allah bəladan qorusun, bu il də yüksək məhsul yetişdiririk. Yahya da səhər dan yeri söküləndən axşam hava qaralanadək bizimlə birlikdə çöldədir. 

Onlar - "PRİME Kotton" MMC Salyan filialı istehsal şöbəsinin rəisi Əliskəndər Əliyev, şirkətin ərazi üzrə nümayəndəsi Yusif Teymurov, fermer Elməddin İbayev, mexanizator Yahya Əliyev kultivatorun işçi orqanlarını detallı olaraq nəzərdən keçirirlər. 

Ə.Əliyev: 

- Hər şey normadadır. Cərgələr arasına suvarma üçün çəkdiyin şırımlar da yaxşıdır. Çalış, belə də davam elə. 

Mexanizator istehsal rəisinə cavab verir: 

- Oldu, qardaş. 

Ə.Əliyev: 

- Qardaşlıq öz yerində, çalış, yaxşı işçi kimi çıxardığın adı həmişə qoruyub saxlayasan. 

Onların həqiqətən qardaş olduqlarını, Salyanın Noxudlu kəndində yaşadıqlarını öyrənirik. 

Fermer E.İbayevdən nə vaxtdan pambıq əkib-becərdiyini, bu bitkinin ona nə verdiyini soruşuruq. Cavabında deyir: 

- 7-ci ildir pambıqçılıqla məşğulam. Özüm Arbatan kənd sakiniyəm. Hələ orta məktəbdə oxuyarkən pambığın becərilməsində, yığılmasında iştirak etmişəm. Ona görə də az-çox sirlərinə bələdəm. Artıq 41 yaşım var. Ailəmi pambıqdan əldə etdiyim qazancla dolandırıram. Keçən il 8 hektar əkmişdim. Nəticəsi yaxşı oldu. Hər hektardan 42 sentner məhsul götürdüm. Kəndçi babayam. Bir çoxundan fərqli olaraq, iş dalınca Rusiyaya, digər ölkələrə getməkdənsə, öz elimdə-obamda, ailəmin, uşaqlarımın yanında özünə iş qurmaq, halal çörəyini qazanmaq, məncə, daha yaxşıdır. Atalar demişkən, "Uzaq yerin buğdasından yaxın yerin arpası daha üstündür". Dünyanın qarışdığı indiki zamanda, müharibələrin çoxaldığı bir vaxtda başqa yerlərə getmək təhlükəlidir. Yekaterinburqda azərbaycanlıların başına gələn hadisələr buna sübutdur. Odur ki, doğru deyiblər: "Az aşım, ağrımaz başım". Allaha şükürlər olsun, öz vətənimizdə dolanırıq, olanımıza da qane oluruq. Ümid edirəm ki, gələcək illərdə dolanışıq daha yaxşı olar. Prezidentimiz pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı mühüm sənədlər imzalayıb. İndi minlərlə qız-gəlin hər gün evinə 25 manat pul aparır. Dövlət xam pambığın bir kiloqramı üçün 19 qəpik subsidiya verir. Şirkət tərəfindən hər fermerə 1 hektar arat, 1-ci və 2-ci vegetasiya suvarmasının hər biri üçün 90 manat, alaq otlarının təmizlənməsinə görə 300 manat avans verir. Ancaq fürsətdən istifadə edib pambığın qiymətinin şirkətlər tərəfindən artırılmasını xahiş edərdim. Çünki indi bu məhsulun maya dəyəri əvvəlki illərə nisbətən baha başa gəlir. Misal üçün, 2023-cü ildə 1 hektar şumun qaldırılması 50 manat idisə, hazırda 57 manatdır. Müvafiq olaraq 1 hektar kultivasiya işi 17-dən 20, dərmanlamada da 17-dən 20, maşınla yığım 150-dən 156 manata çatıb. 1 kiloqram çiyidin qiyməti də artaraq 5 manat 30 qərikdən 5 manat 70 qəpiyə qalxıb. 1 hektar üçün əkindən yığıma kimi 1600 manat xərcləməli olursan. Üstəgəl 2 hektar pay torpağımdan əlavə 8 hektar icarəyə torpaq götürüb pambıq əkmişəm. Həmin torpağın hər hektarına 650 manat icarə haqqı ödəməliyəm. Bir də onu deyə bilərəm: pambıq əkməyin üstünlüyü ondadır ki, müqavilə bağladığın şirkətin rəhbərliyi, mütəxəssisləri şumdan tutmuş yığıma qədər hər an yanındadırlar. Yığdığın məhsulu təhvil verib pulunu alırsan. 

İstehsal şöbəsinin rəisi Ə.Əliyevin dediklərindən məlum olur ki, keçən ilin sonunadək "MKT-İK" MMC-nin adı bu ilin əvvəlindən "PRİME Kotton" MMC olub. Müəssisə cari ilin əvvəlində 393 fermerlə 2 min 674 hektarda pambıq yetişdirmək üçün müqavilə bağlayıb. Fermerlər əkin zamanı Türkiyədən gətirilmiş "Lazer", "BA-1010", "May-558", "Türkan" lifsiz toxumlarından istifadə ediblər. Havaların əlverişsiz keçməsi nəticəsində şirkət üzrə 219 hektarda təkrar səpin aparılıb. Əkin zamanı hər hektara 150-200 kiloqram ammofos gübrəsi verilib. Becərmə dövründə bir neçə proses artıq başa çatdırılmışdır. Belə ki, birinci kultivasiya və alaq otlarının vurulması arxada qalmışdır. İkinci kompleks becərmə zamanı hər hektara 200 kiloqram yemləmə gübrəsi (azot), üçüncü becərmədə kultivatorla birlikdə hər hektara 150 kiloqram karbamid gübrəsi verilmişdir. Hazırda dördüncü kompleks becərmə gedir. Cərgələr arasına şırımlar (baraza) çəkilir. Hazırda birinci vegetasiya suvarması aparılır. Şirkətin kultivasiya işi aparan 21 traktor və aqreqatı, habelə kökdənkənar yemləmə və ziyanvericilərə qarşı mübarizə aparan 10 texnikası fermerlərin ixtiyarındadır. 1000 hektar sahədə bu iş artıq başa çatdırılıb. 

İstehsal şöbəsi rəisi onu da vurğulayır ki, birinci sudan sonra beşinci kompleks becərmə aparılıb, bitkilərin dibi kultivator vasitəsilə yumşaldılacaq. Aqrotexniki qaydalara uyğun olaraq növbəti mərhələdə, yəni altıncı kompleks becərmədə cərgələr arasına yenidən şırımlar çəkilib suvarılacaq və bununla da becərmə prosesi başa çatdırılacaq. Fermerlər ziyanvericilərə qarşı mübarizə tədbirlərini bir an da olsun unutmurlar. Sonra isə qalır yetişdirilən məhsulu yığmaq. Bunun üçün də lazımi qədər texnikamız var. 

Günəş göydən yerə od ələyir. Ayağı suda, başı günəşdə olan pambıq birkisi üçün bu, mühüm şərtdir. Boy atan kollar indi daraq (gülyeri) və çiçəkləmə fazasındadır. Bir neçə gündən sonra onların hər biri qoza olacaq. Bizə isə bunu demək qalır: "İşiniz rəvan, məhsulunuz bol, gəliriniz yaxşı olsun!" 


Seyran CAVADOV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!