Hər bir xalqın kimliyini, tarixini və mənəvi dəyərlərini yaşadan mühüm amillərdən biri onun dilidir. Azərbaycan dövləti üçün də ana dilimiz, sadəcə, bir ünsiyyət vasitəsi deyil, həm də milli mənəviyyatımızın, dövlətçiliyimizin və azadlıq ruhumuzun əsas simvollarından biridir. Buna görə də müstəqil Azərbaycanın dövlət idarəçiliyində dil siyasəti xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan dili xalqımızın keçmişini, bu gününü və gələcəyini birləşdirən möhkəm mənəvi bağdır. Tarix göstərir ki, hər bir xalqın dilinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi təsadüfi proses deyil. Bu, ilk növbədə, milli maraqları üstün tutan, müstəqillik ideyalarına sadiq qalan, siyasi iradəsi və qətiyyəti ilə seçilən liderlərin fəaliyyəti ilə sıx bağlıdır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Bu fikirlər Bakı Dövlət Universitetinin dosenti Günay Rəfibəylinin AZƏRTAC-a təqdim etdiyi məqalədə yer alıb. Məqalədə qeyd edilib ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olub. “Ana dilimiz müstəqil Azərbaycanın və Azərbaycan xalqının ən böyük milli xəzinəsidir”, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” prinsiplərini rəhbər tutan Heydər Əliyev ana dilinin qorunması və inkişafı istiqamətində tarixin ən çətin mərhələlərində mühüm tədbirlər həyata keçirib. Azərbaycan dilinin dövlət dili statusuna malik olması Ulu Öndər Heydər Əliyevin xalqın milli maraqlarına əsaslanan siyasəti nəticəsində mümkün olub. Bu qərar azərbaycançılıq ideologiyasının ilk böyük təntənəsi, gələcək müstəqilliyimizin təməlinin qətiyyətli şəkildə qoyulması idi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olaraq təsbit edilməsi milli dövlətçiliyin hüquqi və ideoloji əsaslarını formalaşdırıb. 2001-ci ildə imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dilin yalnız hüquqi statusunu deyil, onun praktik tətbiqinin təmin olunmasını dövlət siyasətinin prioritet istiqamətinə çevirib. 2001-ci ildə imzalanmış “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşdirilməsi və inkişafı ilə bağlı hərtərəfli məlumatı özündə ehtiva edir. Ulu Öndər həyata keçirdiyi islahatlarla sübut etdi ki, dilin qorunması təkcə mədəniyyət deyil, milli təhlükəsizlik, milli kimlik və milli birlik məsələsidir. Ulu Öndərin hikmətli kəlamı gənclərə vətənpərvərlik ruhunu aşılayır: “Dilini sevməyən insan onun tarixini bilə bilməz. Tarixini bilməyən isə heç vaxt vətənpərvər ola bilməz - onda vətənpərvərlik hissləri və emosiyaları olmayacaq”.
Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ana dilinin inkişafına və qorunmasına yönəlmiş dövlət strategiyasını uğurla həyata keçirir. Dövlətimizin başçısı dilimizə, adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə və qədim mədəni irsimizin tanınmasına böyük qayğı ilə yanaşır. Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılır. Müasir dövrümüzdə Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə qrammatik quruluşu, zəngin söz ehtiyatı, geniş ifadə imkanları, təkmil əlifbası, yüksəksəviyyəli yazı mədəniyyəti mövcuddur. Bu gün cəmiyyət, ictimai həyatın bütün sahələrində Azərbaycan dilinin geniş istifadəsi və tətbiqi imkanlarına malikdir.