Prezident İlham
Əliyevin Qırğızıstana dövlət səfəri ölkələrimiz arasında hərtərəfli əlaqələrin,
o cümlədən iqtisadi əməkdaşlığın inkişafına yeni bir impuls verdi.Bunu keçirilən görüşlər və digər tədbirlər,
imzalanan sənədlər də təsdiq edir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində
mətbuata bəyanatlarla çıxış edərkən söylədikləri fikirlər də
yaxın gələcəkdə
iqtisadi əlaqələrin daha sıx olacağını
göstərir.
Dövlətimizin başçısı öz bəəyanatında demişdir:” Biz bütün təşəbbüslərdə - həm
beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin
möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.Siz qeyd
etdiyiniz kimi, bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin
geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə
olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək.Bu gün biz
birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200
milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da
son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat
konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var
və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin
iqtisadi potensialını möhkəmləndirir”.
Məlum olduğu kimi,
səfər çərçivəsində Azərbaycan-Qırğızıstan əməkdaşlığına dair məsələlərin bütün
kompleksi üzrə ətraflı və etimada əsaslanan danışıqlar aparılıb. Dövlətlərarası
Şuranın 3-cü iclası keçirilib və qərar
imzalanıb. Şuranın qərarlarının həyata keçirilməsinə dair informasiya
dinlənilib və birgə təşəbbüslərin yerinə yetirilməsinin gedişatı, o cümlədən
Azərbaycan-Qırğızıstan Fondunun fəaiyyəti müzakirə edilib.
İkitərəfli qarşılıqlı fəaliyyətin əsas istiqamətləri nəzərdən
keçirilib və tərəfdaşlığın inkişafına dair yeni addımlar müəyyən edilib.
Danışıqların mühüm yekunu kimi müttəfiqlik münasibətləri haqqında Müqavilə
imzalanıb.
Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov belə
deyib:” Bu tarixi hadisə, həqiqətən də Qırğızıstan-Azərbaycan əməkdaşlığının
yeni mərhələsinin əsasını qoyur. Bundan başqa, energetika, nəqliyyat,
kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsini, həmçinin
qiymətli metalların dövriyyəsini əhatə edən ikitərəfli sənədlərdən ibarət
sanballı zərf imzalanıb. Qarşılıqlı iqtisadi-ticari fəaliyyətin davamlı
inkişafını və əmtəə dövriyyəsinin dayanıqlı artımını qeyd etdik. Gələcəkdə də
işgüzar əlaqələrin genişlənməsi, müştərək investisiya layihələrinin həyata
keçirilməsi üçün əlverişli şərait yaradılmasına dair razılıq əldə etdik. Bu gün
Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyəti çərçivəsində 3 birgə layihənin
açılışı oldu və 8 təşəbbüsün həyata keçirilməsinə start verildi”.
Səfər çərçivəsində eləcə də nəqliyyat dəhlizlərinin inkişafı və
ölkələrimizin tranzit potensialından səmərəli istifadə edilməsi məsələlərinə
xüsusi diqqət yetirilib. Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə
birləşdirən Orta Dəhlizin əsas bəndi kimi mühüm rolu qeyd olunub. Energetika sahəsində
perspektivli istiqamətlər və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə
edilib. İssık-Kul gölü sahilində
Azərbaycanın inşa etdiyi ilk beşulduzlu
hotelin təntənəli açılışı olub .
Prezident İlham Əliyev İssık-Kulun sahilində ilk beşulduzlu hotelin Azərbaycan
dövlətinin vəsaiti ilə inşa edildiyi və
“Bakı” adını daşıdığına görə sevindiyimizi
və fəxr etdiyimizi bildirıb. Dövlətimizin başçısı həmçinin Qarabağın
bərpasına göstərilən kömək üçün Qırğızıstana
minnətdarlığımızı ifadə edib. Ağdam rayonunda “Manas” adını daşıyan
məktəbin qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası
işinə böyük töhfəsi olduğunu deyib.
Qarşıda isə iki xalqın dostluğunu və qardaşlığını daha da möhkəmləndirəcək
yeni-yeni layihələr durur. Qeyd etdiyimiz kimi, bunu imzalanmış sənədlər də təsdiqləyir.
Onlar iqisadi həyatın əksər sahələrini əhatə edr.Beləliklə, imzalanan
sənədlərdən bir neçəsinə nəzər salaq.
“Azərbaycan Respublikası Hökuməti ilə
Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri
haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev
mübadilə ediblər.
Azərbaycanın rəqəmsal
inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə
naziri Talantbek Soltobayev mübadilə etdikləri daha bir sənəd “Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Nəqliyyat və
Kommunikasiya Nazirliyi arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma
sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” adlanır.
Azərbaycan
Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika
Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu”nu isə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və
Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə ediblər.
Mübadilə olunan
sənədlər arasında “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında
energetika sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsi”,“Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli
Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qırğız
Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının
Tənzimlənməsi və Nəzarəti Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma
Memorandumu” da var. Digər iki sənədə əsasən, Azərbaycanın Şuşa şəhəri ilə
Qırğızıstanın Çolpon-Ata, eləcə də Azərbaycanın Qəbələ şəhəri ilə Qırğızıstanın
Karakol şəhəri qardaşlaşacaq.
Ekspertlər imzalanan sənədlərin yalnız
çoxluğunu deyil, onların müxtəlif sahələri əhatə erdiyini də vurğulayırlar.Bu
isə əməkdaşlıq imkanlarının çoxluğunu, perspektivlərin böyük olduğunu əks etdirir.
Flora
SADIQLI,
“Azərbaycan”