Dövlət qurumlarının portal və mobil tətbiqlərinin mərhələli şəkildə “mygov” və “mygov biznes” platformalarına inteqrasiyasını çox doğru yanaşma hesab edirəm. Bu model ilk növbədə istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə sadələşdirəcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında Prezident təqaüdçüsü, “Tedspace”in rəhbəri Tariyel Ağazadə deyib.
Ekspert hesab edir ki, vətəndaş üçün müxtəlif dövlət qurumlarının ayrı-ayrı platformalarını yadda saxlamaq və hər birində ayrıca hesab yaratmaq ehtiyacı azalacaq.
“Dövlət xidmətlərinin mümkün qədər vahid rəqəmsal mühitdə təqdim olunması “bir pəncərə” prinsipini daha da gücləndirəcək. “Mygov”un məqsədləri arasında da dövlət xidmətlərinin vahid platformada inteqrasiyası və istifadəçi təcrübəsinin sadələşdirilməsi xüsusi yer tutur”, - deyə T.Ağazadə əlavə edib.
O bildirib ki, bu yanaşma biznes üçün daha böyük əhəmiyyət daşıyır: “Sahibkar müxtəlif dövlət qurumları ilə bağlı prosesləri daha vahid və sistemli şəkildə idarə edə biləcək. Bu da biznesin dövlətlə qarşılıqlı əlaqəsində vaxt və əməliyyat xərclərinin azalmasına, proseslərin daha şəffaf və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq”.
Ekspert vurğulayıb ki, prosesə yalnız müxtəlif saytların bir platformada toplanması kimi yanaşmaq düzgün olmaz: “İnteqrasiyanın səmərəli olması üçün düzgün məlumat mübadiləsi və vahid rəqəmsal infrastruktur təmin edilməlidir. Ən vacib məqam isə odur ki, burada söhbət sadəcə müxtəlif saytların bir platformada toplanmasından getmir. Əgər bu inteqrasiya düzgün məlumat mübadiləsi və vahid rəqəmsal infrastrukturla dəstəklənərsə, gələcəkdə vətəndaşın və biznesin ehtiyacını əvvəlcədən anlayan, daha proaktiv və fərdiləşdirilmiş dövlət xidmətlərinin formalaşmasının da əsasını yarada bilər. Mən bunu Azərbaycanın rəqəmsal transformasiyasında “çoxsaylı platformalardan vahid rəqəmsal ekosistemə keçid” kimi qiymətləndirirəm”, - deyə Tariyel Ağazadə vurğulayıb.