Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu, partiyanın mərkəzi aparatının əməkdaşı Əli Axundov və rayon təşkilatının üzvləri, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar və qonaqlar öncə Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzindəki abidəsini ziyarət ediblər.
Konfransda YAP rayon təşkilatının sədri Ülvi Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək təşkilatın fəaliyyəti, qarşıya qoyulan vəzifələrin icrası barədə məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası bütün mərhələlərdə dövlətçilik xəttinə uyğun fəaliyyət göstərib. Müasir Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən danışan məruzəçi bildirib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz misilsiz nailiyyətlər əldə edib.
Rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası keçdiyi şərəfli yolda xalqımıza və dövlətimizə sədaqətlə xidmət edərək ölkəmizin aparıcı siyasi qüvvəsinə çevrilib. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafındakı xidmətlərinin danılmaz olduğunu vurğulayan RİH başçısı partiyanın fəaliyyətinin cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Mirhəsən Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətlərdən, regional inkişaf proqramlarının Neftçalada uğurla icra edilməsindən bəhs edib. Qeyd edib ki, ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ərazisində geniş abadlıq-quruculuq işləri aparılır, yaşayış məntəqələrinin modernləşdirilməsi istiqamətində yeni layihələr reallaşdırılır. RİH başçısı həmçinin agrar sahədə 2026-2030-cu illəri əhatə edən dövlət proqramından irəli gələn vəzifələrin icrasının Neftçalanın yeni inkişaf perspektivləri üçün əsas hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb, partiya fəallarının bu istiqamətdə görülən işlərə mühüm töhfə verdiklərini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında müasir Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılmasının təşkil etdiyini bildirib. O həmçinin YAP-ın təkcə ölkəmizin deyil, regionun ən nüfuzlu siyasi təşkilatı olduğunu qeyd edərək bildirib ki, xalq öz Prezidentini, onun sədri olduğu partiyanı dəstəkləyir.
Konfransda digər çıxış edənlər - partiya veteranı Valeh Tağıyev, rayon icra hakimiyyətinin sektor müdiri Vasif Əliyev, “Neftçala-Gündoğar” qəzetinin redaktoru Bədirə Nifatliyeva YAP-ın ölkənin ictimai-siyasi həyatında fəal rolunu, partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.
Konfransda YAP Neftçala rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Seyran CAVADOV,
“Azərbaycan”