ABŞ Prezidentinin tərəfdarlarının sayı azalır
İyulun 13-də seçki kampaniyası çərçivəsində mitinq zamanı sui-qəsdə uğrayan sabiq prezident Donald Trampın dəstəkçilərinin sayı hər ötən gün artır. Artıq Baydendən üz döndərənlər çoxalmaqdadır. Demokrat Partiyasından namizəd, ABŞ-nin hazırkı Prezidenti Co Baydenin keçmiş tərəfdarları belə seçkilərdə Trampın qalib gələcəyini düşünürlər.
Noyabrın 5-nə təyin olunmuş prezident seçkilərində Donald Trampın qalib gəlmə ehtimalının yüksək olduğunu siyasətçilərlə yanaşı, seçicilər də təsdiqləyirlər. Respublika Partiyasının keçirilmiş qurultayında namizədliyi rəsmən təsdiqlənən Donald Trampın həm Baydenlə teledebatından, həm də keçirilmiş rəy sorğularından sonra sabiq prezidentin qalibiyyəti gözlənilir. Xüsusən debatdakı çıxışı və ona qarşı təşkil olunan sui-qəsd cəhdindən sonra buna inananların sayı artıb.
Teledebatdakı çıxışı ilə bağlı tənqidlərə məruz qalan ABŞ Prezidenti Co Bayden isə bu məğlubiyyətini tədbirdən bir müddət əvvəlki xarici səfərləri ilə əlaqələndirmişdi. "Debatdan bir az əvvəl dünyanı gəzməyə qərar verdim. Köməkçilərimə qulaq asmadım və səhnədə az qalmışdı ki, yuxuya getdim", - deyə Bayden vurğulamışdı. Həmin vaxtdan başlayan tənqidlərə, təzyiqlərə baxmayaraq, Bayden respublikaçı Donald Tramp üzərində qələbəsinə əmin olduğunu və seçkilərdən geri çəkilmək niyyətində olmadığını bildirmişdi. O, bəzilərinin onu seçkilərdə iştirakdan imtinaya sövq etməyə çalışdığını vurğulayaraq, yarışda qalıb Donald Trampa qalib gələcəyini qeyd etmişdi.
Sabiq prezidentin tərəfdarlarının sayı artdıqca Baydeni dəstəkləyənlərin sayı azalır. Bundan əlavə, Co Baydenin namizədliyini geri çəkməsi ilə bağlı təkliflər də çoxdur.
ABŞ Prezidenti Co Baydenin debatından sonra Demokrat Partiyasının əsas donorları da 90 milyon dollarlıq ianələri dondurmuş, onu geri çəkilməyə çağırmışdılar. Senatın bəzi nümayəndələri Baydenin yenidən prezident seçilmək istəyi ilə partiyanın gələcəyini riskə atdığını bildiriblər. Məlumatlara əsasən, ABŞ qanunverici orqanındakı demokrat liderlər Baydenlə təkbətək görüş zamanı onun seçkidə iştirakının Demokrat Partiyasının Konqresin hər iki palatasına nəzarət etmək imkanını təhlükə altına qoyduğunu deyiblər. Bu da öz növbəsində respublikaçılara öz təşəbbüslərini irəli sürmək üçün daha çox azadlıq verəcək.
Bundan başqa, ABŞ-də "ABC News", "Washington Post" və "Ipsos" tərəfindən 5-9 iyul tarixləri arasında ölkə daxilində keçirilmiş sorğu əsasında respondentlərin 85 faizi Baydenin ikinci dəfə prezident olmaq üçün çox yaşlı olduğunu deyiblər. Eyni zamanda iştirakçıların 67 faizi noyabrda keçiriləcək prezident seçkilərində onun namizədliyini geri götürməli olduğunu bildirib.
Qeyd edək ki, Baydenin seçkilərdən geri çəkilməsi ilə bağlı çağırışlar onun iyunun 27-də Trampla seçkiqabağı televiziya debatındakı nəticələrindən sonra başlayaraq, getdikcə genişlənməkdədir. Demokratlar ABŞ Prezidentinə postu saxlamaq cəhdlərindən əl çəkməsini məsləhət görürlər. Ümumilikdə Baydeni seçkilərdən geri çəkilməyə səsləyən Demokrat Partiyası üzvlərinin sayı 20-ni keçib. Beləliklə, demokratlar artıq yeni namizəd axtarışındadırlar.
COVID-ə yoluxan Baydenin qərarı nə olacaq?
Ötən gün Co Baydenin COVID-19-a yoluxması xəbəri də onun namizədliyi məsələsini daha da gündəmə gətirib. Bayden Donald Trampla debatdakı məğlubiyyətindən sonra səhhəti ilə bağlı problem yaranacağı təqdirdə seçkilərdən geri çəkiləcəyini demişdi. Bundan sonra Ağ Evin sözçüsü Karin Jan-Pyer Baydenin Las Veqasdakı tədbirdən sonra analiz verdiyini və COVID testinin müsbət olduğunu açıqlayıb. O bildirib ki, Bayden koronavirus əleyhinə peyvənd olunduğu üçün onda yüngül simptomlar müşahidə olunur.
Ağ Evdən isə Baydenin vəziyyəti ilə bağlı tez-tez məlumat paylaşacağı bildirilib. İlkin məlumat isə budur ki, Bayden yuxarı tənəffüs yolu infeksiyası ilə bağlı müalicəyə başlayıb, onun hərarəti və nəbzi normaldır.
Səhhətində problem yaranan Baydenin mübarizəni dayandıracağı fikirləri indi daha inandırıcı görünür. Çünki debatdan sonrakı bəyanatı eyni zamanda tərəfdarlarının sayının sürətlə azalması, partiyası tərəfindən təzyiqlər onun prezidentliyə namizəd olacağına inamı azaldır.
Sui-qəsd cəhdi ilə bağlı yeni iddialar
Donald Trampa qarşı su-qəsd cəhdi ilə bağlı araşdırmalar davam etdiyi vaxtda müxtəlif iddialar ortaya atılır. Son məlumatlara əsasən, sabiq prezident Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinən Tomas Metyu Kruks atəş açmazdan əvvəl hüquq-mühafizə orqanları tərəfindən şübhəli kimi müəyyən edilib. Hadisənin Məxfi Xidmətin onu damda gördükdən 20 dəqiqə sonra həyata keçirildiyi iddia edilir.
Vayominq senatoru Con Barrasso bildirib ki, Tomas hücumu həyata keçirməzdən bir saatdan çox əvvəl bel çantası və əlində olan məsafəölçən ilə Təhlükəsizlik Xidməti tərəfindən şübhəli şəxs kimi müəyyən edilib. Barrasso ABŞ Məxfi Xidmət rəisi Kimberli Çitlın istefasını istəyərək, bu hadisənin Məxfi Xidmət adına tam səriştəsizlik olduğunu qeyd edib.
Tennessi ştatından respublikaçı senator Marşa Blekbern də sosial şəbəkə hesabında Trampın səhnəyə çıxmamışdan əvvəl Məxfi Xidmətin belə bir təhlükədən xəbərdar olduğunun onu dəhşətə gətirdiyini yazıb. O da K.Çitlı istefaya çağıraraq onun rəhbərliyinə inamı olmadığını və istefa verməsinin millətin xeyrinə olacağını qeyd edib.
Bununla yanaşı, sui-qəsd cəhdindəki təhlükəsizlik pozuntularına kimin cavabdeh olması ilə bağlı federal və yerli hakimiyyət orqanları arasında da gərginlik artır. Məxfi Xidmət iddia edir ki, yerli polis hadisə yerini mühafizə etmək üçün məsuliyyət daşıyır. Amma yerli mühafizə orqanlarının Trampın olduğu əsas binanın kənarında patrul maşını yerləşdirmək üçün resursları olmadığını əvvəldən Məxfi Xidmətə bildirdiklərini iddia edirlər.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"