O, tarixin
keşməkeşli dövründə bir səltənət qurdu. I Mirzə Məhəmməd xanın banisi olduğu Bakı
xanlığı ilə Bakıxanovların hakimiyyəti başladı.
I Mirzə Məhəmməd xandan öncəki Bakı
Abşeron yarımadasında
yaranan Bakı xanlığının tarixi XVIII əsrin 40-cı illərindən başlayır. Həmin tarixdən
öncə, Səfəvilərin hakimiyyətinin son dövrlərində Bakı və onun ətrafını sultan titullu
hakimlər idarə edirdilər. Bu idarəçilik nəsildən-nəsilə ötürülürdü. XVIII əsrin
20-ci illərinin əvvəllərində həmin titulu
Məhəmmədhüseyn bəy daşıyırdı.
1722-ci ildə
çar ordusu böyük qüvvə ilə Azərbaycana hücum edir. Şəhəri ruslara təslim etməyə
razılıq verməyən Məhəmmədhüseyn bəyin aqibəti faciəli olur.
General Matyuşkinin
başçılıq etdiyi rus qoşunları 1723-cü il iyulun sonlarında gəmilərlə şəhəri top
atəşinə tutur. Dördgünlük mübarizədən sonra qala təslim olur. Şəhər çar qoşunlarının
işğalına məruz qalır. Məhəmmədhüseyn bəy və dörd qardaşı həbs edilərək Həştərxana,
oradan da Roqaçevskə sürgün olunurlar. Rus zabiti Baryatinski şəhərin komendant
vəzifəsinə təyin edilir. Peterburqda Bakının alınması münasibətilə atəşfəşanlıq
təşkil olunur.
Baş verən
bu hadisələrdə Dərgahqulu bəyin də adına rast gəlirik. O, 1723-cü ildə 700 əsgərlə
birlikdə Mixail Matyuşkinə qalanı təslim etdikdən sonra Rusiya imperiyası tərəfindən
yerli hökmdar kimi qəbul olunmuşdu.
Müstəqil xan
rütbəsinə ilk yüksələn isə Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd olur.
İyirmi yaşlı xan
Bakı xanlığının
bünövrəsini qoyan I Mirzə Məhəmməd xan 1727-ci ildə Bakıda dünyaya gəlib. Tədqiqatlarda
onun əcdadlarının bu şəhərə 1592-ci ildə gəldikləri qeyd olunub. Araşdırıcıların
əsaslandıqları mənbələrdən biri isə I Mirzə Məhəmməd xanın nəticəsi Abbasqulu ağa
Bakıxanovun bildirdikləridir. O, ulularının Bakıya Gilandan Malati hökmdarı Sultan
Əhməd xanın səltənətinin sonu gəldiyi bəlli
olan "Xan Əhməd məsələsi”ndən sonra köçdüyünü qeyd edib. Abbasqulu ağanın iddiasına
görə, Bakı xanlarının əcdadları Təbəristanda hakim olan Nur və Kucur hökmdarlarından,
yəni Paduspanilərdən gəlir. Məmmədhüseyn bəy və oğlu Heybət bəy sülalənin ilk tanınmış
nümayəndələri hesab edilir. Azərbaycan tarixində onlardan daha çox adı çəkilən isə
Heybət bəyin böyük oğlu Dərgahqulu bəy olub. O, Maştağada şəhəri ələ keçirərək Səfəvilərin
təyin etdiyi sultanı öldürüb, özünü xan elan etməklə kifayətlənməyib. Dərgahqulu
bəy qazıqumuqlu Surxay xanın və şirvanlı Hacı Davudun qüvvələrini məğlub edərək
hakimiyyətini Şabran və Qobustanadək genişləndirməyə müvəffəq olub.
Rusiyanın
Xəzəryanı əyalətlərə marağı 1725-ci ildə I Pyotrun ölümündən sonra azalıb.
1747-ci ildə Nadir Şahın hakimiyyəti zəbt etməsi ilə Bakı xanlığının Rusiyadan asılılığı
bitib.
Bakı xanlığının
yaranmasına gəlincə, tədqiqatçı İ.Lerx Dərgahqulu bəyin Nadir şahın qoşununda İrəvan
yaxınlığında osmanlılarla döyüşdə həlak olduğunu bildirib, ancaq tarix başqa bir
faktı təsdiqləyir. Belə ki, bu hadisə Bakı xanlığının yaranmasından doqquz il qabaq
baş verib. O vaxt Dərgahqulu bəyin yeganə oğlu Mirzə Məhəmməd on bir yaşındaydı.
Nadir şah onu atasının əvəzində Bakı şəhərinə hakim təyin edib.
1747-ci ildə
Nadir şah qətlə yetirildikdən sonra Səfəvilər yenidən hakimiyyəti ələ keçirib. Azərbaycanda
isə XVIII əsrin ortalarında xanlıqlar qurulub. Nadir şahdan sonra onun yaxın əmirlərindən
sayılan iyirmi yaşlı Mirzə Məhəmməd Bakı
xanlığını yaradaraq hakimiyyəti müstəqil idarə edib.
I Mirzə Məhəmməd xanın dövründə Bakının iqtisadi vəziyyəti
Bakı xanlığına
39 kənd daxil idi. İnzibati, maliyyə, hərbi və məhkəmə xanın hökmündəydi. Azərbaycanın digər xanlıqlarında olduğu kimi,
Bakı xanlığında da divan vardı. Vəzir xanın yaxın köməkçisi idi. Naib vəzifəsini
daşıyanların isə tabeçiliyində kəndxudalar, yüzbaşılar vardı. Bakı şəhərində qalabəyi,
darğa və başqa vəzifələr mövcud idi.
Bakı xanlığında
bütün hakimiyyət, torpaqlar, yeraltı və yerüstü sərvətlər xana və onun ailə üzvlərinə
məxsus idi.
Xanlığın banisi
I Mirzə Məhəmməd xan Əfşar şahları dövründə çökmüş Bakı iqtisadiyyatını, ticarəti
xeyli inkişaf etdirə bilib.
Xanlıqda pul
da kəsilirdi. Təsərrüfatda əsas yeri neft, duz və zəfəran istehsalı, balıqçılıq,
maldarlıq tuturdu, toxuculuq, zərgərlik, boyaqçılıq, misgərlik kimi sənət sahələri
inkişaf edirdi. Xanlıqda 50-dən çox neft quyusu movcud idi. Həmin quyulardan ildə
240 min puddan artıq neft istehsal olunurdu.
Xanlığın mərkəzi
Bakı şəhəri idi. Avropa ölkələri, Rusiya, İran, Osmanlı imperiyası, Hindistanla
tranzit ticarətdə bu şəhər əhəmiyyətli rol oynayırdı.
Mirzə Məhəmməd
xan mal daşınması və hərbi məqsədlər üçün gəmiqayırma işinə özü rəhbərlik edirdi.
O həm də admiral rütbəsini daşıyırdı.
Bakının birinci
xandan sonra da övladları, nəvə-nəticələri arasından Rusiya imperiyasına xidmət
edən bir çox xanlar, generallar, zabitlər olmuşdu.
1768-ci il
oktyabrın 17-də Bakıda vəfat edən Bakının birinci xanının cənazəsi Kərbəla şəhərinə
aparılıb, orada dəfn olunub.
I Mirzə Məhəmməd
xanın Hacı Əliqulu ağa, Hacı Məlik Məhəmməd xan və Məhəmmədqulu xan adlı üç oğlu
və bir qızı olub. I Mirzə Məhəmməd xandan sonra xanlıq taxtı onun ikinci oğlu Hacı
Məlik Məhəmməd xana (1768-1784) keçib. Bakı xanlığı irsi monarxiya idi. Mirzə Məhəmməd
xanın oğlu Məlik Məhəmməd xandan sonra da onun oğlu II Mirzə Məhəmməd xan
(1784-1791) hakimiyyətə gəlib. Daha sonra xanlığı Mirzə Məhəmməd xanın oğlanları
Məhəmmədqulu xan (1791-1792) və Hüseynqulu xan (1792-1806) idarə ediblər. Beləcə,
I Mirzə Məhəmməd xanın 1747-ci ildə qurduğu Bakı xanlığı 1806-cı ilədək davam edib...
Z. FƏRƏCOVA,
"Azərbaycan”