Azərbaycan növbəti dəfə mühüm beynəlxalq tədbirə evsahibliyi edərək, İslam dünyasının və Türk dövlətlərinin dini rəhbərlərini, tanınmış mütəfəkkirlərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük şair, filosof-mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans uğurla təşkil olunub.
Prezident İlham Əliyevin sentyabrın 15-də TDT-nin Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Müsəlmanları Ali Dini Şurasının üzvlərindən ibarət geniş nümayəndə heyətini qəbul etdiyini xatırladan Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, qəbulda TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kiprin dini rəhbərləri, Müsəlman Ağsaqqalları Şurası, IRCICA, Beynəlxalq İslam Fiqhi Təşkilatı və digər nüfuzlu qurumların nümayəndələri iştirak ediblər. Görüş zamanı Prezident İlham Əliyev iki mühüm tədbirin Bakıda keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb: “Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır. Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir”. Dövlət başçısının nümayəndə heyəti ilə görüşdəki nitqi Azərbaycanın İslam dünyasındakı strateji mövqeyini, sülhməramlı missiyasını və mənəvi birliyə verdiyi töhfələri aydın şəkildə əks etdirir. Çıxışın ana xəttini İslam həmrəyliyinin yalnız nəzəri çağırışlarla deyil, konkret və əməli addımlarla möhkəmləndirilməsi ideyası təşkil edir”. K.Bayramov qeyd edib ki, dövlət başçısı dini liderlərin cəmiyyətdəki böyük nüfuzuna və sözlərinin kəsərinə diqqət çəkərək, bu təsirin regionda sülh, sabitlik və barışıq üçün ən mühüm vasitələrdən biri olduğunu vurğulayıb. Fərqli ölkələrdən olan dini xadimlərin Bakıda bir araya gəlməsi həm islamofobiya ilə mübarizədə, həm də müsəlman aləmini parçalamağa çalışan xarici qüvvələrə qarşı vahid mövqeyin nümayiş etdirilməsində güclü mesaj xarakteri daşıyır. Müasir dünyada, xüsusilə müsəlman aləmində cərəyan edən mürəkkəb proseslər, baş verən gərginliklər və daxili nifaq cəhdləri hər birimizi haqlı olaraq narahat edir. Belə bir həssas dövrdə Azərbaycan dövləti İslam həmrəyliyini sadəcə şüarlarla deyil, konkret və əməli-praktiki addımlarla möhkəmləndirmək xəttini ardıcıl şəkildə davam etdirir.
Deputat vurğulayıb ki, ölkəmiz illərdir İslam Əməkdaşlıq Təşkilatı və ICESCO xətti ilə çoxsaylı möhtəşəm tədbirlərə evsahibliyi edib: “Xüsusilə 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəylik Oyunları sadəcə bir idman yarışı deyil, müsəlman xalqlarının dostluğunu və mənəvi birliyini nümayiş etdirən böyük bir birlik bayramı kimi yadda qalıb. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi davamı olaraq, gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən gərgin proseslərin fonunda belə bir mötəbər tədbirin məhz Azərbaycanda təşkil olunması tamamilə qanunauğundur və böyük əhəmiyyət kəsb edir. Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda hər zaman birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Bu baxımdan, gələcək Zirvə görüşünün müsəlman aləmi üçün çox müsbət və tarixi nəticələr verəcəyinə inam böyükdür. Əsas ümid və hədəf ondan ibarətdir ki, bu Zirvə görüşünə qədər bəzi müsəlman ölkələri arasında mövcud olan anlaşılmazlıqlar, gərginliklər və toqquşmalar tamamilə başa çatsın. Azərbaycan öz tərəfindən müsəlman aləminin vahid bir ailə kimi bir araya gəlməsi, daxili qarşıdurmaların və lazımsız söz-söhbətlərin dayandırılması üçün əlindən gələni edəcək. Müsəlmanları bir-birindən ayırmağa və bununla da İslam dininə zərbə vurmağa çalışan qüvvələrə qarşı yalnız müştərək səylərlə mübarizə aparmaq mümkündür. Dini liderlərin və nümayəndə heyətlərinin Bakıda bir arada olması həm regiona, həm də bütün dünya ictimaiyyətinə sülhün, birliyin və əmin-amanlığın təntənəsi barədə çox ciddi və birmənalı mesaj verir”. Deputat diqqətə çatdırıb ki, Azərbaycan xalqı 30 illik işğala, etnik təmizləməyə və böyük dövlətlərin ikili standartlarına baxmayaraq, milli birlik və hərbi güc sayəsində ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti özü bərpa edib. Separatçılığa son qoyularaq beynəlxalq hüququn aliliyi təmin olunub və dünya hərb-siyasət tarixində nadir bir presedent yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə törədilmiş kütləvi dağıntılara, talançılığa və 65 məscidin məhv edilməsinə baxmayaraq, dövlət bərpa işlərinə dərhal və ilk növbədə dini-mənəvi dəyərlərdən -məscidlərin bərpasından başlayıb. “Böyük Qayıdış” proqramının uğurlu icrası nəticəsində artıq 90 mindən çox keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdaraq məskunlaşıb və regionda həyat yenidən dirçəlib. “İkinci Qarabağ müharibəsində tam qələbə qazanılmasına və istənilən şərtin diktə edilməsi imkanının olmasına baxmayaraq, Azərbaycan qisasçılıq yolunu deyil, regionda davamlı sabitliyi təmin edən müdrik sülh gündəliyini seçib. Azərbaycan liderinə təqdim edilən mötəbər “Zayed İnsan Qardaşlığı” mükafatı və Əbu-Dabidə keçirilən təntənəli mərasim bu sülh mövqeyini beynəlxalq miqyasda daha da möhkəmləndirib və verilən siyasi bəyanatlara güclü dəstək olub. Müasir dünyada güc amilinin ön plana çıxdığı, Avropa təşkilatlarının ikili standartlar nümayiş etdirdiyi və islamofobiyanın məqsədyönlü şəkildə körükləndiyi bir şəraitdə ölkənin müstəqilliyinin, təhlükəsizliyinin və sülh şəraitində yaşamasının yeganə zəmanəti xalqın sarsılmaz iradəsi, güclü ordu, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik və türk-İslam dünyasının sıx həmrəyliyidir”,- deyə o əlavə edib.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”