Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətində və bəzi siyasi dairələrdə nümayiş etdirilən reaksiyalar qəbuledilməzdir. Bu cür yanaşmalar regionda formalaşmış yeni reallıqların və dövlətlərin suverenliyinə hörmət prinsipinin hələ də müəyyən dairələr tərəfindən tam qəbul edilmədiyini göstərir.
Qarabağ Azərbaycanın ayrılmaz və suveren ərazisidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə regionda yeni hüquqi və siyasi reallıq formalaşıb. Xarici diplomatların Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzura səfər etməsi Azərbaycanın daxili işidir və hər hansı dövlətin və ya siyasi dairənin buna etiraz etmək hüququ yoxdur.
Diplomatik korpusun nümayəndələrinin Azərbaycana səfərləri ölkəmizin beynəlxalq əlaqələrinin və diplomatik münasibətlərinin tərkib hissəsidir. Bu səfərlərə görə diplomatların hədəfə alınması və onlara qarşı təzyiq xarakterli mövqelərin nümayiş etdirilməsi diplomatik münasibətlərin ruhuna uyğun deyil.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistan son dövrdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını müxtəlif bəyanatlarla ifadə edir. Lakin Ermənistan cəmiyyətində və bəzi siyasi dairələrdə Azərbaycan ərazisinə xarici diplomatların səfərinə qarşı nümayiş etdirilən reaksiyalar həmin bəyanatlarla ziddiyyət təşkil edir. Dövlətlərarası münasibətlərdə real nəticə yalnız siyasi bəyanatlarla deyil, həmin mövqeyə uyğun davranışla da ölçülür.
Bu baxımdan Ermənistan cəmiyyəti və siyasi dairələri regionda yaranmış yeni geosiyasi və hüquqi reallıqları qəbul etməli, Azərbaycanın suveren ərazilərinə münasibətdə beynəlxalq hüququn əsas prinsiplərinə hörmətlə yanaşmalıdır. Keçmişin stereotipləri və revanşist yanaşmalar regionun gələcəyinə xidmət etmir.
Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı təmin edilir. Bu proseslər regionun gələcəyinin qarşıdurma deyil, sülh, əməkdaşlıq və inkişaf üzərində qurulması üçün mühüm imkanlar yaradır.
Ermənistan cəmiyyətinin də bu reallığı qəbul etməsi, keçmiş münaqişənin yaratdığı psixoloji və siyasi yanaşmalardan uzaqlaşması və gələcəyə baxması vacibdir. Azərbaycanla münasibətlərin normallaşması və regionda dayanıqlı sülhün möhkəmləndirilməsi üçün qarşılıqlı hörmət, suverenliyə ehtiram və konstruktiv yanaşma əsas şərtlərdir.
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı