07 May 2026 08:15
146
SİYASƏT
A- A+
Xalqın taleyinə yazılmış imza: Heydər Əliyev fenomeni

Xalqın taleyinə yazılmış imza: Heydər Əliyev fenomeni


Azərbaycan xalqının taleyində silinməz izlər qoymuş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü hər il böyük sevgi, dərin ehtiram və sonsuz qürur hissi ilə qeyd olunur. 10 may tarixi bütöv bir millətin öz xilaskarına olan minnətdarlıq borcunun, sarsılmaz sədaqətinin və milli birliyinin təntənəsidir. Həmin tarixdə Bakıdan tutmuş ən ucqar kəndlərimizə qədər hər yerdə yüksəksəviyyəli tədbirlərin təşkil olunması Ümummilli Liderin ideyalarının xalqın qəlbində nə dərəcədə dərin kök saldığının bariz nümunəsidir. Xalqın bitib-tükənməz sevgisi Heydər Əliyev ruhunun daim bizimlə olduğunu və müstəqil Azərbaycanın hər bir addımında yaşadığını bütün dünyaya nümayiş etdirir. 

Heydər Əliyev şəxsiyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyi arasında möhkəm mənəvi körpü rolunu oynayır. Onun "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı bu gün hər bir vətəndaşın qürur mənbəyinə, hər bir gəncin həyat amalına çevrilib. İllər keçsə, zaman dəyişsə də, xalqın öz böyük oğluna olan məhəbbəti zərrə qədər azalmır, tam əksinə, Azərbaycanın qazandığı hər yeni uğurda, hər möhtəşəm zəfərdə Ulu Öndərin uzaqgörən siyasətinin və müqəddəs irsinin işığı daha parlaq görünür. 

Ulu Öndərin Azərbaycan dövləti qarşısında çoxşaxəli xidmətləri hələ sovet dövründən başlayıb. Məlum olduğu kimi, ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində mənfi meyillər özünü büruzə verir, ölkə iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Respublikamızın inkişafı getdikcə ləngiyərək, ümumilikdə əhalinin sosial-iqtisadi vəziyyətinə kifayət qədər mənfi təsir göstərməyə başlamışdı. Məhz belə bir ağır vəziyyətdə ölkə rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başladı. 1969-1982-ci illərdə dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və ictimai həyatında keyfiyyətcə yeni bir mərhələnin təməli qoyuldu. Xalqına olduqca bağlı olan Ulu Öndər Heydər Əliyev çox mürəkkəb şəraitdə Azərbaycanı Sovet İttifaqının qabaqcıl respublikalarından birinə çevirmək üçün genişmiqyaslı islahatlar proqramının həyata keçirilməsinə nail oldu. Məhz həmin tarixdən etibarən Azərbaycanın müasir tarixinin ən parlaq və şərəfli səhifələri yazılmağa başlandı. 

O dövrün mənzərəsinə nəzər salsaq, görərik ki, milli mütəxəssislərin yetişdirilməsi, doğma dilimizin dövlət səviyyəsində qorunması və tətbiqi, eləcə də idarəetmə orqanlarında soydaşlarımızın təmsil olunması məsələləri arxa plana keçirilmişdi. Yerli kadrların peşəkar yüksəlişinə süni əngəllər törədilir, milli kimliyin inkişafına laqeyd münasibət bəslənilirdi. Mövcud böhranlı vəziyyətdən çıxış yolu yalnız iqtisadiyyatın strukturunda köklü islahatlar aparmaqdan keçirdi. Çünki siyasi müstəqilliyin yolu güclü iqtisadi bazadan başlayırdı. Həmin vaxt cəmiyyəti mənəvi və maddi tənəzzüldən yalnız Heydər Əliyevin uzaqgörən strateji baxışı xilas edə bilərdi və dahi rəhbər buna nail oldu. 

Heydər Əliyevin rəhbərliyi ilə 1970-1985-ci illəri əhatə edən genişmiqyaslı dəyişikliklər xalqın milli ruhunun oyanışına təkan verdi. Müasir Azərbaycanın iqtisadi suverenliyi məhz həmin illərdə qoyulmuş möhkəm bünövrə üzərində qərar tutmuşdu. Beynəlxalq iqtisadi məkana çıxış və qlobal sistemə inteqrasiya ölkənin sarsılmaz iqtisadi qüdrətini təmin edən əsas amillərdən biri oldu. Bakının müasir simasının formalaşması, çoxsaylı memarlıq incilərinin bərpası, yeni tədris binaları və institutların inşası məhz bu həmin tarixi mərhələnin bəhrələridir. Ulu Öndərin vətən övladlarına olan tükənməz sevgisi özünü həm də tarixi şəxsiyyətlərimizə verilən dəyərdə büruzə verirdi. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə uzaq Sibirin əlçatmaz yerlərindən böyük dramaturq, yazıçı Hüseyn Cavidin nəşinin qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi, ev-muzeyinin yaxınlığında dəfn edilməsi, görkəmli elm və mədəniyyət xadimlərinin muzeylərinin təşkili bunun əyani sübutudur. Eyni zamanda əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin rəşadətli yolunun dərindən araşdırılaraq ictimaiyyətə təqdim edilməsi milli qəhrəmanlıq tariximizə göstərilən ali ehtiramın nümunəsi idi.

Ulu Öndərin fəaliyyətində gənclər siyasəti hər zaman prioritet təşkil edib. Heydər Əliyev yüzlərlə istedadlı gəncin SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarına göndərilməsini təmin edərək, gələcək müstəqil dövlətimiz üçün nadir ixtisaslı kadrlar ordusu yaradıb. Ümummilli Lider Azərbaycanda bir sıra yeni ixtisaslar olan informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya sahələrində mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə alaraq minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin edib. Respublikaya birinci rəhbərliyi dövründə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının nüfuzlu ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksəkixtisaslı, vicdanlı və peşəkar kadrların hazırlanması, dövlət idarəçiliyi sisteminin sağlamlaşdırılması məsələlərinə ciddi fikir verirdi.

Bu uzaqgörən addım Azərbaycan elminin intibahına yol açıb. Bununla yanaşı, 1969-1982-ci illərdə milli hərbi kadrların hazırlanması işi xüsusi nəzarətə götürülüb. 1970-80-ci illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilib. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılıb. 

Azərbaycan dilinin dövlət statusu məsələsi də Heydər Əliyevin daim diqqət mərkəzində idi. 1978-ci ildə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit edilməsi tarixi bir qələbə idi. Bu siyasətin davamı olaraq, müstəqillik dövründə, 2 yanvar 2003-cü ildə "Dövlət dili haqqında" imzalanan fərman ana dilimizə verilən ali dəyərin təsdiqi oldu. Azərbaycan klassiklərinin yubileylərinin ümumittifaq səviyyəsində qeyd olunması və milli mədəniyyətimizin ön sıralara çıxması məhz dahi rəhbərin xidmətləri idi. Heydər Əliyev rəhbərliyə gələnə qədər idarəetmənin yuxarı pillələrində, xüsusilə Dövlət Təhlükəsizliyi Komitəsi kimi strateji qurumlarda azərbaycanlılar demək olar ki, təmsil olunmurdular. Lakin onun bu quruma rəhbərliyi və sonradan respublikaya başçılıq etməsi ilə milli kadrların çəkisi sürətlə artmağa başladı. 

Sovet dövründə Heydər Əliyevin rəhbərliyi altında respublikada 250-dən çox nəhəng sənaye obyekti və istehsal müəssisəsi fəaliyyətə başladı. Ulu Öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycan aqrar ölkədən qüdrətli sənaye respublikasına çevrildi. Heydər Əliyev yaxşı anlayırdı ki, iqtisadi müstəqillik enerji təhlükəsizliyindən keçir. Məhz həmin dövrdə Cənubi Qafqazın ən böyük İstilik-Elektrik Stansiyası Azərbaycanda inşa edildi. Hazırkı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ən müasir qurğularla təchiz edilərək respublikanın neft emalı potensialı dəfələrlə artırıldı. Sumqayıt SSRİ-nin ən böyük kimya mərkəzlərindən birinə çevrildi. O dövr üçün müasir olan yeni istehsalat sahələri quruldu. Bakı Məişət Kondisionerləri Zavodu bütün SSRİ-də və Yaxın Şərqdə ilk və ən böyük müəssisə idi. Dərin Dəniz Özülləri Zavodu məhz Heydər Əliyevin təşəbbüsü və inadkarlığı sayəsində Bakıda tikildi. Elm sahəsinə göstərilən xüsusi qayğı, yeni elmi-tədqiqat institutlarının açılması da Ulu Öndərin adı ilə bağlıdır. 

Heydər Əliyev 1987-ci ildə Moskvada SSRİ rəhbərliyindəki vəzifəsindən istefa verəndən sonra da Azərbaycan xalqı üçün çalışmaqdan zərrə geri durmayıb. Bu, Ulu Öndərin vətən sevgisinin və cəsarətinin əsl miqyasını göstərir. Hakimiyyətdən getməsinə baxmayaraq, Moskvada ciddi nəzarət altında yaşayan Heydər Əliyev xalqın dar günündə göstərdiyi qətiyyətlə yaddaşlarda silinməz izlər buraxıb. 1990-cı il yanvarın 21-də, qanlı faciədən cəmi bir gün sonra Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, verdiyi cəsarətli bəyanatla faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Ulu Öndər dünya mediası qarşısında çıxış edərək, dinc əhaliyə qarşı törədilən bu qırğını hüquqa, demokratiyaya və insanlığa zidd adlandırdı. Faciənin birbaşa günahkarı kimi SSRİ-nin ali rəhbərliyini suçladı. Bu, o dövr üçün ağlasığmaz bir cəsarət idi, çünki SSRİ hələ dağılmamışdı, qanlı qırğını törədən sovet rejimi hələ də tam gücündə idi. 

Heydər Əliyev üçün xalqa xidmət etmək hansısa vəzifə ilə bağlı deyildi. Ulu Öndər siyasi rəhbərlikdə olmadığı dövrdə belə, Azərbaycanın milli maraqlarını qoruyan, xalqı ətrafında birləşdirən və ölkəni qəti addımlarla müstəqilliyə hazırlayan uzaqgörən siyasətçi idi.

Mərkəzi hakimiyyət orqanlarının davamlı təqiblərinə rəğmən, Heydər Əliyev əvvəlcə Bakıya, daha sonra doğma yurdu Naxçıvana üz tutdu. Ulu Öndərin qayıdışı ağır blokada məngənəsində sıxılan qədim Naxçıvanın həyatına yeni canlanma və ümid bəxş etdi. O, ən çətin şəraitdə belə bu bölgənin dirçəlişini təmin etməklə yanaşı, gələcək müstəqil Azərbaycan dövlətinin bünövrəsini təşkil edəcək strateji addımlar atdı. Bu addımlar sadəcə regional deyil, bütövlükdə milli dövlətçilik tariximiz üçün yolgöstərən bir mayaka çevrildi. 

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin 12-ci çağırış birinci sessiyası Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın taleyini dəyişən tarixi qərarlara imza atdı. Həmin iclasda muxtar respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı və dövlət rəmzləri ilə bağlı mühüm dəyişikliklər edildi. Məhz Ümummilli Liderin qətiyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin miras qoyduğu üçrəngli bayrağımız Naxçıvanın rəsmi dövlət bayrağı olaraq ucaldıldı. Eyni zamanda qanunverici orqanın adının Ali Məclis kimi müəyyənləşdirilməsi idarəetməyə milli və demokratik bir ruh qazandırdı. 

1992-ci il noyabrın 21-i müstəqil dövlətçilik tariximizin ən həlledici və parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olundu. Həmin gün bir qrup vətənpərvər və mütərəqqi fikirli ziyalının təşəbbüsü ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Toplantıda partiyanın yaradılması barədə rəsmi qərarın verilməsi və Heydər Əliyevin yekdilliklə sədr seçilməsi xalqın siyasi taleyində yeni bir dövrün başlanğıcı oldu. YAP-ın meydana gəlməsi məhz belə bir tarixi ehtiyacın məntiqi nəticəsi idi. Xalq anlayırdı ki, müasir dövlət idarəçiliyi üçün zəruri olan peşəkar kadr bazası nə ozamankı naşı hakimiyyətdə, nə də digər cırtdan siyasi qruplaşmalarda mövcud idi. Dahi rəhbərin şəxsiyyəti və nüfuzu isə dövrün bütün siyasi ambisiyalarından və təşkilatlarından qat-qat üstün idi. Ulu Öndərin Naxçıvandakı fəaliyyəti müasir, demokratik və dünyəvi Azərbaycanın qurulması prosesində həlledici ideoloji faktor rolunu oynadı. Azərbaycanın müstəqil bir subyekt kimi gələcək inkişafının əsas prinsipləri məhz həmin illərdə formalaşdırıldı. Beləliklə, milli azadlıq hərəkatının rəmzi olan üçrəngli bayrağımız onilliklər sonra ilk dəfə məhz Heydər Əliyevin rəhbərlik etdiyi sessiyada dövlət statusu alaraq xalqın qürur yerinə çevrildi. 

Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı uçurumun kənarında olan Azərbaycan dövlətini xilas etmək missiyası idi. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən elan etsə də, 1993-cü ilədək ölkədə idarəolunmaz xaos, öz ambisiyalarını güdən siyasi qrupların səriştəsiz idarəetməsi və naşılığı, siyasi gərginlik və ərazi itkiləri ilə dolu qaranlıq bir dönəm yaşanırdı. Dövlətçiliyin sütunları sarsılır, mərkəzi idarəetmə iflic vəziyyətə düşür, ordudakı intizamsızlıq torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələnirdi. Ölkə faktiki olaraq parçalanma və daxili müharibə təhlükəsi ilə üz-üzə qalmışdı.

Bu ağır sınaqlar dövründə xalq çıxış yolunu və yeganə xilas ümidini Heydər Əliyev şəxsiyyətində görürdü. 1991-1993-cü illərdəki geriləmənin, özbaşınalığın və iqtisadi tənəzzülün əsas səbəbi dövlət rəhbərliyində təmsil olunan şəxslərin uzaqgörənlikdən və strateji baxışdan məhrum olmaları idi. Milli maraqları şəxsi ambisiyalardan üstün tuta bilməyən siyasi qüvvələrin çirkin hakimiyyət oyunları Azərbaycanı uçurumun kənarına gətirib çıxarmışdı. 

Xalqın təkidli çağırışları nəticəsində 1993-cü il iyunun 9-da Bakıya qayıdan Heydər Əliyev iyunun 15-də parlamentin rəhbəri seçildi. Elə həmin ilin 3 oktyabrında keçirilən prezident seçkiləri Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunu təmin edən tarixi dönüş nöqtəsi oldu. 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimi ilə Ulu Öndər rəsmən fəaliyyətə başlayaraq ölkəni fəlakətlərdən qurtarmaq missiyasını üzərinə götürdü. O, Azərbaycanı daxili çəkişmələrdən təmizləyərək sabitlik və tərəqqi mərhələsinə qədəm qoydu. Ümummilli Lider qlobal miqyaslı enerji və nəqliyyat layihələrinin təməlini qoymaqla dövlətə olan sədaqətini əməli işlərlə sübuta yetirdi. Həmin unudulmaz nitqində Ümummilli Lider xalqına olan bağlılığını bu sözlərlə ifadə etmişdi: "Bu gün həyatımın ən məsuliyyətli anlarından biridir. Mənə inanan, bu ali etimadı göstərən hər bir vətəndaşa dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, varlığımla bağlı olduğum bu xalqa ömrümün sonunadək xidmət edəcək, bütün enerjimi Azərbaycanın çiçəklənməsinə həsr edəcəyəm". 

Prezident seçildikdən dərhal sonra Heydər Əliyev ölkədə asayişin bərpası üçün qətiyyətli addımlar atdı. Qanunsuz silahlı birləşmələrin ləğvi, nizami ordu quruculuğunun təməllərinin atılması və dövlətə qarşı yönəlmiş xəyanətkar çevriliş cəhdlərinin dəf edilməsi onun rəhbərliyi ilə həyata keçirilən ilk və ən mühüm islahatlar idi. Bununla Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə dönməz xarakter verildi. 

1993-cü ildə yenidən dövlət rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyevin atdığı ən cəsarətli və strateji addımlardan biri həmin vaxta qədər xarici neft korporasiyaları ilə aparılan qeyri-effektiv danışıqları dərhal dayandırmaq oldu. Dahi rəhbər enerji sazişlərinin şərtlərinə milli maraqlar prizmasından yenidən baxılmasını tələb etdi. Bu qətiyyətli qərardan sonra beynəlxalq neft nəhəngləri ilə müzakirələr Azərbaycanın gələcək taleyini təmin edəcək tam fərqli müstəvidə bərpa olundu. Tarixçilər və iqtisadi ekspertlər yekdilliklə təsdiq edirlər ki, o dövrdə bu danışıqların yenidən başlaması ölkənin gələcək tərəqqisi üçün həyati əhəmiyyət kəsb edən bir dönüş nöqtəsi idi. 

Məhz bu uzaqgörənliyin nəticəsi olaraq, 1994-cü il sentyabrın 20-də Bakıda müasir tariximizin ən möhtəşəm sənədi imzalandı. Rəsmi olaraq "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş kimi tanınan bu sənəd Azərbaycanın iqtisadi müstəqilliyinin sarsılmaz təməlinə çevrildi. Heydər Əliyevin şəxsi rəhbərliyi və polad iradəsi ilə reallaşan bu layihəyə dünyanın ən nüfuzlu neft şirkətləri cəlb olundu. Ulu Öndər bu müqavilənin həm Azərbaycan, həm də qlobal enerji bazarı üçün müstəsna əhəmiyyətini nəzərə alaraq onu "Əsrin müqaviləsi" adlandırdı. 

"Əsrin müqaviləsi" Azərbaycanın enerji siyasətinin fundamental əsasını qoydu və sonrakı illərdə imzalanacaq digər irimiqyaslı beynəlxalq layihələr üçün etibarlı qapı açdı. Neft kontraktı sayəsində yerli neft-qaz sektoruna ən müasir texnoloji standartlar gətirildi, qabaqcıl idarəetmə təcrübəsi tətbiq olundu və beynəlxalq səviyyəli yeni mütəxəssis nəsli yetişdi. Azərbaycan bu sazişlə dünyanın əsas enerji təminatçılarından biri kimi özünü təsdiqlədi və beynəlxalq birliyin nüfuzlu üzvünə çevrildi. Gözləniləndən də böyük nəticələr verən bu müqavilə ölkənin maliyyə dayanıqlığını təmin edərək, müasir Azərbaycanın ən yeni tarixində iqtisadi intibahın memarı oldu. 

Azərbaycanda yeni Konstitusiyanın qəbulu da Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün oldu. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi naminə ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. Yeni Konstitusiyasının qəbulu cəmiyyət həyatında demokratik dəyişikliklərə yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratdı. Eyni zamanda bütün sahələrin inkişafına təkan verdi. Xalqın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu. 

Müdrik lider Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlərin ən vaciblərindən biri "İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) haqqında" qanunun qəbul edilməsi, digər tərəfdən də Ombudsman Aparatının yaradılması oldu. Ölkədə Ombudsman Aparatının yaradılması vətəndaşların hüquq və azadlıqlarının müdafəsi işinə çox mühüm töhfələr verib. Ulu Öndər məhbusların əfvi ilə bağlı sərəncamlar verərək onların azadlığa buraxılmasına şərait yaradırdı və bu əlamətdar davranış yenə də uğurla davam etdirilməkdədir. 

Keçmiş Qarabağ probleminin danışıqlar yolu ilə nizama salınması da Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başlayaraq, Xarici siyasət fəaliyyətində başlıca yer tuturdu. Dahi lider zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin dünyada siyasi gücə malik olan dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə bu münaqişənin mahiyyətinə, reallığına dünya birliyinin diqqətini cəlb etməyi bacarmışdı. Heydər Əliyev bütün görüşlərində, siyasi fəaliyyətində münaqişənin ədalətli həllinə çalışırdı. Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından qovulmuş bir milyona yaxın insanın ağır şəraitdə çadırlarda yaşadıqlarını, dövlətimizin qətiyyətli və prinsipial mövqeyini hər görüşdə, hər çıxışında dünya ictimaiyyətinə tarixi faktlarla əsaslandıraraq çatdırırdı. 

Məhz Ümummilli Liderin xüsusi səyləri nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunacağı ATƏT-in Lissabon Sammiti 1996-cı il dekabrın 2-3-də 52 Avropa ölkəsi, ABŞ, Kanada və 10 Asiya-Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirildi. Buna qədər vəziyyət tamamilə Ermənistanın xeyrinə idi. Lakin Lissabon Sammitində Heydər Əliyev öz veto hüququndan istifadə edərək, bir çox qərəzli sənədə veto qoydu. Ermənistan sammitdə təkləndi, təcrid olundu, pat vəziyyətində qaldı. Heydər Əliyevin mövqeyini 53 dünya dövləti dəstəklədi. Bununla Ulu Öndər öz parlaq diplomatiya məharətini bütün dünyaya nümayiş etdirdi. 

1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi. Həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. 

Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Onun baxışlarında elm sadəcə akademik fəaliyyət sahəsi deyil, ölkənin intellektual təhlükəsizliyini, iqtisadi tərəqqisini, mədəni yüksəlişini və milli kimliyini təmin edən əsas vasitədir. Bu səbəbdən Heydər Əliyev elmin inkişafını həm sovet dövründə, həm də müstəqillik illərində ardıcıl şəkildə dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib, milli elmi sistemin formalaşması və dünya elmi məkanı ilə inteqrasiyası üçün prinsipial mövqe nümayiş etdirib. 

1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamın imzalaması bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlirdi. Çox qısa müddətdə komissiyanın hazırladığı "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" geniş müzakirələrdən sonra 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə mindi. Həmin proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrinə sadiq qalmasını da təmin etdi. Ümummilli Liderin təlimatı ilə təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrdə görünməmiş uğurlar qazanıldı. Bu, Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. 

Ulu Öndər Heydər Əliyev azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirib. Heydər Əliyev ötən əsrin 70-ci illərinin əvvəllərindən dil sahəsində başladığı islahatları uğurla davam etdirdi. Ümummilli Liderimizin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipi idi. O, gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə etmişdi: "Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq".

Azərbaycanın qazandığı hər bir möhtəşəm uğur və tarixi zəfər Ulu Öndər Heydər Əliyevin strateji kursunun Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilməsinin nəticəsidir. Məhz bu siyasi varislik və sarsılmaz iradə Azərbaycanı regionun lider dövlətinə və dünya miqyasında söz sahibi olan bir ölkəyə çevirib. Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Ümummilli Liderin ideyalarına sadiq qalaraq, Azərbaycanı addım-addım özünün ən böyük hədəfinə - ərazi bütövlüyünün bərpasına doğru apardı. Ulu Öndərin ən böyük arzusu və vəsiyyəti Qarabağın azad olunması, Şuşada Azərbaycan bayrağının dalğalanması idi. 2020-ci ilin noyabrında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Zəfər, yalnız torpaqlarımızın işğaldan qurtarılması deyil, həm də Heydər Əliyev amalının və arzularının reallaşması idi. Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə xalqa müraciət edərkən söylədiyi "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" sözləri bu mənəvi varisliyin və vəfanın ən ali ifadəsi kimi tariximizə həkk olundu. 

Bu gün Azərbaycan öz suverenliyini bütün ölkə ərazisində tam bərpa edib. İşğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işləri, ucaldılan "ağıllı şəhərlər və kəndlər", açılan beynəlxalq hava limanları Ümummilli Liderin qurub yaratmaq ruhunun davamıdır. Bu gün Ulu Öndərin ruhu şaddır! Çünki onun canından artıq sevdiyi Azərbaycan artıq bütöv, qüdrətli və qalibdir. 


Asif ƏSGƏROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Torpaqdan texnologiyaya - Azərbaycan aqrobiznesində yeni dövr

09:13
07 May

Bir məkan, üç sərgi, 450-yə yaxın şirkət

09:10
07 May

Makron rəsmi Bakının tezislərini təkrarlayır

09:05
07 May

Kaya Kallasın səfəri Azərbaycan-Aİ əməkdaşlığının strateji məzmununu göstərir

09:00
07 May

Azərbaycanın mədəniyyət zirvəsi

08:55
07 May

Bakı-Roma əməkdaşlığı Avropanın enerji təhlükəsizliyini formalaşdıran mühüm vasitədir

08:50
07 May

Azərbaycanın parlament diplomatiyası

08:45
07 May

Azərbaycan-İtaliya münasibətləri yeni mərhələdə

08:40
07 May

Böyük irsin salnaməsi

08:35
07 May

"Biz Heydər Əliyevdən hər gün öyrənirdik"

08:30
07 May

Elmi əsaslar üzərində optimal inkişaf konsepsiyasının yaradıcısı

08:25
07 May

Tarixi missiyanın uğurları

08:20
07 May

Xalqın taleyinə yazılmış imza: Heydər Əliyev fenomeni

08:15
07 May

Heydər Əliyev strategiyası: zəfərin başlanğıcı

08:10
07 May

Əbədiyaşar Liderin tükənməz irsi: etibarlı gələcəyin sağlam bünövrəsi

08:05
07 May

Hadisələri qabaqlamaq məharəti

08:00
07 May

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

03:22
07 May

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 21aprel tarixli 388-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:21
07 May

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:20
07 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:19
07 May

"Dövlət icra məmurları haqqında", "İcra haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:19
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!