Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Eyvaz Güləliyevin Ləzgi dilində çap olunan “Seçilmiş əsərlər II hissə” kitabının təqdimatı keçirilib.
BBMM-nin mətbuat xidmətindən bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.
BBMM-in icraçı direktoru Rəvan Həsənov çıxışında vurğulayıb ki, tədbirin təşkil olunması ölkəmizdə etnik-mədəni müxtəlifliyin qorunması və inkişafı istiqamətində aparılan dövlət siyasətinin real nəticəsidir. O diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti bu gün artıq təkcə ideya deyil, ölkəmizin milli inkişaf modelinin ayrılmaz tərkib hissəsidir. Bu siyasət bütün xalqların dilinin, dininin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasını və inkişaf etdirilməsini dövlətin prioriteti kimi müəyyənləşdirir. Məhz bu ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanda yaşayan bütün etnik icmalar öz mədəni irslərini sərbəst şəkildə yaşatmaq və gələcək nəsillərə ötürmək imkanı qazanırlar.
“Alam” Ləzgi Mədəniyyəti jurnalının baş redaktoru Kamran Qurbanəliyevin moderatorluğu ilə davam edən tədbirdə digər çıxış edənlər - “Samur” Ləzgi Milli Mərkəzinin sədri İmran Rzayev, filologiya elmləri namizədi şair Gülbəs Aslanxanova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Etibar Bağırov, Qusar sakini Elşad Salbuzov, “Samur” Ləzgi Milli Mərkəzinin üzvləri Bəsti Niftiyeva, Abir Tahirov, Ramazan Əliyev, Roza Hacımuradova, Bakı Dövlət Universitetinin tələbəsi şair Qoşqar Qaraçaylı, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov bildiriblər ki, müəllifin əsərləri ləzgi dilinin qorunmasına, mədəni dəyərlərin yaşadılmasına və gənc nəslin ədəbiyyata marağının artırılmasına töhfə verir. Onlar Azərbaycan dövlətinin multikulturalizm siyasətinin bütün xalqların ədəbi və mədəni irsinə verdiyi dəstəyi yüksək qiymətləndiriblər.
Qeyd edək ki, ləzgi şairi Eyvaz Güləliyevin “Seçilmiş əsərlər II hissə” kitabında müəllifin şeirləri, qəzəlləri və Azərbaycanın tanınmış şairlərinin ləzgi dilinə tərcümə olunmuş əsərləri yer alıb.