Türk İnvestisiya Fondunun əsas məqsədi türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, qarşılıqlı əlaqələrin gücləndirilməsinə və birgə investisiya layihələrinin həyata keçirilməsinə töhfə verməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Türk İnvestisiya Fondunun Prezidenti Bağdad Amreyev “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” mövzusunda paneldə çıxışı zamanı deyib.
Bağdad Amreyev bildirib ki, Sovet İttifaqının dağılmasından sonra Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri müstəqillik əldə etsələr də, region dövlətləri arasında iqtisadi əlaqələr əvvəlki səviyyədə olmayıb.
“Bununla belə, son dövrdə türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi və iqtisadi inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Ölkələrin iqtisadi strukturlarının və potensiallarının fərqli olması inteqrasiya prosesinə maneə deyil. Əksinə, bu fərqlər qarşılıqlı tamamlanma və əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycan, Qazaxıstan, Türkiyə və digər türk dövlətlərinin müxtəlif sahələrdə böyük potensialı var. Təbii resurslar, kənd təsərrüfatı, sənaye, nəqliyyat və logistika sahələrində mövcud imkanların birləşdirilməsi regionda yeni əməkdaşlıq platformalarının formalaşmasına şərait yaradır”, - deyə Bağdad Amreyev vurğulayıb.
O bildirib ki, Türk İnvestisiya Fondu birgə layihələrin dəstəklənməsi, investisiya imkanlarının genişləndirilməsi və üzv ölkələrin iqtisadiyyatlarının daha sıx əlaqələndirilməsi istiqamətində fəaliyyət göstərir. Bağdad Amreyev, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiyanın Avropa ilə Asiyanı birləşdirən mühüm coğrafi məkanda yerləşdiyini diqqətə çatdırıb: “Regionun tranzit, logistika və enerji potensialından səmərəli istifadə edilməsi türk dövlətləri arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və qlobal bazarlara çıxış imkanlarının artırılmasına xidmət edə bilər. Güclü iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların inkişafı türk dövlətləri arasında inteqrasiya prosesinin dərinləşdirilməsi üçün mühüm amillərdən biridir”.