Azərbaycan regional nəqliyyat və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır. Ölkənin Şərqlə Qərb arasında yerləşməsi, Xəzər dənizinə çıxışı və həyata keçirdiyi infrastruktur layihələri beynəlxalq ticarət baxımından geniş imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” mövzusunda paneldə çıxışı zamanı səsləndirib.
Sezai Uçarmak bildirib ki, Azərbaycan və Türkiyə son illərdə qarşılaşdıqları bir sıra çətinlikləri aradan qaldıraraq, həm infrastruktur, həm də iqtisadi əməkdaşlıq sahəsində mühüm nəticələr əldə ediblər.
“Hazırda hər iki ölkədə regional və beynəlxalq ticarətin inkişafına xidmət edən böyük layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, həmçinin Zəngəzur dəhlizi çərçivəsində nəzərdə tutulan dəmir yolu və avtomobil yolu layihələri regionun nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Türkiyədə Qars-İğdır istiqamətində həyata keçirilən layihələr də beynəlxalq yükdaşımaların inkişafına töhfə verəcək. Regionda nəqliyyat infrastrukturu ilə bağlı mühüm işlər görülür və Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan kimi ölkələr bu istiqamətdə müxtəlif layihələrə investisiya yatırırlar. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması regionda nəqliyyat əlaqələrinin daha da inkişafına imkan yarada bilər. Bu, Türkiyə və Azərbaycan arasında, eləcə də Şərq-Qərb istiqamətində yeni nəqliyyat və logistika imkanlarının formalaşmasına şərait yaradacaq. Azərbaycanda 7 mindən çox türk şirkəti fəaliyyət göstərir, Türkiyədə isə 3 mindən çox, təxminən 3 min 200 Azərbaycan şirkəti investisiya fəaliyyəti həyata keçirir. İki ölkə arasında qarşılıqlı investisiyaların ümumi həcmi təxminən 40 milyard dollara çatır. Bu göstəricilər Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin geniş miqyasını nümayiş etdirir”, - deyə ticarət nazirinin müavini qeyd edib.
Sezai Uçarmak investisiyaların daha da artırılması üçün şəffaf və əvvəlcədən müəyyənləşdirilmiş qaydaların vacibliyini vurğulayıb. Onun sözlərinə görə, investorlar fəaliyyət göstərdikləri ölkədə vergi, gömrük, ixrac və digər prosedurlarla bağlı aydın və sabit qaydaların olmasında maraqlıdırlar: “İnvestisiya qoyuluşu edən insanlar əsas qaydaların əvvəlcədən müəyyənləşdirilməsini və aydın şəkildə təqdim olunmasını istəyirlər. İnvestor üçün sabit və şəffaf mühitin yaradılması mühüm əhəmiyyət daşıyır. Yükün özü ilə bağlı yaranan problemlə daşıyıcı şirkətin məsuliyyəti bir-birindən fərqləndirilməlidir. Əks halda əlavə xərclər nəqliyyat tariflərinin artmasına səbəb ola bilər. Regional sabitlik investisiyaların cəlb edilməsi üçün mühüm şərtdir. İnvestorlar qərar qəbul edərkən ilk növbədə sabitlik, hüquqi təminatlar və müəyyən edilmiş qaydaların mövcudluğuna diqqət yetirirlər. Orta Dəhliz qarşıdakı dövrdə Şərqlə Qərb arasında ticarət və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Dəhlizin səmərəli fəaliyyət göstərməsi üçün iştirakçı ölkələrin infrastruktur layihələrinə investisiya yatırması ilə yanaşı, qarşılıqlı fayda, rentabellik və məhsuldarlıq prinsiplərini də əsas götürməsi vacibdir”.
Sezai Uçarmak Azərbaycan və Türkiyə arasında qarşılıqlı investisiyaların gələcək illərdə daha da artacağına əminliyini ifadə edib. Xüsusilə istehsal və digər real iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin iki ölkənin iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirib.