Tropik bölgələrdə rast gəlinən viruslar qlobal iqlim dəyişikliyi səbəbindən Avropa qitəsində də daimi xarakter alıb. Əsasən “Culex” cinsli ağcaqanadların dişləməsi ilə ötürülən Qərbi Nil virusu yayılmaqda davam edir. Yunanıstanda bir həftə ərzində 26 yeni yoluxma faktı müəyyən edilib, 3 nəfər həyatını itirib.
Yunanıstan Milli İctimai Səhiyyə Qurumunun (EODY) məlumatlarına görə, 18-24 sentyabr tarixləri arasında 26 yeni Qərbi Nil virusu xəstəsi qeydə alınıb. 2026-cı ilin əvvəlindən 24 sentyabra qədər ölkədə ümumi yoluxma sayı 396-ya yüksəlib.
İlin əvvəlindən bəri ölkədə bu virus səbəbindən həyatını itirənlərin sayı bir həftədə 3 nəfər artaraq 36-ya çatıb. Vəfat edənlərin 61-92 yaş aralığında olduğu bildirilir.
Niderland Milli İctimai Səhiyyə və Ətraf Mühit İnstitutu (RIVM) da bu il Qərbi Nil virusundan həyatını itirənlərin sayının 5-ə, ümumi yoluxma sayının isə 44-ə yüksəldiyini bəyan edib.
RIVM-dən verilən açıqlamada 17 sentyabrdakı son yenilənmədən bəri daha 16 nəfərdə virusun aşkar edildiyi və 1 nəfərin də vəfat etdiyi bildirilib. Yeni xəstələrin hamısı virusa yoluxmuş ağcaqanadın dişləməsi nəticəsində xəstələnib.
Yoluxma hallarının 23-ü Cənubi Hollandiya, 10-u Utrext, 4-ü Şimali Hollandiya, 4-ü Şimali Brabant, 2-si Qelderland və 1-i Overeysel bölgəsində qeydə alınıb.
Əvvəlcə yalnız Afrikada rast gəlinən virus zamanla Fransa, İtaliya, İspaniya və Portuqaliya başda olmaqla bir çox Avropa ölkəsinə yayılıb. Almaniyada 2019-cu ildən bəri hər il alovlanma halları müşahidə olunur.
Qərbi Nil virusundan qorunmaq üçün hər hansı peyvənd və ya xüsusi müalicə üsulu olmadığı üçün ağcaqanad dişləmələrinə qarşı fərdi mühafizə tədbirləri tövsiyə edilir.
Ağcaqanadın dişləməsindən etibarən inkubasiya (gizli) dövrünün 2 ilə 14 gün arasında dəyişdiyi, immuniteti zəif olanlarda bu müddətin 21 günə qədər uzandığı bilinir. Virusa yoluxanların təxminən 80 faizində hər hansı əlamət müşahidə olunmur, xəstələrin təxminən 20 faizində isə qızdırma, halsızlıq, ürəkbulanma-qusma, baş və əzələ ağrıları kimi simptomlar üzə çıxır.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”