WUF13-ün Bakıda keçirilməsi bizim üçün faydalı və səmərəlidir. Ölkələrimizin strateji tərəfdaş olması müasir şəhərsalmada həm təcrübə mübadiləsi aparmaq, həm də qarşılıqlı sərmayə yatırılması üçün geniş imkanlar yaradıb. Son illər Özbəkistanda keçirilən iqtisadi və siyasi islahatlar yeni şəhərsalma prosesini sürətləndirib.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Özbəkistanın Məskunlaşma və Dayanıqlı Mənzil Bazarının İnkişafı üzrə Milli Komitəsinin rəis müavini Aziz Akobayev deyib.
Onun sözlərinə görə, hazırda 20 hektar ərazidə yeni Daşkənd şəhəri salınır ki, bu da tam müasir tipli şəhər olacaq.
““Ağıllı şəhər” tipində olacaq yeni Daşkənddə binaların elektrik enerjisi, su, qaz və digər kommunal xidmətlər tamamilə yeni texnologiyalar əsasında təşkil ediləcək. Nəqliyyat probleminin həlli üçün şəhərin mərkəzindən keçəcək kanalda xüsusi qayıqlar nəqliyyat vasitəsi kimi istifadə ediləcək. İnsanlar şəhərin bir başından digərinə getmək üçün metro və avtobus ilə yanaşı su nəqliyyatından da istifadə edəcəklər ki, bu da sərnişindaşımanın yükünü xeyli azaldacaq. Şəhərin yolları biristiqamətli ətrafı isə tamamilə yaşıllıqdan ibarət olacaq. Şəhərdə dəyəri 2,5 milyard dollar olan hava limanı da istismara veriləcək. 2 milyon insanın yaşaması üçün nəzərdə tutulan yeni Daşkənd 2040-cı ildə istifadəyə veriləcək”, - deyə Aziz Akobayev vurğulayıb.
WUF13 barəsində danışan Aziz Akobayev nəzərə çatdırıb ki, bu platforma zamanın tələbi ilə yaranıb: “İnsanlıq inkişaf etdikcə problemlər də meydana çıxır. Təbii fəlakətlər, iqlim dəyişmələri, silahlı münaqişələr və digər amillər məskunlaşma məsələsinə ciddi yanaşma tələb edir. İnsanların, xüsusilə də gənclərin şəhərlərə axın edərək məskunlaşması şəhərlərin böyüməsinə və əhalinin artmasına səbəb olur ki, bunlar da şəhərsalma konsepsiyasına yeni ideyalarla yanaşmağı tələb edir. Məskunlaşma problemlərini dünya ölkələri yalnız qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsi yolu ilə aradan qaldıra bilərlər”.