Çağdaş dövrümüzün əsas qlobal çağırışlarından biri bərpaolunan enerjiyə keçiddir. Qürur hissi ilə qeyd etməliyik ki, respublikamızda bu çağırış zamanında dəyərləndirilir, bərpaolunan və “yaşıl enerji” istehsalı ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bir neçə gün əvvəl “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı da göstərdi ki, Azərbaycanda bu sahədə işlər sürətlə və keyfiyyətlə aparılır.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək, bu sahədə qarşıya qoyulan məqsədlərin təmin olunmasına böyük töhfələr verəcək. Ən əsası, 4 il ərzində ərsəyə gələn stansiyanın dayanıqlı şəkildə işləməsi ölkəmizin iqtisadi inkişafına mühüm təkan verəcək. “Xızı-Abşeron” stansiyası Azərbaycanın “yaşıl enerji” siyasətinə uyğun olaraq, enerji balansını daha da artırır. Külək enerjisi həm də ekoloji cəhətdən təmiz olduğundan atmosferə karbon emissiyalarını azaldacaq və ətraf mühitə mənfi təsiri minimuma endirəcək. Bu cür layihələr həm də xarici investorlarla əməkdaşlığı gücləndirir, yeni layihələrin reallaşmasına imkan yaradır.
Bu gün dünyadakı geosiyasi vəziyyət enerji təhlükəsizliyinin zəruriliyini, ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu təsdiqləyir. Azərbaycanda bu sahədə görülən işlər respublikamızın enerji siyasətinin əhəmiyyətini daha da artırır.
Azərbaycan qazının təchizat coğrafiyası genişlənməkdədir və əhatəsinə görə ölkəmiz bu gün dünya miqyasında qabaqcıl yerlərdən birini tutur. Yaxın vaxtlarda respublikamızdan təbii qaz idxal edən dövlətlərin sayı daha da artacaq.
Eyni zamanda ölkəmizdə 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. “Yaşıl enerji” mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan edilib.
Onu da qeyd edək ki, ötən illər ərzində ölkəmizdə enerji sistemi müasirləşdirilib. 2025-ci ildə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasının, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su elektrik stansiyalarının istismara verilməsi nəticəsində ölkəmizdə enerjisistemin qoyuluş gücü 15.6 faiz artıb. “8 Noyabr” Elektrik Stansiyası hesabına şərti yanacaq sərfiyyatının kəskin aşağı düşməsilə təbii qaza qənaət etmək imkanı yaranır. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq.
Daha çox təbii qaza qənaət etmək imkanı verən “yaşıl enerji” gündəliyi Azərbaycanı enerji təhlükəsizliyi baxımından daha cəlbedici edir. Təsadüfi deyil ki, Azərbaycanın “yaşıl enerji” gündəliyi qlobal səviyyədə təqdir olunur. Günəş və külək enerji stansiyalarına aid sərmayədarlarla imzalanmış müqavilələr isə 2030-cu ilə qədər 6 qiqavat günəş və külək enerjisi təmin etməyə imkan verəcək. İşğaldan azad olunmuş ərazilərin potensialı hesabına növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalını 2 dəfə artırmaq mümkün olacaq. Beləliklə, Azərbaycanın atdığı addımların nə dərəcədə düzgün olduğu bir daha təsdiqini tapır.
Cənab Prezident bəyan edib ki, növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu potensial, eyni zamanda investisiya və müsbət proqnozu olan reytinq səviyyəsində olması xarici invertorların Azərbaycana sərmayə yatırmaq marağını artırmaqdadır.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı