10 Yanvar 2026 08:00
375
SİYASƏT
A- A+
Güc, balans və milli maraq

Güc, balans və milli maraq


Hər yeni il strateji hədəflərə doğru aparan yolda böyük bir başlanğıcdır. Yolun uğuru isə onun davamını düzgün müəyyənləşdirməkdən, risk və imkanlarını real qiymətləndirməkdən, hədəfləri aydın görə bilməkdən asılıdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin və ümumilikdə regionumuzun gələcəyinin mükəmməl inkişafına yönələn aydın xətt kimi həm Azərbaycanda, həm də beynəlxalq ictimaiyyətdə böyük maraq doğurdu. 

Dövlət başçısının müsahibəsində xarici siyasət məsələləri ilə bağlı bölüşdüyü məqamlar son dərəcə mühüm əhəmiyyət kəsb edirdi. Cənab İlham Əliyev toxunduğu bütün digər məsələlər kimi, bu sahənin də ən xırda detallarına qədər izahını verdi, qlobal və regional proseslərin sistemli təhlilini apardı, nəticə etibarilə regionun gələcək mənzərəsini ictimaiyyətə açıq şəkildə təqdim etdi.

Bu müsahibənin əsas xüsusiyyəti Prezidentin həm informativ, həm də analitik mövqe ortaya qoymasıdır. İlham Əliyev Azərbaycanın gələcəyi ilə bağlı aydın baxışa və strateji yanaşmaya malikdir, dünyada baş verən prosesləri obyektiv qiymətləndirir, təcrübəyə əsaslanan düzgün proqnozlar verir. Belə yanaşma Azərbaycanın xarici siyasətində qətiyyətli, eyni zamanda balanslı xəttin formalaşmasına imkan yaradır.

Prezidentin mövqeyinə görə, xarici siyasət yalnız diplomatiya və danışıqlardan ibarət deyil. O həm də iqtisadiyyat, nəqliyyat, hərbi və təhlükəsizlik sahələrini əhatə edən çoxşaxəli strategiyanı əks etdirir. Bu isə Azərbaycanın regional və qlobal nüfuzunu artırır, beynəlxalq forumlarda və təşkilatlarda aktiv iştirakını təmin edir, ölkəmizin xarici siyasəti həm prinsipial, həm praktik xarakter daşıyır, ölkə yalnız reaktiv şəkildə hərəkət etmir, eyni zamanda beynəlxalq gündəmin formalaşmasına töhfə verir.

Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri məhz güc və məsuliyyət balansını qorumaqdır. Prezident bildirir ki, hərbi gücdən yalnız müdafiə və təhlükəsizliyin təminatı üçün istifadə olunur. Məlumdur ki, 2020-ci və 2023-cü illərdə regiondakı hərbi üstünlüyünə baxmayaraq, Azərbaycan öz gücünü yalnız strateji və diplomatik məqsədlər üçün tətbiq etdi. Prezident İlham Əliyev müsahibədə bu məsələ barədə dedi: "…Öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir. Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda məsuliyyətimiz göz önündədir". Belə bir mövqe isə həm regionda sabitliyin qorunmasına, həm də Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə xidmət göstərir.

Azərbaycanın xarici siyasət strategiyasında eyni zamanda çoxqütblülük və balans mühüm yer tutur. Həm ABŞ, həm Çin, həm də regional aktorlarla strateji əməkdaşlıq qurulur və inkişaf etdirilir. Bu münasibət Azərbaycanın regional və qlobal siyasətdə təsirli aktor kimi çıxış etməsinə imkan verir.

Prezident İlham Əliyev 2025-ci ilin ölkəmiz və xalqımız üçün uğurlu, tarixi bir il olduğunu xüsusi qeyd etdi: "Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu".


Azərbaycan-ABŞ münasibətləri 


Dövlət başçısının müsahibəsindəki ən önəmli məqamlardan biri də Azərbaycan-ABŞ münasibətlərinə aiddir. İki ölkə arasında münasibətlər Azərbaycanın müstəqillik qazandığı 1991-ci ildən etibarən daim xüsusi diqqət mərkəzində olub. Lakin bu münasibətlər uzun illər bir sıra ciddi problemlərlə də üzləşib. Həmin problemlərin simvolik nümunəsi 1992-ci ildə ABŞ Konqresində "Azadlığa Dəstək Aktı"na qəbul edilmiş 907-ci düzəlişdir. Bu düzəliş Azərbaycanın Ermənistanla münaqişəsi, xüsusilə Dağlıq Qarabağ müharibəsi fonunda Amerika Birləşmiş Ştatlarının ölkəmizə sanksiyalar tətbiq etməsinə səbəb olmuş və  gənc, müstəqil dövlətimiz üçün ciddi maneəyə çevrilmişdir. Ölkəmiz ABŞ kimi qlobal güclə münasibətlər qurmaq istəsə də, bu dövrdə beynəlxalq lobbiçilik və siyasi təsirlər nəticəsində tam potensialını reallaşdıra bilmirdi. Həmçinin erməni lobbisinin fəaliyyətləri ABŞ daxilində Azərbaycan üçün əlverişsiz qərarların verilməsinə gətirib çıxarmışdı. Xüsusilə Bayden administrasiyasının yol verdiyi ciddi yanlışlıqlar, qərəzli mövqe iki dövlət arasında münasibətləri böhran həddinə gətirmişdi. 

Amma artıq vəziyyət tamamilə dəyişib və Azərbaycan-ABŞ münasibətlərində ciddi yaxınlaşmalar var. Bunun əsas səbəblərindən biri Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatmasıdır. Münaqişənin bitməsi, bölgədə sabitliyin yaranması ABŞ-də Azərbaycanla genişmiqyaslı münasibətlərin inkişafına imkan yaradıb. Digər əsas faktor isə Prezident Donald Trampın administrasiyasının hakimiyyətə gəlməsidir. Bu administrasiya çox praqmatik və milli maraqları düzgün qiymətləndirən strukturdur və belə bir strukturun mövcudluğu ölkəmiz üçün regional güc və diplomatik nüfuzun artırılması baxımından böyük fürsətdir.

Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə Ağ Evdə 907-ci düzəlişin rəmzi olaraq aradan qaldırılması Azərbaycanın ABŞ ilə münasibətlərində yeni bir səhifə açdı. Prezident İlham Əliyev bu addımı simvolik, amma strateji əhəmiyyətli hadisə kimi qiymətləndirir. Rəmzi xarakterinə baxmayaraq, bu addım Azərbaycanın ABŞ-yə etibarlı tərəfdaş kimi çıxış etməsini təsdiqləyir və Konqres tərəfindən düzəlişin tam aradan qaldırılması üçün zəmin yaradır.

Bundan əlavə, Azərbaycan və ABŞ arasında strateji işçi qrupunun yaradılması münasibətlərin yalnız diplomatik sahədə deyil, həm də iqtisadi, nəqliyyat, hərbi-sənaye və sərmayə sahələrində inkişafını təmin edir. Bu qrupun əsas məqsədi strateji tərəfdaşlıq xartiyasının hazırlanmasıdır və artıq oktyabr ayından bəri müxtəlif rəsmi heyətlər bu istiqamətdə fəal iş aparmaqdadırlar. Qarşılıqlı sərmayə qoyuluşu, iqtisadi əməkdaşlıq və ticarət əlaqələrinin genişləndirilməsi Azərbaycan üçün xüsusi önəm daşıyır.

Zəngəzur dəhlizinin (TRIPP) açılmasına doğru atılan addımlar da ABŞ-Azərbaycan münasibətlərində strateji uğurdur. Bu, regional nəqliyyat və logistika infrastrukturunda tarixi addım kimi Amerika Birləşmiş Ştatları tərəfindən də dəstəklənən qlobal təşəbbüsdür.

Azərbaycan-ABŞ münasibətləri yalnız iqtisadi və nəqliyyat sahəsi ilə məhdudlaşmır, diplomatik və hərbi əməkdaşlıq da inkişaf edir. Prezident İlham Əliyev müsahibədə bildirdi ki, ölkəmiz tərəfindən oktyabr ayından bəri ABŞ-yə dörd yüksəksəviyyəli nümayəndə heyəti ezam edilmişdir. Bu heyətlər strateji tərəfdaşlıq xartiyasının hazırlanması, sərmayə qoyuluşu və münasibətlərin müxtəlif sahələrdə koordinasiyası üzrə müzakirələr aparmışlar. Bu addımlar da 2025-ci ili ABŞ ilə münasibətlərin inkişafı baxımından tarixi və uğurlu il kimi qiymətləndirməyə imkan verir.

D.Tramp administrasiyası ilə əməkdaşlıq eyni zamanda ABŞ Konqresinə təsir imkanlarını artırır. 907-ci düzəlişin formal səbəbi olan blokada artıq mövcud deyil. Əksinə, Azərbaycanın ərazisindən Ermənistana müxtəlif yüklər göndərilir, yollar açılıb və neft məhsulları ixrac olunur. Bu reallıq Konqres üzvlərini 907-ci düzəlişi tam aradan qaldırmağa sövq etməlidir. Prezidentin də vurğuladığı kimi, rəmzi addımların arxasında Azərbaycan üçün strateji əhəmiyyət daşıyan çox ciddi siyasi və iqtisadi maraqlar dayanır. Beləliklə, ABŞ ilə münasibətlərin yeni səviyyəyə qalxması ölkəmizin regional və qlobal siyasətdə güclü tərəf kimi çıxış etməsinə, iqtisadi və hərbi sahələrdə strateji əməkdaşlığın möhkəmlənməsinə, həmçinin tranzit və nəqliyyat layihələrinin reallaşmasına imkan verir. 


Çinlə strateji tərəfdaşlıq və D-8 təşkilatına üzvlük


Azərbaycanın xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələr də xüsusi yer tutur. Ötən il Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığa dair Birgə Bəyanat imzalandı. Bu bəyanat yalnız rəmzi sənəd deyil, o həm diplomatik, həm iqtisadi, həm də hərbi-texniki əməkdaşlıq üçün geniş imkan deməkdir. 

Məlumdur ki, Çin bu gün dünyada aparıcı qlobal aktorlardan hesab olunur. Bu baxımdan, Azərbaycanın Çinlə əməkdaşlığı yalnız ölkəmizin iqtisadi maraqlarını təmin etmir, strateji nüfuzunu da artırır. Birgə Bəyanat çərçivəsində diplomatik əlaqələrlə yanaşı, həmçinin biznes, investisiya, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq gücləndirilir. Bu, Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu fəallaşdırması, bərpaolunan enerji layihələrinin icrası və digər strateji layihələrin həyata keçirilməsi ilə əyani şəkildə təsdiqlənir.

Xüsusi diqqətçəkən sahələrdən biri enerji və "yaşıl texnologiyalar"dır. Müsahibədə bildirildi ki, artıq Çin şirkətləri Azərbaycanda günəş və külək-elektrik stansiyalarının tikintisinə başlamışlar. Eyni zamanda günəş panellərinin istehsalı üzrə müəssisələrin yaradılması və elektrik avtobuslarının istehsalı üzrə layihələr həyata keçirilir. Bu, ekoloji və iqtisadi layihə olmaqdan əlavə, eyni zamanda Azərbaycanın enerji müstəqilliyinin gücləndirilməsi və texnoloji inkişafının təzahürüdür.

Nəqliyyat sahəsində də Çinlə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Xəzər dənizinə və Mərkəzi Asiya ölkələrinə çıxışı təmin edən dəmir yollarının tikintisi və maliyyələşdirilməsi, Zəngəzur dəhlizi (TRIPP) boyunca yükdaşımaların artırılması Azərbaycanın regional nəqliyyat mərkəzi kimi rolunu gücləndirir. Prezidentin sözlərinə görə, bu marşrut yalnız Azərbaycan üçün deyil, həm də Çin və digər regional aktorlar üçün strateji əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiya ölkələrindən gələn yük axınları Zəngəzur dəhlizi (TRIPP) və Naxçıvan vasitəsilə Avropaya, Cənubi Qafqazdan isə Yaxın Şərq və Fars körfəzinə yönləndiriləcək. Bu, Azərbaycanın tranzit potensialını maksimum istifadə etməsinə imkan verir və iqtisadi mənfəəti artırır. 

Hərbi-texniki əməkdaşlıq da strateji tərəfdaşlığın vacib elementidir. Çinlə əldə olunan razılaşmalar çərçivəsində Azərbaycan yeni hərbi texnika və avadanlıqlar alır. Bundan əlavə, birgə müəssisələrin yaradılması üçün işlərə başlanmışdır. Belə əməkdaşlıq iqtisadi və texnoloji sahədə də fayda gətirir. "Əminəm ki, yaxın gələcəkdə həm yeni müqavilələrin, həm də artıq prosesdəki layihələrin həyata keçirilməsinin şahidi olacağıq", - deyə Azərbaycan Prezidenti bildirib.

Daha bir əhəmiyyətli addım Azərbaycanın D-8 təşkilatına üzvlüyüdür. Bu təşkilat 30 ilə yaxın fəaliyyəti ərzində sıralarına yeni üzv qəbul etməmişdi. Azərbaycanın bu quruma yeni üzv olması isə bir tərəfdən ölkəmizin qlobal nüfuzunu, beynəlxalq siyasətdəki əhəmiyyətli rolunu nümayiş etdirdi, digər tərəfdən Azərbaycanın üzvlüyü bu təşkilata həm iqtisadi, həm siyasi baxımdan yeni nəfəs gətirdi. D-8 üzvlərinin ümumi əhalisi 1 milyarddan çox, iqtisadiyyatı 4 trilyon dollardan artıqdır. Bu çərçivədə Azərbaycanın seçilməsi ölkəmizin regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir.

Azərbaycanın təşkilatda iştirakı praktik əhəmiyyət kəsb edir. Prezidentin xatırlatdığı kimi, təşkilatın media, iqlim, ekologiya, energetika və nəqliyyat sahələrində bir neçə mərkəzi Azərbaycanda yaradılıb. Bu, ölkəmizin beynəlxalq əməkdaşlıqda fəal rolunu və təşkilat daxilində strateji mövqeyini gücləndirir. Azərbaycan üzv ölkələrlə ikitərəfli və çoxtərəfli formatlarda fəal əməkdaşlıq aparır, layihələr həyata keçirir, regionda güclü iqtisadi və siyasi təsir göstərir.

Prezident İlham Əliyev inanır ki, Çinlə strateji tərəfdaşlıq və D-8 üzvlüyü Azərbaycan üçün uzunmüddətli perspektivdə həm iqtisadi, həm siyasi, həm də regional təhlükəsizlik baxımından mühüm rol oynayacaq. Bu yanaşma Azərbaycanın qlobal miqyasda təsirli aktor kimi çıxış etməsinə imkan yaradır, eyni zamanda regional əməkdaşlıq və inteqrasiyanın inkişafını təmin edir.

           

Təhlükəsizlik siyasəti: sülh üçün güclü olmalısan


Azərbaycanın xarici siyasətində hərbi güc və təhlükəsizlik prioritetləri xüsusi yer tutur. Prezident İlham Əliyev müsahibəsində vurğuladığı kimi, bugünkü beynəlxalq vəziyyət gücün, təhlükəsizliyin və strateji əməkdaşlığın önəmini daha da artırır. "Kim güclüdür, o da haqlıdır" tezisi sadəcə, fəlsəfi məqam deyil, regiondakı gerçək geosiyasi proseslərin təsdiqlədiyi reallığı əks etdirir.

Belə bir reallıq fonunda Azərbaycan hər zaman güclü və hazırlıqlı dövlət imicini qoruyur. Bu, yalnız müdafiə sahəsində deyil, regional diplomatiyada və beynəlxalq tədbirlərdə də Azərbaycanın mövqeyinin gücləndirilməsi üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan gücünü davamlı artırır, lakin bunu balanslı və məsuliyyətli şəkildə edir, hərbi güc yalnız qorunma və qarşılıqlı dayanıqlıq üçün istifadə olunur, ölkəmiz  hücum xarakterli siyasətdən kənarda durur. 

Türkiyə ilə hərbi müttəfiqlik Azərbaycanın strateji mövqeyini gücləndirir. İki ölkə bir-birinə hərbi yardım və texniki dəstək təmin edir, eyni zamanda birgə hərbi təlimlər keçirir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv ölkələr arasında birgə hərbi təlimlərin həyata keçirilməsi təşəbbüsündən də çıxış edir. Bu təşəbbüs həm rəmzi, həm də praktik əhəmiyyət daşıyır: üzv ölkələr arasında əməkdaşlığı gücləndirir, təcrübə mübadiləsini artırır və regional təhlükəsizliyə təminat yaradır.

Prezidentin vurğuladığı kimi, hərbi güc yalnız müdafiə məqsədi üçün vacib deyil, eyni zamanda diplomatik mövqeni də möhkəmləndirir. Azərbaycan öz gücünü regionda sabitliyin təmin olunması və münaqişələrin həllində konstruktiv rol oynamaq üçün istifadə edir. Hərbi gücün artırılması və müttəfiqlik siyasəti həm də beynəlxalq hüquq çərçivəsində həyata keçirilir. Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycanın hərbi addımları beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə sadiqlik əsasında aparılır. Heç bir ölkəyə qarşı təcavüz və işğal siyasəti mövcud deyil. Bu yanaşma Azərbaycanın regionda etibarlı tərəfdaş kimi qəbul edilməsinə səbəb olur.

Dövlət başçısı müsahibəsinin sonunda dedi: "Artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: sülh şəraitində yaşamaq nə deməkdir? Amma eyni zamanda yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var".

Bütün bu məqamlar Azərbaycanın xarici siyasətində son dərəcə məsuliyyətli və effektiv strategiyanın təzahürüdür. Bu siyasət ölkəmizin gücünün və diplomatik nüfuzunun artmasına xidmət edir, regional sabitliyin qorunmasına töhfə verir və beynəlxalq səviyyədə Azərbaycanın etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərbəst güləş üzrə Azərbaycan çempionatında növbəti medalçılar bəlli olub 

21:54
10 Yanvar

Şamaxıda zəlzələ olub  

19:55
10 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:59
10 Yanvar

Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib  

18:57
10 Yanvar

İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var  

15:49
10 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

13:59
10 Yanvar

Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

13:27
10 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun

13:25
10 Yanvar

Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

12:03
10 Yanvar

Tramp: İstəsələr də, istəməsələr də Qrenlandiya ilə bağlı nəsə edəcəyik

11:38
10 Yanvar

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:41
10 Yanvar

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb  

10:40
10 Yanvar

Tramp: Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir  

10:38
10 Yanvar

Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb

10:35
10 Yanvar

Tramp Venesuelaya məxsus növbəti neft tankerinin saxlanıldığını təsdiqləyib  

09:16
10 Yanvar

Bilmək istəyirəm

08:55
10 Yanvar

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

08:50
10 Yanvar

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

08:45
10 Yanvar

Ekoloji "təhlükəsizlik zonaları"

08:40
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!